Reytinq davasının budəfəki qurbanı Nərmindir
16.01.2020 15:51 Fikirlər

Reytinq davasının budəfəki qurbanı Nərmindir

Yəni öz marağını güdənlər gərgin vəziyyəti daha da gərginləşdirməkdən çəkinmirlər. Nərminin dəhşətli ölüm söhbəti səngiməmiş, anasının sözləri bayraq edilib yelləndirildikcə, bir himə bənd kütlə qəzəbini püskürməyə, daş-qalaq etməyə başlayıb.

Bu günlərdə yaxın bir qohumum dünyasını dəyişdi. Çox ani ölüm olmuşdu. Həkimlərin mübarizəsi, soyuq havada yaxınların, qohum-qonşunun həyətdə yığılıb çarəsiz halda düşündüyü, həyəcan keçirdiyi o gecə və ölüm anı təbii olaraq tez-tez yadıma düşür. Hər axşamüstü evdən çölə çıxdıqda, soyuq havada elə bil burnumda ölüm qoxusu dolaşır. O anı təkrar-təkrar yaşatmaqdan vaz keçmir. Bu əzabvericidir, ev deyil köçəsən, əşya deyil atasan, nəfəs aldığın havadır, hava... Soyuq, şaxtalı qış havası. Özü də ən çox sevdiyim hava, burnum soyuqdan donsa da, doya-doya ətrini ciyərlərimə çəkdiyim o təmiz qış havası.

Nərminin ailəsinin o kəndə qalmağı, həmin evdə yaşamağı onlara bu dəhşəti hər gün xatırladacaq, qəbullanmaqlarına və yaşamlarına normal qaydada davam etmələrinə mane olacaq. Bu ağlı başında olan hər kəsə məlumdur. Lakin Nərminin ölümündən sonra haya-küyə qapılıb vay-şivən salanlar bu gün də, anasını "fürsətdən istifadə edib ev istəyir" fikri ilə qınamaqda yarışa keçib. Nərminin qətli necə amansız idi isə, bu gün kütlədəki bu soyuqqanlılıq, fürsətdən istifadə edib zəhərini tökmək bəhanəsi də bir o qədər amansız və qəddar yanaşmadır. Qadının fikrini düzgün ifadə etməməsi fikrini səsləndirənlər də var. Hər bir halda bu dəhşətli qətldir. Ona görə də ailənin digər övladlarına psixoloji dəstək göstərilməli, ümumiyyətlə, ailə ilə peşəkar insanlar söhbət aparmalıdır. Bu olayın ağrısını, acısını bir az da olsa yüngülləşdirəcək nə lazımdırsa, edilməlidir.

“Ölənin ömrünə heyif, yerdə qalanlara nə var. Həyat hər bir şəkildə davam edir” – deyib anasını qınamaqdansa, bir az da öz mövqeyimizdən baxaq. Guya biz həmin ailədən artıq üzüldük, bir ömür bu hadisənin ağrısını yaşayıb üzüləcəyik?

Bu gün sabah Nərminin ölümü unudulacaq, varlığı və yoxluğu arasındakı soyuqluq bir az da buzlaşacaq. Əli internetə çatan, onu-bunu qınayan, daşlayan kinli, qəzəbli insanların dünya vecinə də olmayacaq. Hər kəsi öz problemi məşğul etdikcə, bəlkə heç xatırlatma edəcək bir cümlə də yazan olmayacaq.

O ailə hansı günlərdən keçəcək, valideynləri, ailədəki digər övladlar hansı travmanı yaşayıb daha nələr yaşamağa davam edəcək, heç kəsin bundan xəbəri olmayacaq. Bu gün danışırıq, sabah unudacağıq. Bu, təbii haldır, çünki insan unutqandır, o qədər unutqandır ki, unutqanlığını da unudur! Yeri gəlsə ölümlü olduğunu da unudur, hansı şəkildə ölə biləcəyini bilmədiyini də undur. Özünü o qədər önəmli hiss edir ki, bu kainatın daxilində əslində, bir heç olduğunun fərqinə belə varmır. Düzdür, biz bu yer üzündə bir-birimizin arasında bir sözümüzlə, bir toxunuşumuz, hətta ağlımızdan keçən fikirlər, emosiyalarımızla belə, böyük dəyişikliklərə səbəb ola bilirik. Lakin bu gücümüzü belə məqamda unudub qəzəb, qınaq, nifrəti bəsləyiriksə, bu böyüklüyümüz, gücümüz nəyə yarar?!

"MediaPost"

Xəbərlər departamenti

Gündəm