Sahibkarlar pullarını bu sahəyə yatırsalar gəlirləri artacaq - Böhran dövründə qazanc yolu
28.04.2020 14:33 İqtisadiyyat

Sahibkarlar pullarını bu sahəyə yatırsalar gəlirləri artacaq - Böhran dövründə qazanc yolu

Bütün dünyanı cənginə almış koronavirus pandemiyası bir çox sahələrdə inkişafın qarşısını alıb. Əksər ölkələrdə gəlir gətirən sahələr dayanıb. Nəticədə də bütün dünyada iş adamları ciddi zərər görüblər. Hazırda sahibkarları düşündürən məsələ vəsaitlərini koronavirusdan necə qorumalı və hansı sahəyə yatırmalı ki, gəlir əldə etsin.

"İnvestAZ" investisiya şirkətinin direktor müavini Orxan Bağırov “MediaPost”a bildirib ki, hələ dünya iqtisadiyyatı bu böhran dövründə ən pis nəticəni görməyib: “Əsas böhran iki aydan sonra başlayacaq. Hazırda dünya iqtisadiyyatında tranzaksiyaların azalması, pandemiya ilə bağlı qoyulan qadağalarla əlaqəlidir. Amma qadağalar aradan qalxandan da sonra görəcəyik ki, həmin tranzaksiyaların məbləği artmır. Qiymətlər artmayanda insanların yanaşması dəyişəcək. Əgər tranzaksiya artrmırsa, paralel olaraq inflyasiya və qiymətlər də artmayacaq. Bu da iş adamlarında investisiya həvəsini öldürür. Ona görə, bütün dünyada əksər sahələrdə qiymətlərin düşməsini gözləyə bilərik. İndi tranzaksiyaların azalması pandemiya ilə əlaqələndirilir. İki aydan sonra da pandemiya ilə əlaqədar olacaq. Amma bu qadağalarla bağlı olmayacaq. İnsanların xərcləmək həvəsləri azalacaq. Misal olaraq, sərhədlər açılandan sonra heç kim İtaliyaya uçmaq istəməz. Uçuşlar olmayacağı təqdirdə, aviaşirkətlər işçilərinə maaş verə bilməyəcklər. Əməkhaqqı almayan insanlar başqa yerdən nəsə ala bilməyəcəklər. İndi hamı həyati vacib şeyləri almağa çalışır”.

Orxan Bağırovun sözlərinə görə, investisiya edən insan ilk növbədə məruz qalacağı riskləri ölçməlidir: "Belə risklərin ölçülməsi, qlobal risklərdən başlayır, daha sonra regional, ölkə, ondan sonra həmin ölkənin valyuta sektoru, daha sonra isə investisiya edilən həmin sahəyə diqqət yetiriməlidir. Çünki ola bilər ki, bir ölkədə bir sektor inkişaf etsin, digər sektor isə əksinə inkişafdan geri qalsın. Ona görə, konkret bir forma yoxdur ki, kimsə hansısa sahəyə investisiya etsə, tam sığortalanmış olsun".

İnvestisiya şirkətinin rəsmisinin sözlərinə görə, hazırda pul yatırmaq üçün ən yaxşı əmtəə qızıldır: "Çünki qızıl likviddir. Ola bilər ki, teorotik olaraq ABŞ dollarının dəyəri sıfır olsun. Amma qızılın dəyəri sıfır olmayacaq. Digər bir yatırım üçün sahə daşınmaz əmlak ola bilər. Əgər əmlak, bazar qiymətindən 40-50% aşağı satılarsa, o zaman həmin əmlakı almağa dəyər. Böhran dönəmində ən vacib məsələ nağd pula sahib olmaqdır. Çünki böhranda lazım olan şanslar özü gəlib nağd pulu tapacaq”.

Xəbərlər departamenti

Gündəm