“Səhnəyə ilk dəfə çıxan aktyor o demək deyil ki, səhnə üçün hazırdır” - Aktyordan TƏNQİD
Teatr - bənzərsiz və sehrli məkan, dünyanın kiçik bir guşəsində var olan əsrarəngiz planetdir. İlk baxışdan həmin o əsrarəngiz planetin sakini olmaq, obraz canlandırmaq, başqa birisinə çevrilmək bəzilərinə asan gəlir. Lakin tamaşadan sonra səhnə arxasına keçib aktyorların tökdüyü təri, çəkdiyi əziyyət və stressi görəndə işin təsəvvür ediləndən qat-qat ağır olduğunu anlayırsan.
Bəs aktyor hansı mərhələdən sonra səhnə üçün hazır hesab oluna bilər?
Mövzu ilə bağlı teatr və kino aktyoru Əmrah Dadaşov MediaPost-a açıqlama verib. Onun sözlərinə görə, aktyor səhnədə püxtələşir:
“İlk olaraq istedad, daha sonra təhsil və bununla yanaşı çalışqanlıq önəmlidir. İstedadı kəşf etdikdən sonra təhsilini alıb insan öz üzərində çalışmalıdır. Daim çalışmaq lazımdır. Səhnəyə ilk dəfə çıxan aktyor o demək deyil ki, səhnə üçün hazırdır. Səhnənin sirlərinə yiyələnmək lazımdır. Aktyor səhnədə püxtələşir. Birinci növbədə aktyor obrazı sevməlidir. Obrazı sevmək önəmlidir. Sevdinsə, o obrazı özündə hiss edib zamanla hazır vəziyyətdə olacaqsan”.