Şəhid ailələri və müharibə əlillərinə yeni evlər verildi
05.11.2020 20:07 Cəmiyyət

Şəhid ailələri və müharibə əlillərinə yeni evlər verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Naftalan şəhərində tikilən 12 fərdi yaşayış evindən tikintisi başa çatdırılmış daha yeni 6 ev Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib.

"MediaPost" xəbər verir ki, evlərin təqdim edilməsi tədbirində nazirlik yanında Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Yaşar Məmmədov, Naftalan şəhər İcra Hakimiyyətinin başçısının müavini Arzu Məmmədov və digər məsul şəxslər  iştirak ediblər.

Tədbirdə möhtərəm cənab Prezident İlham Əliyevin həssas əhali qruplarına xüsusi qayğısından bəhs edilərək vurğulanıb ki, ölkəmizdə Qələbə sevincinin hökm sürdüyü, tariximizə yeni qəhrəmanlıq səhifəsi kimi yazılan bu günlərdə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə yeni fərdi evlərin verilməsi də bir həqiqəti əks etdirir: Vətən naminə döyüşlərdə şəhid olan insanların ailələri, bu döyüşlərdə sağlamlığını itirmiş vətəndaşlar daim cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin diqqətindədir və güclü dövlətimizin qayğısı ilə əhatə olunurlar.

Yeni fərdi yaşayış evləri ilə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri sosial təminatlarının mütəmadi olaraq artırılması istiqamətində həyata keçirilən tədbirlərdən razı qaldıqlarını qeyd ediblər. Onlar diqqət və qayğı ilə əhatə olunduqlarına, bu gün isə yeni yaşayış evləri ilə təmin edildiklərinə görə Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Xəbərlər şöbəsi

Gündəm