Sabahdan deputatlığa namizədin qeydə alınması üçün sənədlərin DSK-lara təqdim edilməsinə başlanır
20.12.2019 09:29 Daxili siyasət

Sabahdan deputatlığa namizədin qeydə alınması üçün sənədlərin DSK-lara təqdim edilməsinə başlanır

Sabahdan Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına (DSK)təqdim edilməsi prosesi başlayır.

Mediapost.az-ın məlumatına görə, Seçki Məcəlləsinin 58.1, 94.3.1-ci maddələrinə əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini DSK-ya təqdim etməlidir.

Gələn il fevralın 9-a təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar bu müddət 2019-cu il dekabrın 21-dən 2020-ci il yanvarın 10-u saat 18:00-dək olan dövrü əhatə edir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2019-cu il tarixli sərəncamı ilə Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-a təyin olunub.

Xəbərlər departamenti

Gündəm