Sərhədçilərə koronavirusla bağlı tapşırıq verildi
24.02.2020 09:35 Hərbi

Sərhədçilərə koronavirusla bağlı tapşırıq verildi

Türkiyə, Əfqanıstan, Pakistan və Gürcüstan da daxil olmaqla bir sıra ölkələr İranla sərhədini bağlayıb, uçuşları dayandırıb. Hətta Azərbaycan Biləsuvar və Astara sərhəd-keçid məntəqələrində iş rejimini gücləndirib, dezinfeksiya işləri aparıb və gediş-gəlişi məhdudlaşdırb.

Bəs Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsini təmin edən Dövlət Sərhəd Xidmətinin işçiləri koronavirusdan necə qorunurlar? Bunun üçün hansı profilaktik tədbirlər görülüb?

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “MediaPost”a verilən məlumata görə, koronavirusu ilə bağlı sərhədçilərə müəyyən tapşırıqlar verilib:

“Yanvarın 28-də keçirilən müşavirədə bununla bağlı tapşırıqlar verilib. Bütün istiqamətlərdə ümumi tədbirlər görülüb. Hazırda bizə sərhədçilərin həyatı təhlükəsi ilə bağlı məlumat daxil olmayıb”.

Qeyd edək ki, yanvarın 28-də Prezident İlham Əliyevin tapşırığına əsasən, Nazirlər Kabinetində Çin Xalq Respublikasının Uhan şəhərində yayılmış və dünyanın başqa regionlarında da qeydə alınmış koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün müşavirə keçirilib.

Xatırladaq ki, son məlumata görə, koronavirus epidemiyasından ölənlərin sayı 2 500-ü ötüb. Dünyada yoluxanların sayı isə 77 000-dən çoxdur.

Azadə Yolçu

Xəbərlər departamenti

Gündəm