Rusiyanın hansısa hədəflərinin vurulmasına ABŞ QƏRAR VERİR? - Blinkenin fikirləri ilə bağlı İLGİNC AÇIQLAMA
"ABŞ göndərilən silahlardan Ukrayna sərhədləri xaricində istifadəni təşviq etmir, hədəf seçimini Kiyevin öhdəsinə buraxır". Bu barədə ABŞ Dövlət katibi Entoni Blinken deyib. O bildirib ki, hədəf seçimi ukraynalılarındır və ABŞ silah sistemlərinin Ukraynadan kənarda istifadəsini təşviq etmir.
Bəs görəsən, müharibədə Kiyevə hər cür dəstək verən ABŞ-ın hədəflərin vurulmasına qarışmaması ilə bağlı mövqeyi nə dərəcədə realdır?
Mövzunu "MediaPost"a şərh edən politoloq Tural İsmayılov bildirib ki, bütövlükdə NATO və ABŞ Ukraynaya hərbi məsələlərdə dəstək olur: "NATO komandanlarının Ukraynanın hərbi baxımdan hazırlaşdırılmasında, əməliyyat tədbirlərinin həyata keçirilməsində və eyni zamanda komando-qərərgah təlimlərinin aparılmasında böyük dəstəyi var.
Bu gün də NATO komandanlığı ilə Ukraynanın hərbi rəhbərliyi arasında əlaqələr qalır və məsləhətləşmələr aparılır. Ukraynanın həm siyasi, həm də hərbi rəhbərliyi Qərblə hansısa diskusiyaların, fikir mübadiləsinin aparıldığını inkar etmir. Kiyev açıq şəkildə etiraf edir ki, bu gün istər hərbi təlimlər baxımından, istərsə də, müdafiə sənayesi məhsullarının idxalı nöqteyi-nəzərindən Qərb və Ukrayna daim əlaqədədir. Buna görə də, sözügedən məsələnin ətrafında spekulyasiya yaratmaq olmaz. Ancaq Ukraynanın Rusiyaya qarşı döyüş əməliyyatlarında ABŞ-ın ordu rəhbərliyinin iştirakı ilə bağlı məsələ təbii ki, real görünmür və bu fikirlərində Blinken haqlıdır".
Politoloqun sözlərinə görə, Ukraynanın özü də kifayət qədər yaxşı hərbi təcrübəyə malik ölkədir: "Rusiya ilə savaşda Ukrayna müdafiə və müqavimət qabiliyyətinin nə qədər güclü olduğunu bir daha nümayiş etdirir. Ukraynanın bu barədə kifayət qədər ciddi uğurları mövcuddur. Belə olan təqdirdə Rusiyaya qarşı savaşın müxtəlif elementlərini Kiyev özü müstəqil şəkildə həyata keçirə bilər. Ona görə də, Blinkenin sözlərində müəyyən qədər həqiqət var. Yəni ABŞ hansısa formada Ukraynanı hərbi əməliyyatları necə keçirməklə bağlı təlimatlandırmır. Artıq Ukraynanın özünün hərbi addımlar atmaqla bağlı xeyli təcrübəsi var. Bu səbəbdən də belə xırda və incə detallarda ABŞ-ın iştirakı istisnadır".