Sarı sim - Gülnarə Rəfiq yazır
27.02.2020 08:10 Fikirlər

Sarı sim - Gülnarə Rəfiq yazır

Yaralıyam, dəymə, dəymə

Gülümün butasın əymə, əymə

Azərbaycan xalq mahnısından

Müasir insan informasiya okeanında aramla üzdükcə bəzən nəyin daha vacib, nəyinsə ikinci dərəcəli olması barədə düşünmək istəmir. O, bilmək, anlamaq, xəbərdar olmaq və ən əsası bütün bunlardan təsirlənmək istəyir. Əgər dünyanın ən vacib xəbəri sadə insanın qəlbinə toxunmursa, demək bu, o qədər də vacib sayıla bilməz. Dünyanı duyğu orqanları ilə fəth eləmiş insan üçün bəzən axıtdığı bir damcı göy yaşı haradasa məchul nöqtədə sel-su yerinə axan qandan daha qiymətli olur.

Bunu biz özümüz öyrənməmişik, belə öyrədiblər. Filmlər bu prinsiplə çəkilir, kitablar bu qaydada yazılır, şeir və mahnıları daha heç deməyək. Kitablara, xüsusilə də dərslik səviyyəsinə qaldırılmış nəşrlərə inanmamağa isə heç əsasımız yoxdu. Hamı da bilir ki, bütün dərsliklər mövcud dövrün ideologiyasına uyğun yazılır. Musiqisevər xalq olduğumuzdan musiqi tarixindən yazılan kitablara diqqət çevirək. Görək ki, dünya musiqisi korifeylərini bizə hansı simada tanıdırlar.

Dünya musiqi tarixinə ən əhlikef bəstəkar kimi daxil olmuş Feleks Mendelsonun qayğısız həyatı acından günorta duran, yazdıqlarını anlamayan cəmiyyət tərəfindən sıxışdırılan, çox vaxt tənha olmalı bəstəkar obrazına uyğun gəlmirdi. Varlı ailədə doğulmuşdu, musiqini qazanc xətrinə deyil, kefi üçün yazırdı, əsərləri ifa edilirdi, tanınırdı, sevilirdi. Dünya bu bəstəkarı işıq saçan “Sözsüz mahnılar” pyes məcmuəsi və skripka konserti ilə yadda saxladı. Bütün mənbələr onu alman bəstəkarı kimi təqdim edir və məsələyə istiot-duz əvəzi onun Vaqnerlə didişməsini ortaya atırdı. Axı bəstəkarın həyatında ona “yazıq Mendelson!” demək üçün bir əsas tapmaq lazım idi. Məsələnin dərinliyinə baş vuranda, məsələn, Vaqnerin Mendelsona ünvanlandığı açıq məktubu oxuyanda hər şey çox gözəl anlaşılır. Sən demə, Mendelson yəhudi imiş, Vaqner isə Hitlerdən əvvəl faşist ideyalarını ortaya atmış bəstəkar kimi yazırdı ki, o, yəni Mendelson almanlara alman musiqisini yazmağı öyrətməsin. Demək, həqiqi mənzərə tamam fərqli idi: varlı yəhudi, musiqi yazmaq istəyinin ardınca gedərək (musiqi dərsləri almaq üçün imkan lazımdı) bəstəkar adını qazanmışdı və orkestrin pulunu verib əsərlərini rahatca səsləndirirdi. Sonra nüfuzu Leypsiq musiqi məktəbinin başında duracaq qədər artaraq bütün dünyaya musiqi bəstəkarlığı və nəzəriyyəsini vermiş alman məktəbinə “bunu belə edin, şunu belə edin” qisimdə göstərişlər verirmiş. Üstəlik, bir qarşıdurma dəstəsi yaradaraq pulu yəhudi qədər çox sevə bilən mətbuatda ünvanına yönəldilmiş zərbələri dəf etməyi bacarırdı. Niyə dərsliklər məsələni bu rakursdan təqdim etmədi? Mendelson yəhudi bəstəkarı kimi təqdim edilsəydi, bu sadəcə, faşizm ideyalarının doğulması anı kimi yəhudilər və üstəgəl, kiçik bir dəstə adama təsir edəcəkdi. Amma məsələ incidilən, təqib edilən, cəmiyyətin təpki göstərdiyi alman bəstəkarı obrazına qədər böyüdülməli idi.

Sarı sim - Gülnarə Rəfiq yazır

Nümunə üçün daha bir sevilən bəstəkarı götürək: polyak bəstəkarı Şopenin əsərlərini sevməyən çətin ki, tapıla. O, ömrünü dünyanın musiqi mərkəzləri Vyanada, Parisdə yaşamaq və konsertlər verməklə keçirib. Aristokrat salonlarının qadınlarının onun həm musiqisi, həm də özüyçün ürəyi gedirdi. Qadın kimi incə, xəstəhal görkəmi nədənsə qadınları heç qaçırtmırdı, bəlkə də əksinə, cəlb edirdi. Onu köksünə sıxıb ovutmaq istəyən qadın dəstəsindən Şopen nədənsə kişi kostyumu geyinən, söyüş söyən, nəinki öz həyatını, hətta Şopenin də bütün qayğılarını dalına şələyib daşıya bilən yazıçı Jorj Sandı seçdi. Jorj Sand kitabı kitaba calayır və durmadan romanlar yazırdı ki, öz uşaqlarını və eləcə də Şopeni dolandıra bilsin. Ona qarşı bir etiraz olardısa kişi kimi qabağa atılıb hamının cavabını verirdi. Şopen isə qızdırmadan başı ayılanda fortepiano arxasına keçib dünyanın bu qədər sevdiyi həzin musiqi bəstələyirdi. Əgər Jorj Sand bir qədər geciksəydi onun ölməsi səhnələrini təsəvvüründə o qədər şişirdirdi ki, bəzən ürəyi gedirdi. Yağışlı bir gündə Jorj Sand evə gəlib Şopeni döşəmədə bayılmış vəziyyətdə tapır. Niyə yıxıldığını “Elə bildim ölmüsən, səni görməyəcəm” deyə izah edən Şopenin həmin gün yazdığı əsəri dünya “Yağış damcıları ilə prelüd” kimi tanıyır. Bununla belə siz bir dənə də musiqi dərsliyində Şopenin bu xasiyyəti barədə oxuya bilməzsiniz. Orada Şopen Polşa inqilabından təsirlənən, hiddətlənən və etiraz edən bəstəkar kimi görünür. Hətta “İnqilabi etüd”ünü yazması buna bariz nümunə kimi gətirilir. Bəs nədən kimsə soruşmadı ki, niyə Şopen Polşa inqilabında döyüşçü kimi olmasa da, heç olmasa ziyalı kimi iştirak etmədi, vətənə qayıtmadı, komfortlu həyatından əl çəkmədi? Heç kim deməz ki, Şopen bəyaz, ipək köynəyinin yaxasındakı və qolçaqlarındakı krujevalı qırçınlarını polyak inqilabının çirkabına batıra bilməzdi. Bu barədə hamı müdrikcəsinə susur, çünki Şopenin musiqisini çox sevir.

Sarı sim - Gülnarə Rəfiq yazır

Daha bir sevilən rus bəstəkarı Raxmaninovun həyatına nəzər salaq. Bolşevik inqilabı baş verən zaman rus zadəgan cəmiyyətində inqilabı qəbul etməyən və bu səbəbdən ölkədən gedənlərdən biri idi. Maddi cəhətdən nə Rusiyada, nə də yaşadığı başqa ölkələrdə ehtiyac duymayıb, çünki aktiv konsert həyatı vardı, dünya onun musiqisini və pianoçuluğunu da çox sevirdi. Bəlkə də bolşevik tulaları onun evinə hücum çəkib sevimli royalını pəncərədən bayıra tullamasaydı, heç ölkədən getməzdi də. Onun bioqrafları Raxmaninova bəraət qazandırmaq üçün yaradıcılığını yarıb keçən bir Vətən obrazını uydurmalı oldu. Yazdılar ki, hətta Amerikada özünə villa tikərkən evin qabağında bir yasəmən ağacı da əkdi ki, Rusiyanı xatırlatsın. Bu “Yasəmən əməliyyatı” eyniadlı romansı ilə yaxşıca təsdiqlənirdi. Onun mövzularında ucu-bucağı görünməyən Rusiya çöllərini görməyənlər nadan sayılırdı. Əslini isə bir neçə il əvvəl öyrəndik. Bəstəkarın həyat yoldaşı ölüm ayağında əsil həqiqəti danışaraq bir məktub qoymuşdu ki, onu yalnız 50 il sonra açmaq olardı. Bu yasəmən qoxulu məktubda deyilirdi ki, hələ I simfoniyasını yazdığı zaman bəstəkar stres keçirmişdi, çünki dinləyici bu əsəri qəbul etməmişdi. Vəziyyətini düzəltmək üçün psixoloqa müraciət etməli olur. Amma həkimin dərmanları, məsləhətləri deyil, onun qızı bəstəkarı bu durumdan 1-2 seansa çıxara bilir. Vurulduğundan qol-qanad açmış və artıq evli olan bəstəkar hər gün əlinə bir dəstə yasəmən alıb həkiminin evinə tələsirmiş. Həyat yoldaşı məsələni ört-basdır etmək məqsədilə Raxmaninovun vəziyyətinin çox ağır olduğunu deyirdi, çünki “seanslar” 2-3 ay sürdü. Bəstəkarın adına ləkə gələ bilərdi. Amma nəticədə kişini evinə qaytarmaq mümkün oldu. “Raxmaninov Amerikadakı villasının pəncərəsindən yasəmən çiçəklərinə baxıb nə düşünürdü?” deyə özümüzü incitməsək də olar. Bu əhvalatın yekununda bilin ki, o, keçmiş sevgilisini bir daha ölüm yatağında görə bilir. Bəstəkar son arzusu kimi ONU görmək istədiyindən həyat yoldaşı bu görüşü təşkil edir. Otağa girəndə onun da gözündə yaş damcıları parlayır və əlində bir dəstə yasəmən vardı...

Məşhurların həyatından kadrları çözələdikcə həqiqət, ya gözəl uydurmanın sərhədlərini bilmək istəsək həyatın rəngləri sönə bilər. İnsan üçün emosiyadan kənarda həyat yoxdur, ya da maraqsızdır. Hətta həqiqət də emosional təqdim edilməlidir, yoxsa ürəklərə yol tapmayacaq. Odur ki, xəbər xəttini izləyənlər də bilir, məntiqlə virus haqqında dəhşətli informasiyaların sonunda qəlblərə toxunacaq xəbərlər gəlməlidir. Görəsən, koronavirus onu mikroskop altında izləyən alimə göz vura bildimi?...

"MediaPost"

Xəbərlər departamenti

Gündəm