Rövnəq Abdullayev: “Artıq Sumqayıt qazla dairəvi təmin olunur”
24.04.2020 20:16 İqtisadiyyat

Rövnəq Abdullayev: “Artıq Sumqayıt qazla dairəvi təmin olunur”

“MediaPost” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev aprelin 24-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Abşeron rayonunun ərazisində Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılış mərasimində bildirib.

“Sumqayıt şəhərinin əhalisi Qaradağdan 12 düymlük 12 atmosfer təzyiqli xətlə qazla təmin olunurdu. Bir də ki, Sumqayıtın sənayesi üçün Qaradağ-Digah-Şimal DRES xəttindən 30 atmosferlik bir xətt çəkilmişdi. Bu xətt Sumqayıtın sənaye müəssisələrini və karbamid zavodunu qazla təchiz edir. Artan tələbat və Şimal DRES-ində artım Sumqayıtın təmin olunması üçün müəyyən problemlər yaradırdı. Sumqayıtda böyük sənaye klasterinin yaradılması üçün qaz imkanları məhdud idi, hətta qış vaxtlarında çatışmazlıq olurdu. Sizin göstərişinizlə 80 milyon manat vəsait ayrıldı və 60 kilometrlik yeni Ağdərə-Sumqayıt xətti çəkildi. Bu, imkan verdi ki, Sumqayıt-Abşeron klasterini dayanıqlı, yüksəktəzyiqli qazla təmin edək və hətta gələcəkdə Sumqayıtın inkişafı üçün də böyük imkanlar yaranacaq”, - SOCAR-ın prezidenti qeyd edib.

O bildirib ki, bu xətt çəkiləndə perspektivdə Yaşma Elektrik Stansiyası və metallurgiya kompleksi üçün də ayrılmalar qoyulub.

Onun sözlərinə görə, bu, imkan verəcək ki, inkişaf perspektivi təmin olunsun: “Tikinti işlərinə keçən ilin üçüncü kvartalında başlandı və Sizin göstərişinizlə vaxtından 2 dəfə tez - 6 ay müddətində başa çatdırıldı. Artıq deyə bilərik ki, Sumqayıt qazla dairəvi təmin olunur”.

Xəbərlər departamenti

Gündəm