“Şəhid ailələrinə dövlət qayğısının göstərilməsi Azərbaycanın daxili siyasətində prioritetdir”
20.04.2020 10:50 Daxili siyasət

“Şəhid ailələrinə dövlət qayğısının göstərilməsi Azərbaycanın daxili siyasətində prioritetdir”

Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin bu gərgin və məsuliyyətli günlərdə xalqa çağırışında dediyi “Biz birlikdə güclüyük!” şüarı hər kəsin həyat tərzinə çevrilib.

Azərbaycanın yeni növ koronavirus (COVID-19) epidemiyası ilə mübarizə apardığı bu günlərdə ölkə rəhbərliyi tərəfindən xalqın sosial təminatı və sağlamlığı ön planda tutulur. Ölkə rəhbərliyinin pandemiyaya qarşı mübarizə çərçivəsində həyata keçirdiyi sistemli tədbirlər, az təminatlı ailələrə yardımların göstərilməsi, Azərbaycan Prezidentinin sərəncamı ilə ayrılan vəsait hesabına işsizlərə 190 manat birdəfəlik ödəmə verilməsi bir daha sübut edir ki, dövlətimiz xalqın sağlamlığını, təhlükəsizliyini, rahatlığını və rifahını daim ön planda tutur.

Dünyaya meydan oxuyan koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimini nəzərə alaraq Azərbaycan Ordusunda da bir çox tədbirlər həyata keçirilir. Bu çətin günlərdə hərbi qulluqçular xalqa dəstəyini əsirgəmir, “Biz sizin üçün xidmətdəyik, siz də bizim üçün evdə qalın! deyərək həm xidmətlərini davam etdirir, həm də aztəminatlı ailələrə ünvanlı yardımlar göstərirlər.

Şəhid ailələrinə, müharibə veteranlarına və əlillərə yardım paketləri paylanılır

Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlətimizin rəhbərliyi, eləcə də Müdafiə Nazirliyi tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi tədbirlər həyata keçirilir. Ordu rəhbərliyi ölkəmizin, eləcə də cəmiyyətin koronavirusla mübarizə apardığı bu günlərdə də şəhid ailələrini, ərazi bütövlüyümüz uğrunda şücaət göstərmiş müharibə veteranlarını unutmur, öz qayğısını onlardan əsirgəmirlər.

“Şəhid ailələrinə dövlət qayğısının göstərilməsi Azərbaycanın daxili siyasətində prioritetdir”

Müdafiə nazirinin göstərişinə əsasən, hərbi qulluqçular ailələrə növbəti dəfə ünvanlı yardım çatdırıblar. Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında qablaşdırılan zəruri ərzaq məhsulları şəhidlərimizin ailələrinə, müharibə veteranlarına və əlillərə təqdim olunub.

Yardım kompaniyasında iştirak edən zabitlərdən biri bu kateqoriyadan olan şəxslərin müəyyən edilərək onlara yardım edilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib: “Dünyada qlobal problemə çevrilmiş koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində Azərbaycan Ordusunda da sistemli tədbirlər həyata keçirilir. Müdafiə nazirinin əmri ilə xəstəliklərin profilaktikası və hərbi qulluqçuların sağlamlığının qorunub saxlanılması məqsədilə yoluxucu xəstəliklərə qarşı profilaktik və əks-epidemik tədbirlər görülür. Hərbi hissələrə normadan əlavə dərman preparatları, profilaktiki və dezinfeksiyaedici vasitələr, o cümlədən qoruyucu maskalar çatdırılıb və onların ehtiyatı mövcuddur. Şəxsi heyət arasında müvafiq maarifləndirmə işləri təşkil edilir və hərbi qulluqçuların gündəlik termometriyası aparılır. Müdafiə nazirinin növbəti əmri ilə ailələrə ünvanlı yardımlar çatdırılıb. Ümumiyyətlə, şəhid ailələrinə dövlət qayğısının göstərilməsi Azərbaycanın daxili siyasətində prioritetdir. Bu, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi-mənəvi yoldur. Hazırda bu siyasətin Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsi nəticəsində indiyə qədər bu istiqamətdə bir çox işlər görülüb. Bugünkü tədbirimiz də şəhid adınının əbədiləşdirilməsi, onların əziz xatirəsinin daim yad edilməsi istiqamətində görülən işlərdəndir. Çox qürurluyam ki, belə bir xeyirxah əməldə iştirakçıyam. Bir daha vurğulamaq istəyirəm ki, şəhidlərimizin xatirəsi bizim üçün hər zaman doğmadır, əzizdir və dəyərlidir”.

“Şəhid ailələrinə dövlət qayğısının göstərilməsi Azərbaycanın daxili siyasətində prioritetdir”

Ünvanlı yardım alan ailələr şəhid ailələrinə, əlillərə, veteranlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışaraq, ölkə rəhbərinə və Müdafiə nazirinə öz dərin minnətdarlıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, “Biz birlikdə güclüyük!” şüarı ilə səfərbər olan cəmiyyətimiz əzmkarlıq, iradə və fədakarlıq nümayiş etdirərək bu qlobal bəlanın da öhdəsindən şərəflə gələcək.

Şəhid valideynləri övladlarının şəhidliyindən qürurlanır, dövlətin onlara olan ehtiramından sevinirlər

Şəhid Müşfiq Orucovun atası Arif kişi minnətdarlığını bildirib:

“Bir şəhid atası kimi özümə fəxr bilirəm ki, oğlum torpaqlarımızın azadlığı, suverenliyi uğrunda şəhid olub. Dövlətimizdən çox razıyıq ki, biz şəhid ailələrinə həmişə qayğı göstərir. Sağolsun ölkə rəhbərliyi, Müdafiə naziri xüsusi karantin günlərində də bizi yaddan çıxarmır. Bu onun sübutudur ki, dövlətimiz hər bir vətəndaşının qayğısına qalır. Dövlətimizin qoyduğu tələbləri yerinə yetirərək, evdə qalmaq, özümüzün və yaxınlarımızın sağlamlığını qorumaq da biz vətəndaşların borcdur”.

Öz qəhrəmanlığı ilə şəhidlik zirvəsinə yüksələn Sarvan Mehralıyevin anası Xatirə ana da övladının şəhidliyindən qürurlanır. Dövlətin qayğısından razılığını bildirərək yardım payı üçün Müdafiə nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını çatdırıb: “Biz şəhid ailələrinə göstərilən qayğını biz daim öz üzərimizdə hiss edirik. Şəhid ailələrinə verilən mənzillərdən bizim ailəmiz də alıb. Buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Bu Vətən uğrunda canından keçən övladlarımıza, bizə olan böyük kömək və dayaqdır. Həmçinin Müdafiə naziri başda olmaqla övladımın silahdaşlarına da minnətdarlığımı bildirirəm ki, bizi ziyarət edərək, sovqat gətiriblər. Bu xeyirxah əməldə zəhməti keçən hər kəsə çox sağolun deyirəm. Sizin hər birinizə can sağlığı, şərəfli xidmətinizdə uğurlar arzulayıram. Onu da demək istəyirəm ki, virusla mübarizə ilə əlaqədar dövlətimizin qoyduğu qanunlara əməl edərək evdə qalır, sağlamlığımızı qoruyuruq”.

“Şəhid ailələrinə dövlət qayğısının göstərilməsi Azərbaycanın daxili siyasətində prioritetdir”

Ali dəyərlərimizdən olan xeyirxah əməllər davam etdirilir

Ünvanlı yardım alan digər müharibə veteranları, əlillər də göstərilən diqqət və qayğıya, xeyirxahlığa görə ən xoş arzularını söyləyiblər. Ölkə başçısından hər zaman razı qaldıqlarını deyən veteranlar belə bir təşəbbüs yerinə yetirdiyi üçün Müdafiə nazirliyinin rəhbərliyinə də xüsusi minnətdarlıqlarını bildiriblər. Ölkəmizdə aparılan uğurlu ordu quruculuğu siyasətinin nəticəsində son illər Azərbaycan Ordusunun güc və qüdrətinin dəfələrlə artdığına şahid olduqlarını vurğulayıblar: “Bu gün ordumuzun maddi-texniki bazası, təminatı o qədər güclüdür ki, xüsusi karantin rejimində həmin bazanın hesabına bizim kimi yüzlərlə ailəyə yardım aparırlar. Bu çox təqdirəlayiq və sevdirici haldır. Həm də, ölkə rəhbərliyinin, Müdafiə nazirinin veteranlara, müharibə əlillərinə, şəhid ailələrinə hərtərəfli diqqət və qayğısının bir daha təzahürüdür. Bu addım həm də ordu, xalq birliyinin təzahürüdür. Dövlətimizlə, ordumuzla hər birimiz qürur duyuruq”, - deyən veteranlar sağollarını çatdırıblar.

Qədimdən xalqımızı başqa millətlərdən fərqləndirən başlıca xüsusiyyətlərdən biri də nəcib adətlərimiz, xeyirxah əməllərimizdir. Müdafiə nazirinin göstərişi ilə həyata keçirilən bu yardım aksiyası da bu qəbildəndir və dövlətimizin şəhidlərin ruhuna bəslədiyi ehtiram və onların ailələrinə tükənməyən qayğısıdır. Hazırki xüsusi karantin rejimində ölkəmizdə geniş şəkildə aparılan belə xeyirxah işlər xalq birliyinin, həmrəyliyinin və dövlətinə inamının ifadəsidir.

Xəbərlər departamenti

Gündəm