“Səhər yeməyi təhlükəlidir” iddiasına ekspertdən münasibət
17.01.2020 14:44 Fikirlər

“Səhər yeməyi təhlükəlidir” iddiasına ekspertdən münasibət

"MediaPost" xəbər verir ki, ötən gün məşhur türkiyəli həkim Mehmet Özün səsləndirdiyi bu fikirlər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Hətta həkim Ender Saraç onun iddialarına münasibət bildirərək, bunun kökündən yanlış olduğunu qeyd edib.

Uzun illərdir həkimlərin səhər yeməyinin vacibliyi ilə bağlı səsləndirdikləri fikirləri alt-üst edən Mehmet Öz amerikalıların buna önəm vermədən də sağlıqlı olduqlarını əlavə edib.

Mövzu ilə bağlı “MediaPost”a açıqlama verən dietoloq Şəfa Yadigarova isə bildirib ki, ABŞ-da insanların əksəriyyəti artıq çəkidən və piylənmədən əziyyət çəkir: ““Fast” food kimi qidalar Amerikadan gəlib və insan sağlamlığına ciddi zərəri var. İkinci olaraq Mehmet Özün fikirlərinə etiraz etmirəm, hər kəsin öz düşüncə tərzi var. Lakin unutmaq olmaz ki, insan orqanizmi individualdır. Hər bir insana səhər yeməyi vacibdir. Səhər yemək yemədikdə insan halsız olur, onun iş keyfiyyəti də aşağı düşür. Elə adamlar var ki, səhər qidalanmır, onun əvəzində axşam çox yemək yeyir. Bu da insanda piylənməyə gətirib çıxarır”.

Dietoloq qeyd edib ki, bu cür təcrübəli həkim belə bir fikir səsləndirərkən əlində əsaslı dəlillər olmalıdır. O həmçinin hər il stereotiplərin dəyişdiyini vurğulayıb:

“Əvvəllər deyirdilər ki, filan xəstəliyin müalicəsi yoxdur, indi tamam başqa bir fikir səsləndirirlər. Əgər həmin həkim belə bir iddia irəli sürübsə, bu barədə uzun müddət araşdırma aparılmalıdır. Bir, iki, üç insanın üzərində aparılan təcrübədən söhbət getmir, uzunmüddətli araşdırma, müşahidələr nəticəsində əldə olunan məlumatlardan bəhs edilir. Ondan sonra demək olar ki, bu şey zərərlidir, ya yox. Həmin həkim əsaslandırmalıdır ki, nəyə görə, “səhər yeməyi faydalıdır” fikri yanlışdır? İnsan bütün işlərinə səhər durduqda başlayır. Axşam isə bədənimizin istirahəti üçün lazımdır. Bu səbəbdən də, səhər enerjimizi düzgün bölmək üçün doğru qidalanmaq vacibdir. İnsan bədənində rezervlər var. Biz düzgün qidalanmadıqda o rezervləri tükəndirmiş oluruq. Bundan sonra isə insanda müxtəlif xəstəliklər yaranır”.

Xəbərlər departamenti

Gündəm