Seçim günü
06.02.2020 15:23 Fikirlər

Seçim günü

Dünyanın ən əhəmiyyətli hadisələri insanın beynində baş verir.

Ən böyük günahlar da yalnız və yalnız beyində doğulur.

O. Uayld

İrəlidə seçim günü gəlir. Papağını qarşına qoyub özünün, uşaqlarının, nəslinin taleyilə bərabər xalqının gələcəyini seçəcəyin bir günlərdən biridir. Əlbəttə, bu gün də əvvəlki dəfələr kimi ola da bilər. Xalqım, gəl səninlə səmimi danışaq. Necə deyərlər, ucadan düşünək. Narahat olma, heç kim eşitməz. Bu dialoq (istərdim dialoq olsun, amma deyəsən, monoloq alınır) çox intim söhbətdir. Bunu bir mən biləcəyəm, bir də bu yazını oxuyanlar, vəssalam. Bir də ki, səni bizdən yaxşı kim tanıyır ki? Həqiqətdən ancaq axmaqlar inciyər.

Seçilənlərdən olmaq üçün çalışanların təlaşını görüb sakit qalmaq da olmur. Mənzilimizin qarşısında, bəzən yerdə, zibillikdə qalaqlanan reklam broşürlərinə də, sir-sifətini bəyənmədiyimiz namizədlərin səylərinə də qarşı mərhəmətli olmağımız lazımdır. Seçilmişlərdən olmaq böyük şərəfdir. Xalqım, sənin ki, seçilmişlərə münasibətin həmişə xüsusi olub. Əlçatmazlar qalsın bir yana, hətta vergili adamların qarşısında da baş əymisən. Ev-eşikdə bir əşya itdimi, Yaradanınla birbaşa söhbətdən qaçıb, necə deyərlər, simsiz “kanal”ı əldən buraxaraq baxıcıların yanına qaçmısan. Tanrıyla söhbətdən niyə belə qorxursan, bəlkə onun təkcə sənin qulağına pıçıldayacaq bir sözü var. Baxıcı da ağzına, beyninə gələni döşəyib sənin beyninə, taleyinə. Ona inanmısan deyə, onun seçiminin dalıyca getmisən: “Buna bax, o birinə baxma. Bunu sev, o birisini sevmə. Buna inan, o birinə yox”. Sən öz taleyini əlinə ala bilməyəcək qədər aciz deyilsən axı!

Öz aramızdı, qəlbinin ən dərin qatlarında eşələnsən arzular sırasında heç azadlıq, müstəqillik, millətin, bəşəriyyətin taleyi, bilmədiklərini öyrənmək ehtirası, nəhayət sehr yaratmaq qüdrətini istəməyi heç tapa bilərsən? Bir kasa bozbaş arzulamısan, ona da almısan. Necə deyərlər, niyyətin hara, mənzilin də ora. Uşaqlar böyüyəcək, evlənəcəklər də, oğul-uşaq sahibi də olacaqlar, maşının da, evin də, bağın da, ən son model telefonun da olacaq. Bəs sonra? Tostları kolleksiya eləmirəm, amma içib keflənmiş insanların etiraflarında çoxlu həqiqət gizlənir. Biz sevgi, dostluq, sədaqət, ailə və ən başlıcası valideynlərin sağlığına içirik. Ondan artığını arzulamağa gücümüz çatmır. El arasında deyirlər ki, 7 qadın əl-ələ tutub nəyisə arzulusa bu mütləq baş verəcək. Bəs gör biz nə qədərik! Hamımız əl-ələ versək sehrli dünyalar yaradarıq ki?! Yaradan insana əməlinə görə yox, niyyətinə görə verir. Niyyət partiyaların minimum, maksimum proqramından da güclü işləyən kiçicik arzudur. Sən müstəqil olmağı arzulamasan bu heç vaxt alınmayacaq. Dövlətinin güclü olmasını istəməsən gündə bir qoluzorlu səni tapdaq altına salacaq. Qarabağı vuruşaraq yox, sülh yoluyla almaq istəyirsən, olsun. Amma təki bunu istə, onda mütləq alınacaq.

Xalqlar var ki, körpəsi doğulan kimi qulağına “Sən seçilmiş xalqdansan” pıçıldayır. Bu uşaq da xalqına görə, kökünə görə fəxrlə böyüyür. Düzdür, onun seçimi qabaqcadan bəlli idi. Ona görə də seçimlər yumağında itib batmır, öz ipinin ucunu əlindən buraxmır. Biz isə imamların, peyğəmbərlərin adını körpənin qulağına 40-cı günündə öz adından əvvəl pıçıldayırıq. Məncə, uşaq əlçatmaz peyğəmbərlər, imamlardan əvvəl öz ata-babasıyla fəxr eləsə, daha inamlı böyüyər. Onsuz da sonra oxuyub öyrənəcək, yad allahlardan da, səhv tarixlərdən də xəbəri olacaq. Bu hamının arzusudur, ata-babalarına görə fəxr eləmək istəyir. Ola bilər, haradasa naqisliyin olub. Amma sənin nəvələrin də fəxrlə yaşamaq istəyir, başqa cür yox. Bəlkə bir az çalışasan? Axı nəvələrinin taleyi də əlindədir. Yadında olar, Dədə Qorqud dastanında da insan ad qazanmamış heç cür çağırılmazdı. Yaşayar, yeyər, artar-törəyər, amma adı olmazdı. Adı o insana verərdilər ki, iz qoyardı, ad çıxarardı. Yəni kim olacağını müəyyən eləyib seçim eləyərdi. Seçimsiz düşmənin olsun. Sən ki, adsız xalq olmaq istəməzsən?!

Xalqım, sən seçilmiş xalqlardan deyilsən, özümüzü aldatmayaq. Amma sən seçməyi bacaranlardan ola bilərsən. İrəlidə seçmək şansın var. Get, heç olmasa seçimini eləməyə özündə cəsarət tap. Sənin əvəzinə seçməyə heç kimə imkan vermə. Heç olmasa bu dəfə bütün dünyanı üstümüzə güldürmə!

"MediaPost"

Xəbərlər departamenti

Gündəm