Reyqanı heyrətləndirən, "yoldaş Gucci" ləqəbini alan SSRİ-nin birinci ledisi
29.04.2020 13:13 Fikirlər

Reyqanı heyrətləndirən, "yoldaş Gucci" ləqəbini alan SSRİ-nin birinci ledisi

"O, özünü "Alisa möcüzələr diyarında"kı kraliça kimi aparırdı. Oturduğu stuldan xoşu gəlmədi deyə, barmaqları ilə itələdi və KQB-dən olan mühafizəçilər dərhal yenisini gətirdilər. Gözlərimə inana bilmədim. Birinci ledilər, şahzadələr, kraliçalar görmüşəm, lakin heç biri bu cür davranmayıb. Raisaya çox sevdiyim qəhvəni və badam çayını təklif etdim. Çayı seçdi. Deyəsən, xoşuna gəlmişdi. Sonra mənə kommunizm haqqında mühazirə oxumağa başladı".

RAİSA VƏ NENSİ...

"MediaPost" xəbər verir ki, ABŞ-ın birinci xanımı Nensi Reyqan öz xatirələrində Raisa Qorbaçova (SSRİ-nin birinci prezidenti Mixail Qorbaçovunhəyat yoldaşı) ilə Cenevrədəki ilk görüşünü belə, təsvir edib. Həmin görüşdən sonrakı mətbuat konfransında Nensi Reyqan quru şəkildə hər şeyin yaxşı keçdiyini demişdi. Lakin üzündəki ifadə məmnunqalmadığını açıq şəkildə ortaya qoyurdu.

Reyqanı heyrətləndirən, yoldaş Gucci

Ertəsi gün birinci ledilər yenidən bir araya gəlir. Bu dəfə xanım Reyqan Sovet daimi missiyasını ziyarət edir. Binada qısa gəzintidən sonra Raisa ilə Nensi çay süfrəsinə otururlar. "Süfrədə əntiq, gözoxşayan samovar vardı. Yanında da peçenye, şokolad, bal və mürəbbə. Raisa Qorbaçova bunu rusların "tipik çay süfrəsi" adlandırmışdı", - deyə Nensi xatırlayır.

"O ÖZÜNÜ KİM HESAB EDİR?"

Bir gün sonra Nensi Reyqanın təşkil etdiyi şam yeməyində xanım Qorbaçova yenə diqqət mərkəzində olur. O, masanın müxtəlif tərəflərində oturanların söhbətlərinə qatılır, ev işləri və bu kimi xırdalıqlar haqqında danışırdı. Gecənin sonunda Qorbaçov cütlüyü gedəndən sonra Nensi Reyqan dözə bilməyərək soruşur: "Bu xanım özünü kim hesab edir?".

Reyqanı heyrətləndirən, yoldaş Gucci

ABŞ mediasının yazdığına görə, Raisa ilə Nensi yalnız 1992-ci ildə "sülh bağlaya" bilir. Həmin vaxt Qorbaçov da, Reyqan da böyük siyasətdən getmişdi.

Sonradan Reyqan Qorbaçovu həyat yoldaşı ilə birlikdə evinə dəvət edir. "Qorbaçov cütlüyü may ayında beş köməkçi ilə ilə birlikdə ABŞ-a yollandı. Reyqan Mixaili öz JEEP-ində gəzdirir, keçmiş liderlər və xanımları birlikdə hovuzda üzür, söhbət edirdilər", - deyə jurnalistlər xatırlayır.

SONUNCU BİRİNCİ LEDİ

1932-ci ildə Qərbi Sibirdə (Altay diyarında) dəmiryol mühəndisinin ailəsində anadan olan Raisa Maksimovna orta məktəbi qızıl medalla başa vurmuşdu. Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsindən də əla qiymətlərlə məzun olmuş, ardından da namizədlik dissertasiyası müdafiə etmişdi. Mixaillə də oxuduğu universitetdə tanış olmuşdu. M.Qorbaçov həmin illərdə sözügedən universitetinin hüquq fakültəsində təhsil alırdı.

Reyqanı heyrətləndirən, yoldaş Gucci

Qərbdə Raisaya savadlı sovet qadını kimi baxırdılar. 1987-ci ildə Britaniyanın "Woman's Own" jurnalı onu "İlin qadını" seçmişdi. 1991-ci ildə Raisaya "İlin ledisi" mükafatı təqdim olunmuşdu.

Öz vətənində isə Raisaya münasibət birmənalı deyildi. Yerlilər onu siyasətə müdaxilə etdiyi və ərinin yerinə qərarlar verdiyi üçün tənqid edirdilər.

Qorbaçovun köməkçisi Valeri Boldin öz kitabında yazır ki, bir dəfə Raisa Maksimovna ümumi mühafizədən başqa həm də daima yanında olacaq bir köməkçiyə ehtiyac duyur: "Belə birini tapmaq asan deyildi. Təklif olunanlar onun xoşuna gəlmirdi". Ümumiyyətlə, Raisaya kimisə bəyəndirmək müşkül məsələ idi. Bir çox aşpaz, qulluqçu, təmizlikçi onu məmnun edə bilməmişdi. Məsələn, Qorbaçov hələ baş katib seçilməzdən əvvəl bağ evində işləyənlər dəfələrlə yeniləri ilə əvəz olunmuşdu.

Raisa xidmətçiləri gənc və yaraşıqlı xanımlardan seçmirdi. Və yəqin ki, bunun üçün bir səbəbi vardı.

Reyqanı heyrətləndirən, yoldaş Gucci

BAHALI GEYİMLƏR VƏ ZİNƏT ƏŞYALARI

Sovet qadınları Raisanı təkcə siyasətə müdaxilə etdiyi üçün yox, həm də özlərinə onun geyimlərindən ala bilmədikləri üçün sevmirdilər. Birinci ledi zərif paltarlar və kostyumlar (yaxalı köynəklər, xəz paltolar) geyinirdi. Hətta ən rəsmi geyimlərinə belə, rəng qata bilirdi.

Raisanın axşam geyimləri də gözoxşayan idi. Məsələn, qızılı rəngli paltarı eyni rəngli ayaqqabı ilə geyinirdi.

Deyilənə görə, Qorbaçova geyim seçimində ancaq xarici markalara üstünlük verirmiş. Özü isə bunu inkar edir və yerli moda evindən geyindiyini deyirdi. Onlardan biri də "Kuznetskiy Most" moda evi idi.

Raisanın qarderobunu tez-tez yeniləməsi SSRİ vətəndaşlarına israfçılıq kimi görünürdü. Hamını bir sual maraqlandırırdı: birinci xanım bunları hansı pulla alır - həyat yoldaşının maaşı ilə, yoxsa dövlət hesabına.

İnsanlar danışırdı ki, Raisanın paltarlarına dövlət büdcəsindən milyonlar xərclənir. Bu söhbətlərə məhəl qoymayan birinci xanım gündə bir neçə dəfə geyim dəyişməyə davam edirdi.

Reyqanı heyrətləndirən, yoldaş Gucci

Qorbaçovanın bahalı zinət əşyalarından istifadə etməsi də xoş qarşılanmırdı. 90-cı illərdə Kremlin protokol xidmətinin rəhbəri olan Vladimir Şevçenkonun dediyinə görə, xarici səfərlər zamanı Qorbaçovun gündəlik xərci 37, Raisanın xərcləri isə 25 dollar idi: "Raisa Maksimovnanın nə "Dior"dan paltarı, nə də brilyantları vardı. Birinci xanım bijuteriyalar taxırdı. Məsələn, o dövrdəki ən bahalı boyunbağı otuz rubla başa gəlmişdi".

HƏM XANIM, HƏM KÖMƏKÇİ

Qorbaçova bütün xarici səfərlərdə ərini müşayiət edirdi. Sovet İttifaqında buna öyrəşməmişdilər. Ondan əvvəl katiblərin arvadları rəsmi qəbullarda belə, iştirak etmirdilər. Birinci xanımın vəzifələri ilk qadın kosmonavt Valentina Tereşkova tərəfindən icra edilirdi.

Raisa isə Mixail Qorbaçov üçün həyat yoldaşı ilə yanaşı, yaxın məsləhətçi və köməkçi idi. İngilis dilində sərbəst danışan Raisaqəbullarda həyat yoldaşına tərcüməçilik də edirdi.

Raisa dəb aləminə yaxşı bələd idi. Və bəzi məşhur dizaynerlərlə, o cümlədən İv Sen Loranla (Yves Saint Laurent), Pyer Kardinlə (Pierre Cardin) tanış idi. Onların dəvəti ilə birinci xanım Parisə özəl moda nümayişlərinə gedirdi. İnsanlar xanım Qorbaçovanı buna görə də tənqid edirdilər. Qərb mediasının yazdığına görə, bu səbəbdən ona"yoldaş Gucci" ləqəbi də verilmişdi.

Pyer Kardin xanım Qorbaçovanın yaxşı zövqünün olduğunu deyir, eyni zamanda ona daha parlaq tonlarda paltarlar geyinməyi məsləhət görürdü.

Reyqanı heyrətləndirən, yoldaş Gucci

Bir dəfə moda nümayişindən sonra o, Raisa Maksimovnaya bütün kolleksiyanı hədiyyə etmək istəmişdi. Lakin Raisa imtina etmişdi. Sonda dizayner onu bir kostyum və bir yüngül paltonu hədiyyə kimi qəbul etməyə razı sala bilmişdi.

"Bir dəfə onu fotoda mənə məxsus paltarda gördüm. Demək, onu bəyənmişdi", - deyə dizayner bildirmişdi.

Qorbaçov cütlüyü birlikdə Norveç, Finlandiya, ABŞ, İtaliya, İsveçrə, İngiltərəni ziyarət etmişdi. Rəsmi görüşlərdə onlara ənənəvi diplomatik suvenirlər hədiyyə edilirdi - Yaponiyada kimono, Britaniyada bahalı farfor, dünyanın müxtəlif ölkələrinin universitetlərinin fəxri mantiyaları və s.

İndira Qandi onlara insan boyunda bir kasa, İordaniya Kralı IHüseyn qəhvə dəsti, Yasir Arafat güldan, Peru Kommunist Partiyası gümüş şahmat hədiyyə etmişdi.

ƏN BAHALI HƏDİYYƏ

Qorbaçov ən bahalı hədiyyələrindən birini 1980-ci illərin sonlarında Ronald Reyqandan almışdı – “Pontiac Grand Prix” avtomobilini. Lakin Qorbaçov onu istifadə edə bilmədi. Mövcud qanunvericiliyə uyğun olaraq avtomobil dərhal muzeyə göndərildi.

İstefa verəndən sonra Qorbaçov və ailəsinin bəzi imtiyazları qalmışdı. Rublyovo-Uspenski şossesindəki bağ evi, xidməti avtomobil, bir mənzil, bir qulluqçu və Federal Mühafizə Xidmətindən bir neçə əməkdaş...

Qorbaçovun həyat yoldaşı artıq birinci xanım deyildi, lakin hələ də çoxları onun həyatına həsəd aparırdı.

Reyqanı heyrətləndirən, yoldaş Gucci

Hər şey 1999-cu ilin yayında kəskin şəkildə dəyişdi. Mətbuatda Raisa Qorbaçovanın leykoz olduğu barədə məlumatlar yayıldı. Keçmiş birinci ledi Almaniyada müalicə olunurdu. Onun səhhəti ilə bağlı xəbərləri hamı maraqla izləyirdi. Xəstəxanaya saysız-hesabsız məktublar gəlirdi. İnsanlar Raisa Qorbaçovaya tezliklə sağalmağı arzu edirdilər.

Bir dəfə Qorbaçov xəstəxana palatasına bir qəzet gətirir. Ön səhifədəki məqalə Raisaya həsr olunmuşdu. Yazınıgörən Raisa ağlayaraq "yəqin insanların məni başa düşmələri üçün belə ciddi xəstəliyə tutulub ölməli idim", deyir...

20 sentyabr 1999-cu ildə Raisa Qorbaçova vəfat edir. Onu dövlət xadimi kimi dəfn edirlər. Yas mərasiminə gələnlər arasında o vaxt baş nazir olan Vladimir Putin, həmçinin Naina Yeltsin, Almaniyanın keçmiş kansleri Helmut Kol, Rusiyanın keçmiş baş naziri Yevgeni Primakov, həmçinin digər tanınmış siyasətçilər və ictimai xadimlər vardı...

Tərcümə "MediaPost"a məxsusdur

Xəbərlər departamenti

Gündəm