Selfi vurğunluğu: Avropanı da, Amerikanı da geridə qoyuruq
20.12.2019 08:50 Fikirlər

Selfi vurğunluğu: Avropanı da, Amerikanı da geridə qoyuruq

Selfi şəkil çəkdirmək son 5-6 ildə artıq bir qarşısı alınmaz trendə çevrilib. Yeni bir restorana gəldinsə, mütləq bir selfi çəkib sosial mediada paylaşmalısan. Həmin yeri də nişanlamalısan da, çünki dostların sənin məhz belə bir “möhtəşəm” məkanda olduğunu bilməlidir. Rəfiqənlə görüşdünsə, bir yerə qonaq getdinsə, teatr, kino, əyləncə və satış mərkəzində oldunsa, selfi çəkib paylaşmalısan. Özü də bu iki proses bir-birindən ayrıca mövcud ola bilməz. Sosial şəbəkədə paylaşılmayan selfinin heç bir əhəmiyyəti yoxdur. Dostlar çəkdirdiyin selfini görmürsə, onda bu şəkil tam mənasızlaşır.

Qadınlar selfi çəkdirməkdə kişiləri xeyli qabaqlayırlar

Günümüzə hakim kəsilən selfi ifadəsi ingilis dilində olan “selfie” sözündən yaranıb və dünyaya yayılıb. “Self”, yəni “özünü” mənasını verən bir kökə bağlıdır. Böyük mənada insanın öz avtoportretini çəkməsidir. Selfi əvvəllər də mövcud olub. Peşəkar fotoqrafların elə ilk işi öz-özünü çəkmək idi. Kameralar mükəmməlləşdikcə, fotoqrafın həm özünü, həm də başqaların çəkmək işi asanlaşdı. Məsələn, sovet dövründə çox populyar olan “Zenit” kameralarında 30 saniyə rejimi vardı. Fotoaparatı ştativə bərkidib bu müddətdə dostlara qoşulmaq və ümumi şəkil çəkdirmək olardı.

Selfi anlayışı ən ciddi populyarlığı məhz Facebook və Instagram sosial şəbəkələrinin gündəmə hakim olduğu dövrdə qazanır. Hətta 2012-ci ilin top “dəbli sözlər” sırasında yer alır. Bu ildən etibarən selfinin nə olduğunu demək olar dünyanın hər yerində anlayırlar. Nə qədər qəribə olsa da, məhz qadınlar selfi çəkdirməkdə kişiləri xeyli qabaqlayırlar. Bunu sosioloji sorğular da təsdiqləyir. Heç təsdiqləməsə belə, bu, açıq-aydın görünür.

Toylarda öz-özünü çəkən xanımlara tez-tez rast gəlirik

İstənilən qadın şəkil çəkdirməyə və sosial mediada onu paylaşmağa daha meyillidir. Səbəbi də aydındır. Gözəl görünmək istəyi və kənardan tərif eşitmək həvəsi qadınlarda daha güclüdür. Qadınlar geyim almağa, bərbərxanada saç düzümü, manikür və pedikürə, həmçinin digər prosedurlara olduqca böyük zaman sərf edirlər. Bəs bu gözəlliyə heç kim qiymət verməsə, mənası nədir? Bu səbəbdən elə ilk olaraq birgə foto və selfilər çəkilir, sosial mediada paylaşılır, daha sonra isə “layk” və tərif gözləmək mərhələsi gəlir.

Selfiyə meyilli insanların bir çoxunda “narsisizm”, yəni özünə vurğunluq sindromu var. Kimsə dostlarla selfi çəkdirir, kimsə də tək-tənha selfilər paylaşır. Toylarda öz-özünü çəkən xanımlara tez-tez rast gəlirik. Selfi çəkdirməyin digər psixoloji tərəfi də var. Bəzən insan məşhur və özündən sosial statusu daha yüksək olan birisi ilə selfi çəkdirməklə özünə güvən hissini artırmaq istəyir. Belə insanlarla fotonu paylaşaraq ətrafdakılara sanki bir siqnal yollayır. Özünə əminlik hissinin artmasına xidmət edən bu növ fəaliyyət bəzən müsbət nəticə də verir. Kimsə karyera pilləsində yer tutur, kimsə imkanlı şəxslə ailə həyatı qurur, kimsə də yeni tanışlıq qazanır.

Belə qadın daha çox varlı qadın axtarışında olan fırıldaqçının qurbanına çevrilir

Belə paylaşımların mənfi tərəfi də olur. Bəzən imkanlı biznes xanımlar sanki cəmiyyətdə tutduqları mövqeni unudub dalbadal gəzdikləri məkanlardakı selfi və tənhalığı əks etdirən fotolar paylaşırlar. Uğurlu olmağına uğurludur, amma gözəl və tənhadır, bir növ kişilərə dəvət kimi görünür. Reallıqda isə belə qadın daha çox varlı qadın axtarışında olan fırıldaqçının qurbanına çevrilir. Xanımın özünə vurğunluğundan məharətlə yararlanan alfonslar belə tanışlıqdan maksimum dərəcədə gəlir əldə etməyə müvəffəq olurlar.

Psixoloqlar gündə 3 və daha artıq selfi çəkdirib paylaşan insanlarda oturuşmuş asılılığın olduğunu bildirirlər. Yəni belə bir halla qarşılaşdıqda, mütləq və mütləq nəyisə dəyişməyə, mütəxəssisə müraciət etməyə dəyər.

Biri üçün asılılıq kimi görünən məsələ isə biznes aləmi üçün bir tapıntıdır. Smartfon istehsalçıları və selfi çəkilişi üçün istifadə olunan avadanlığın satışı texnoloji şirkətlərə milyardlarla gəlir gətirir.

Azərbaycanda da selfi vurğunluğu heç də dünya trendlərindən geri qalmır. Buna bənzər məsələlərdə biz Avropanı da, Amerikanı da geridə qoyuruq. Kimisə varlandırıb özümüzdən kəsirik. Təzə geyim, bahalı saç düzümü, super gücə malik smartfona xeyli vəsait sərf edib selfi çəkdiririk. Fotonu da şəbəkədə paylaşıb rahatlıq tapırıq.

Qazanan qazanır, itirən isə biz oluruq.

Xəbərlər departamenti

Gündəm