Saxta qranit qazan-tava orqanizmdə xərçəng yarada bilərmi? – Həkimdən XƏBƏRDARLIQ
18.09.2023 15:50 Sosial

Saxta qranit qazan-tava orqanizmdə xərçəng yarada bilərmi? – Həkimdən XƏBƏRDARLIQ

Sosial şəbəkələrdə yayılan görüntülərdə sağlamlıq cəhətdən faydalı hesab olunan qranit qazan-tavaların saxta versiyalarının satıldığı görüntüləri yayılıb. Belə ki, videoda marketdən alınan qranit tavanın kənarına çəngəl keçirəndə həmin qranit materialın, əslində, yapışqanlı soyulabilən plastik örtük olduğu görünür. Hərdəfə istiyə məruz qaldıqca bu örtüyün əriyərək qabdakı yeməyə qarışması ilə bir çox xəstəliklər və zəhərlənmələr baş verə bilər.

Həkim Adil Qeybulla “MediaPost”a açıqlamasında saxta qab-qacaqların orqanizm üçün təhlükə saçdığını söyləyib:

alt text

“Qida məhsulları ilə təmasda olan, onların hazırlanması üçün istifadə olunan bütün vasitələr konkret texniki şərtlərlə hazırlanır ki, təhlükəsizlik parametrləri də burada əsas faktorlardan biridir. Bu baxımdan tefal qabların üzərindəki emallar orqanizm üçün tam təhlükəsiz olmalıdır, çünki bu, qida üçündür və orada orqanizm üçün təhlükəli qatqılar olsa, onlar orqanizmdə toplanaraq ciddi problemlərə yol açar. Maddədən asılı olaraq xərçəng törədən, dölə toksiki təsirli və s. kimi fəsadları ola bilər”.

O qeyd edib ki, texniki standartlara uyğun olmayan, kustar istehsalı, konkret firmaya aid olmayan müxtəlif növ məişət əşyalarını almaq məsləhət deyil:

“Məsələn, Fransa ətirləri nəyə görə belə keyfiyyətli sayılır və daha çox tələbatı var? Çünki onların hər birinin təkcə qoxusu deyil, həm də sağlamlıq üçün təhlükəsizlik parametrlərinə tam cavab verməsi yoxlanılır, tərkiblərində kanserogen maddələr olmur, farmakoloji testlərdən keçir. Bu baxımdan konkret adı olan, tanınmış firmaların məhsullarını almaq lazımdır ki, texniki standartlara uyğun gəlsin. Digər kustar üsulla hazırlanan və qida hazırlanması zamanı istifadə olunan, tərkibində müxtəlif qatqılar olan qab-qacaqların istifadəsi məqsədəuyğun hesab olunmur”.

Sevinc İbrahimzadə

Gündəm