Rusiyada Ermənistanın sabiq deputatı saxlanılıb
22.11.2019 09:05

Rusiyada Ermənistanın sabiq deputatı saxlanılıb

Rusiyada Ermənistan parlamentinin sabiq deputatı Levon Sarkisyan saxlanılıb.

APA-nın “sputnik armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan polisi məlumat yayıb.

Bildirilib ki, sabiq deputat Rusiya və Ermənistan hüquq-mühafizə orqanları əməkdaşlarının birgə keçirdikləri əməliyyat nəticəsində Moskva ətrafında tutulub.

L. Sarkisyanın adı 11 il əvvəl Ermənistan Gömrük Xidmətinin sabiq rəhbəri Armen Avetisyanın malikanəsinə təşkil edilən hücumda hallanır.

L. Sarkisyana qarşı cinayət məcəlləsinin iki - quldurluq və cinayətkar qrup yaratmaq və ya cinayətkar qrupda iştirak etmək maddələri ilə ittiham irəli sürülüb və barəsində həbsli axtarış qərarı çıxarılıb.

Hazırda sabiq deputatın Rusiyadan Ermənistana ekstradisiyası müzakirə olunur.

Qeyd edək ki, bir neçə çağırış Ermənistan parlamentinin deputatı olan L. Sarkisyan sabiq prezident Serk Sarkisyana yaxınlığı ilə seçilib.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm