Rusiya Azərbaycanla Ermənistan üçün sənəd hazırlayıb - İddianı ekspertlər şərh edir - <span>VİDEO</span>
25.05.2023 19:00 Təhlil Gündəm

Rusiya Azərbaycanla Ermənistan üçün sənəd hazırlayıb - İddianı ekspertlər şərh edir - VİDEO

Azərbaycan və Ermənistan liderləri mayın 25-də üçlü görüş formatında Rusiyada bir araya gəliblər. Avropa və Amerika Birləşmiş Ştatlarının moderatorluğu ilə baş tutan görüşlərin ardınca estafeti ələ alan rusiyalı lider Vladimir Putinə isə ümidlər heç də böyük deyil. Ukraynada həyata keçirdiyi ədalətsiz müharibənin məngənəsinə ilişib qalan, Putinin Qafqaza sülh gətirə bilməyəcəyi yönündə müxtəlif dairələrdə fikir birliyi hökm sürür. Bəs bu gün Moskvada baş tutacaq görüş bölgədə hansısa dəyişikliyə yol açacaqmı?

Mövzu ilə bağlı politoloq Mətin Məmmədli "MediaPost"a açıqlama verib:

Bu görüşün iki ölkə arasında postmünaqişə problemlərinin həlli istiqamətində ciddi bir dönüş yaradacağını ehtimal etmirəm. Rusiya niyə belə bir təşəbbüslə çıxış edib. Yeni görüş keçirməklə bağlı hesab edirəm ki, bu, son zamanlar Avropa İttifaqının, bütövlükdə Qərbin, yəni Birləşmiş Ştatlar da daxil olmaqla, Ermənistan Azərbaycan arasında aparılan danışıqlar prosesində təşəbbüsü ələ alması ilə bağlıdır. Yəni, bildiyimiz kimi, mayın əvvəllərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri dörd gün davam edən danışıqlar aparıblar. Daha sonra mayın 14-də Avropa İttifaqının təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri Brüsseldə görüş keçirib. Bu görüşlər nəticəsində sülh danışıqlarında müəyyƏN müsbət dinamika müşahidə olunur. O cümlədən Ermənistanın baş naziri və digər rəsmiləri Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduqlarını bildirirlər. Bütün bunlar danışıqlar prosesində müsbət dinamikadan xəbər verir.

Rusiya bu danışıqlar prosesindən kənarda qalmasından, yəni Rusiyanın iştirakı olmadan hər hansı bir ciddi razılaşmanın əldə olunmasından da müəyyən narahatlıq keçirir. Bu səbəbdən də özünün vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında  danışıqlar təşkil edir" - deyə o bildirib.

 

Xəbərlər departamenti

Gündəm