Sensasiyalı "Türkiyənin məhvi planı" iddiası  - ŞƏRH
13.02.2020 11:19 Fikirlər

Sensasiyalı "Türkiyənin məhvi planı" iddiası - ŞƏRH

Pərinçək iddia edir ki, ABŞ Türkiyəyə Səddam Hüseynə tətbiq etdiyi ssenarini hazırlayıb və Rəcəp Tayyib Ərdoğanı tələyə salmağa çalışır.

Siyasətçinin söylədiyi kimi olarsa, regionu hansı vəziyyət gözləyə bilər? Onun bu iddiasına nə qədər güvənmək olar?

Mövzu ilə bağlı "MediaPost"a açıqlama verən politoloq Əziz Əlibəyli Pərinçəkin bu iddiasının yanlış olduğunu düşünür:

Sensasiyalı Türkiyənin məhvi planı

"Doğu Pərinçəkin açıqlaması ilə tanışam. Əvvəla geostrateji baxımdan İraqla Türkiyə fərqli bir dövlətdir. Türkiyəni heç vaxt İraq kimi edə bilməzlər. İraq dağılmaqla ətraf bölgələrdəki maraqları təmin etdi. Amma Türkiyə məhv olarsa, orada yeri doldurulmayacaq boşluq əmələ gələr. Bu boşluqda İran, Rusiya, Çin güclənə bilər. Bu zaman İsrail, Səudiyyə Ərəbistanı təhlükə altında qalar. Çünki siz artıq buradan Türkiyə kimi bir gücü çıxarmış olursunuz. Ona görə də, Türkiyəni dağıtmaq yox, qorumaq lazımdır. Əslində, bütün regional amma qlobal təsir imkanına malik olan ölkələr bir deyil, hamısı iki-iki formalaşdırılır və istiqamətləndirilir, bir-birinə qarşı qoyulur. Məsələn, Hindistanla Pakistana diqqət yetirək. Eyni tarixdən gəlmələri və qonşu olmalarına baxmayaraq, düşməndirlər. Çünki dünya idarəetməsində hər ikisinin mövcudluğu beynəlxalq münasibətləri də tarazlaşdırır. Məsələn, o bölgədə İsrailin qarşısında vahid ərəb dünyası var idi. Amma sonrakı dönəmdə islam aləminin bir neçə dövlətləri başqa qüvvələr tərəfindən inşa edildi və burada nüfuz dairələri formalaşdırıldı. Bir tərəfdə Səudiyyə Ərəbistanı, bir tərəfdə Türkiyə, digər yanda İran faktı. Bunlar bir-birinin arasında bölgə nisbətini formalaşdırmağa başladılar. Belə olan halda İsrailin də düşmənləri zəifləyir və o, öz siyasətini rahatlıqla yeridə bilir. Buna görə də mən Perinçəkin Türkiyəni İraqın sonuna bənzətməsi ilə razı deyiləm. Amma onun fikirlərində bəzi nüanslar var idi. Məsələn, ABŞ və onun müttəfiqləri İraqda dəstəklədikləri YPG və ya Aralıq dənizi boyunca Yunanıstan, yaxud Misirdə baş verənlər Türkiyəyə qarşı yaradılmış proseslərdir. Qərb koalisiyası Türkiyəni məcbur etməyə çalışır ki, Aralıq dənizi, Kipr hövzəsində mövcud olan neft-qaz ehtiyatlarından Türkiyə öz əlini çəksin. Yəni burada belə problemlər mövcuddur".

Sensasiyalı Türkiyənin məhvi planı

Politoloq bildirib ki, İdlib problemi ilə bağlı Birləşmiş Ştatların yanaşması tamamilə fərqlidir. "İdlib müxalifətin və anti-Əsəd qüvvələrinin son qalasıdır. İdlib rejim qüvvələri, İran və Rusiya tərəfindən ələ keçirilərsə, məsələ Əsədin lehinə həll olar. Digər bir məsələ, İdlib həmçinin Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu və türk əsgərləri üçün ən böyük qaladır. Üçüncü məsələ, İdlibdə 5 milyon mülki əhali yaşayır. Onların buranı tərk etməsi Türkiyəyə əlavə 5 milyon qaçqının gəlməsi deməkdir. Sonuncu olaraq isə Soçi müqaviləsi ilə bağlı olan nüansdır. Müqaviləyə əsasən, Rusiya və Türkiyə arasında razılıq əldə olundu ki, həmin bölgələr Türkiyənin nəzarətinə keçməli, lakin terrorçular Rusiya və Əsəd qüvvələrindən uzaqlaşdırılmalıdır. İndi Rusiya və Suriya əsas gətirir ki, Türkiyə həmin bölgəyə nəzarət edə bilmir, rus qoşunları zərər çəkir. Ona görə də, bu yerlərdən Türkiyəni uzaqlaşdırmağa çalışırlar".

"MediaPost"

Xəbərlər departamenti

Gündəm