Saxta məlumatlar, oxucunun aldadılması: Günahkar kimdir? - ŞƏRH
21.01.2020 13:15 Fikirlər

Saxta məlumatlar, oxucunun aldadılması: Günahkar kimdir? - ŞƏRH

Mətbuatın ağrılı yerlərindən biri də bəzi media qurumlarının, xüsusilə internet saytların mütəmadi olaraq dezinformasiya yaymasıdır. Dezinformasiya fərdləri və cəmiyyətləri istiqamətləndirmək məqsədilə yanlış məlumat ötürmək və ya həqiqətləri gizlədərək yarımçıq bilgi verməkdir.

Yanlış informasiyalardan çox zaman reytinq toplamaq, oxucu sayını artırmaq üçün məqsədyönlü şəkildə istifadə edilir. Lakin həqiqəti əks etdirməyən məlumatlar, əksinə, həmin xəbər portalını nüfuzdan salır və oxucu itkisinə səbəb olur.

Mövzuyla bağlı “MediaPost”a açıqlama verən media eksperti, professor Qulu Məhərrəmli bildirib ki, özünə hörmət edən heç bir jurnalist, qəzet, sayt yalan, böhtan xarakterli məlumatları yaymaz:

Saxta məlumaltar, oxucunun aldadılması: Günahkar kimdir? - ŞƏRH

“Amma fəlakət burasındadır ki, bizim media mühitimiz son illərdə o qədər deformasiyaya uğrayıb ki, peşə etikasından uzaq düşüb. Əlbəttə ki, bu hamıya aid deyil. Yeni yaranan saytlar daha çox sosial şəbəkələrin təsiri altındadır. Burada məlumatları ayrı-ayrı fərdlər məqsədli şəkildə də tirajlayır. Necə ola bilər ki, bir jurnalist informasiyanı dəqiqləşdirmədən yaya bilər? Ona görə də, bunlar formalaşan keyfiyyətsiz medianın dırnaqarası fəaliyyətidir. İkinci bir məsələ ondan ibarətdir ki, məlumatların əksəriyyəti sosial şəbəkələrdən götürülür. Lakin sosial şəbəkələrdə yayılan informasiyaların heç də hamısı media üçün mötəbər mənbə ola bilməz. Ümumiyyətlə, belə platformalar media üçün mötəbər mənbə deyil. Yəni burada müxtəlif məlumatlar ola bilir. Və bunların əksəriyyəti məqsədli şəkildə yayılmış yalan yığınağıdır. Ona görə, peşəkar media və jurnalistika deyilən sistem mövcuddur ki, o cəmiyyətə yalnız doğruları versin. Hesab edirəm ki, bu cür məlumatların yayılması həm peşə etikasının pozulması, həm də peşəkarlığın aşağı düşməsidir. Bunların hamısı reytinqə, sarı mətbuata olan meyillə bağlıdır”.

Əməkdar jurnalist feyk (saxta) məlumatların bu qədər qol-qanad açmasında oxucuların günahlandırılmağı yanlış hesab edir:

“Yalan və məqsədli informasiya yayılırsa, bununla artıq başqa qurumlar mübarizə aparmalıdır. Cəmiyyətdə müəyyən təşviş, həyəcan yaradan xəbərlər davamlı olaraq yayılırsa, Daxili İşlər Nazirliyi, Baş prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti kimi səlahiyyətli orqanlar məşğul olmalıdır. Burada təbii ki savadlı, təcrübəli və vicdanlı redaktorların üzərinə də məsuliyyət düşür. Bununla mübarizənin ən yaxşı yolu peşəkarlıq və peşə etikasına hörmətdir. Bu məsələdə oxucunu günahlandırmazdım. Bu bir qazandır, nə atırsan onu da qaynadır. Ona görə, oxuculuq burada bir şey yoxdur. Auditoriyanın da əksəriyyəti keyfiyyətsiz, mütaliəsi və dünyagörüşü az olan insanlardır. Biz belə saxta məlumatlar yaymaqla oxucunun da keyfiyyətini aşağı salmışıq. Oxucu sadəcə, istehlakçıdır. Burada ən böyük günahkar media, qurumun rəhbəri və orada işləyən jurnalistlərdir. Qeyri-peşəkarlıq həmişə bu cür yalanların kütləviləşməsinə və tirajlanmasına gətirib çıxarır”.

“MediaPost”

Xəbərlər departamenti

Gündəm