Saatlarınızı qurmağı unutmayın
16.04.2020 20:28 Fikirlər

Saatlarınızı qurmağı unutmayın

Evdə qalmaqla koronavirusdan qoruna bilərik, bəs bizi narahat edən fikirlərdən necə?

Hə, onlarla başımız çoxdan bəladadır. Qaçaqaçlı həyat tərzimiz başımızı qatır və bizi çox bəlalara mübtəla olmaqdan qoruyurmuş. Elə fikirlər girdabında itib-batmaqdan da. Amma ümidsizliyə qapılmamaq lazımdır. Evdə aktivliyimizi qoruyaraq bədənimizin də, ruhumuzun da sağlamlığının keşiyində dayana bilərik.

Darıxan ürəyimiz deyil

Xüsusi karantin rejimi elan olunduqdan sonra kitab və film tövsiyə edənlərin sayı çoxalıb. Hər kəs baxdığından, bildiyindən danışmağa, məsləhət görməyə başlayıb. Burada zahiri məqsəd darıxmağa qalib gəlmək ola bilər, lakin əsl hədəf beynimizi məşğuliyyətsiz qoymamaqdır. Biz onu istədiyimiz istiqamətdə məşğul etməsək, o özünə bir məşğuliyyət tapır, həm də hökmən tapır. Onu istiqamətləndirmək lazımdır, yeri gəlsə, aldatmaq da olar. Bu bizim xeyirimizədir. Oxuduğumuz kitabları, baxdığımız filmləri müzakirə etmək, yaxud da fikirlərimizi bir dəftərə yazmaq yaxşı seçim ola bilər. Bu bizi keçmişin peşmanlığını yaşamaqdan, gələcəyin qayğısını çəkməkdən bir qədər uzaqlaşdırmaq üçün yaxşı vasitədir.

Dünya görüşümüzü zənginləşdirərkən başqaları ilə fikirlərimizi paylaşmaq həm də bir çox məqamlara fərqli bucaqdan baxmağa imkan yaradır. Çünki hamı eyni şeyə baxa bilsə də, eyni şeyi görməyə bilir. Həmfikir olduqlarımız eqomuzu oxşadığı halda, əks fikirlər düşünməyə vadar edir. Bu müzakirələrdə həmfikirlərimizlə rastlaşmağımız gözəl bir şans ola bilər. Biz onlarla gələcək fəaliyyətimizdə əməkdaşlıq edə, uğurlu bir komanda da yarada bilərik. Bundan faydalanmaq lazımdır.

Eyni zamanda öyrəndiklərimizi başqalarına danışaraq, müzakirə edərək yaddaşımızda daha yaxşı sabitləməyə nail oluruq. Bir sözlə, paylaşmaq gözəldir, biz birlikdə güclüyük.

Su da bir yerdə qalsa, qoxar

“Başlamaq bitirməyin yarısıdır”. Bu fikri gözümüzün önündə olacağı bir yerə sancaqlamaqda fayda var.

Fəaliyyətsizlik bizdə özünəinam hissini aşağı salan amillərdəndir. Həmçinin gündəlik nələrlə məşğul oluruqsa, bizi biz edən həmin vərdişlərdir. Bu iki fikri bilməyimiz və qəbullanmağımız bəs edir ki, düzgün istiqamətdə fəaliyyət planı hazırlayaraq hərəkətə keçək. Planlaşdırılmış hədəflər bizi fəaliyyətsizlikdən qoruyur. Ona doğru gedilən yolda rast gəldiyimiz əngəllərlə apardığımız mübarizə bizi gücləndirir. Geri dönüb baxdıqda “Mən bu... bu... bunları... etdim, filan çətinliklərə qalib gəldim” deməyimizə, öz-özümüzdən güc almağımıza səbəb olur. Bitib-tükənməyən, hər zaman bəslənə biləcəyimiz motivasiya selini özümüz yaratmış oluruq. Kim bilir, bəlkə də çoxdan yiyələnmək arzusunda olduğumuz bir vərdişə elə bu günlərdə sahiblənəcəyik.

Səhərlər zəngli saatın səsinə oyanmaq vaxtıdır

Həkimlərin də dediyi kimi yuxu saatını mühafizə etməklə immunitetimizi güclü saxlaya bilərik. Buna görə, yenə də sabah oyanmaq üçün saatını qur. Hədəfinə uyğun məşğul olacağın saatları dəqiqləşdir. Zövq alaraq yediyin səhər yeməyindən sonra işə gedirmiş kimi hazırlaş. Yenə güzgünün qarşısına keç, bu gün geyinəcəyin libası seç, saçlarınla oyna, ətirlən, aynadakı səni sev, hədəflərin istiqamətində addımlamaq üçün əlindən tutub çalışacağın güşəyə keç...

“Gecə hər zaman şəfəqdən daha qaranlıqdır və həyat eynidir. Çətin günlər keçəcək, hər şey daha yaxşı olacaq və günəş hər zamankından daha çox parlayacaq”. Ernest Heminquey

"MediaPost"

Xəbərlər departamenti

Gündəm