Sahibkarların kreditlərə əlçatanlığı necədir?
MediaPost Azərbaycan Banklar Asosasiyasının “Kredit işi üzrə Ekspert Qrupu”nun eksperti Nicat Rəsulovun müsahibəsini təqdim edir:
Sahibkarların kreditlərə əlçatanlığı necədir?
Hazırda bank sektorunun kredit portfelinin həcmi 20 mlrd. manatın üzərindədir. Bu portfeldə biznes kreditlərinin payı 55%, yəni 11 mlrd. manat həddindədir. Bu isə bankların kreditləşmədə daha çox biznes kreditlərinə yer verdiyini göstərməkdədir. Son illərdə sahibkarların kredit cəlbi prosesində əhəmiyyətli irəlliləyişlər əldə edilmiş və cari dövrdə tələblərə cavab verən sahibkarların kreditləşməsi daha da sürətləndirilmiş, scoringlər vasitəsi ilə rəqəmsəl və məsafədən kreditləşmə imkanları yaradılmışdır. Lakin bəzi hallarda sahibkarın kreditləşməsi olduqca riskli olur və bu, bankların kredit siyasətinə və məsuliyyətli borclanma prinsiplərinə uyğun gəlmir. Nəzərə almaq lazımdır ki, banklar əksər hallarda onlara etibar edilən əmanətlər hesabına kreditləşməni həyata keçirirlər və bu vəsaiti yalnız sağlam kreditləşmə prinsipləri əsasında istifadə edə bilərlər. Keçmişdə və cari dövrdə də kreditləşmə zamanı riskləri düzgün qiymətləndirə bilməyən kredit təşkilatlarının üzləşdikləri çətinlikləri görə bilirik. Son bir il ərzində real sektorun maliyyələşməsindəki problemlərin dərindən təhlili aparılmış və mövcud məsələlərin həlli üzrə tədbirlər planları hazırlanmışdır. Hazırda bu tədbirlərin icrası prosesindəyik. Bununla yanaşı, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası çərçivəsində requlyatorla bir çox istiqamətdə birgə fəaliyyətimiz davam etməkdə, yeni proqramlar və tədbirlər planlı müəyyən edilməkdədir. Bütün bu tədbirlərin icrası ilə biz bank sektorundakı transformasiyanı tezliklə hiss etməyə başlayacağıq. Əlbəttə ki, bu dəyişikliklər sahibkarların da kreditləri daha rahatlıqla əldə etməsi üçün yeni imkanlar yaratmağa davam edəcəkdir.
Güzəştli kreditlərin verilməsi proseduru, kimlərə kreditlər verilir və proses nə dərəcə şəffafdır?
Azərbaycanda biznes kreditlərinin 8.9%-i dövlət xətti ilə verilən kreditlərin payına düşməkdədir. Sahibkarlar bu kreditləri cəlb etməzdən əvvəl prosedurlarla bir çox mənbədən tanış ola bilərlər. Bunların ilki, internet resurslarıdır. Bu vəsaitlərin əldə edilməsi üçün lazım olan bütün məlumatlar və kreditləşmə şərtləri müvafiq Fond və ya Agentliklər tərəfindən öz rəsmi internet səhifələrində bölüşülməkdədir. Digər mənbə isə həmin Fond və ya Agentliklər tərəfindən sahibkarlar üçün təşkil edilən maarifləndirmə xarakterli görüşlər, təlimlər və seminarlardır. Həmçinin müvəkkil kredit təşkilatlarının nümayəndələri üçün keçirilən seminarlar da bu prosedurların bank əməkdaşları üçün daha aydın olmasını və sahibkarların müvafiq suallarını daha rahatlıqla cavablandırmalarını təmin etməkdədir. Müvəkkil kredit təşkilatları bu kreditləri verən zaman, müvafiq Fond və ya Agentlik kreditləşmə prosesinə öz nəzarətini təmin edir və kredit əldə edən sahibkarın nəzərdə tutulan dövlət dəstəyi şərtlərinə uyğun gəlib -gəlmədiyini yoxlayır.
Kreditlər üzrə müraciətlərə baxılması proseduru və müddəti necədir? Bir çox müraciətlər niyə cavablandırılmır?
Hər bir bank üçün risklər gözlənilməklə kreditləşmə müddətinin minimuma salınması əsas hədəflərdən biridir. Sevindirici haldır ki, artıq online şəkildə müştərilərin kredit müraciətləri qəbul oluna, filiala yaxınlaşmadan hesabların açılması, kreditlərin rəsmiləşdirilməsi, istifadəsi prosesi digital kanallar üzərindən həyata keçirilir.
Ümumilikdə, kreditləşmə üçün tələb olunan məlumatların müştərilər tərəfindən vaxtında təmin edilməsi və bu məlumatların əlçatanlığı kreditləşmə prosesisinin müddətinə bilavasitə təsir edir. Təəssüflə bildirmək istərdim ki, hazırda mikro və KOB subyektlərinin maliyyə uçotu tələb olunan səviyyədə aparılmır. Banklar risk iştahasına uyğun olaraq, müştərinin müəyyən maliyyə və biznes məlumatlarını əldə etmək üçün, kifayət qədər resurs sərf etməli olurlar ki, bu da ümumi prosesin uzanmasına və kreditləşmənin maliyyətinin artmasına səbəb ola bilir.
Hesab edirəm ki, müştərilərin ödəmə qabiliyyətini müəyyən etmək üçün istifadə olunan məlumatların əldə edilməsi məqsədilə “dövlət orqanları” ilə inteqrasiyası üzrə atılmış və atılacaq addımlar kreditləşmə prosesinin müddətini daha da qısaldacaq və effektiv edəcəkdir.
Əlavə olaraq bildirmək istərdim ki, banklarda müştərilərin kredit müraciətlərini cavablandırılmaması halları mövcud deyildir. Belə ki, sektor üzrə rəqabətin güclü olması, bankların, hər bir müştəri müraciətinə həssas yanaşmasına zəmin yaradır. Bank tərəfindən qəbul edilmiş sifarişlər üzrə yekun qərar müştəri menecerləri tərəfindən müştəriyə bildirilir. Əlavə olaraq, qeyd edilən məsələ requlyator tərəfindən qəbul edilmiş “Banklarda kredit risklərinin idarə edilməsi qaydası” ilə də tənzilmənir. Belə ki, hər bir kredit üzrə müraciətərin reyestri aparılır və kreditdən verilməsindən imtina edildikdə, bank kredit üçün müraciət edən fiziki və ya hüquqi şəxsə onun sorğusu əsasında imtinanın səbəbləri göstərilməklə aydın şəkildə yazılı cavab verir.