"Sədərək" 15 günlük bağlanır? - AÇIQLAMA
24.02.2020 09:39 Cəmiyyət

"Sədərək" 15 günlük bağlanır? - AÇIQLAMA

“Sədərək” Ticarət Mərkəzinin 15 gün bağlanacağı ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

Bunu “MediaPost”a açıqlamasında ticarət mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim deyib.

“Koronavirusa görə "Sədərək" TM-in 15 gün bağlanaraq dezinfeksiya olunacağı ilə bağlı xəbərlər yayılıb. Belə bir şey yoxdur. Dövlətin aidiyyəti qurumları tərəfindən koronavirusa qarşı müxtəlif tədbirlər görülür. Biz özbaşımıza bazarı bağlaya bilmərik. Dövlət tərəfindən bu barədə göstəriş verilsə, hər kəs biləcək”, - deyə o söyləyib.

K.Qədim İran İslam Respublikasından "Sədərək" TM-ə satış üçün malların gətirilməsinin dayandırılması barədə məlumatlara da aydınlıq gətirib. O bildirib ki, sözügedən ölkəyə gediş-gəliş olmadığı üçün İrandan mal gətirən də yoxdur.

Xatırladaq ki, Azərbaycanın İranla həmsərhəd olan gömrük-keçid məntəqələrində sərnişinlərin gediş-gəlişi tam məhdudlaşdırılıb. Yalnız İranda olan Azərbaycan vətəndaşlarının və Azərbaycanda olan İran vətəndaşlarının öz ölkələrinə qayıtmasına icazə verilir.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm