Səudiyyənin ən zəngin və ən demokratik hökmdarı
25.11.2019 07:38 Fikirlər

Səudiyyənin ən zəngin və ən demokratik hökmdarı

Onun 30 arvadı, 35 övladı vardı. Onların istirahəti üçün Maldivdə bir neçə ada və ya bütün otel icarəyə götürürdü. Şəxsi istəyilə Ər-Riyadda qızıl lövhələrlə bəzədilmiş metro stansiyası inşa edilmişdi. Dünyanın ən müxtəlif yerlərində sarayları, ikimərtəbəli təyyarəsi və göyərtəsində gözəllik salonları, spa-mərkəzləri olan nəhəng yaxtaları vardı. Bütün bu gözqamaşdıran dəbdəbə və sərvətin sahibi Səudiyyə Ərəbistanının keçmiş kralı Abdullah bin Əbdüləziz Əl Səud idi.

O, həm də Səudiyyə Ərəbistanının ən demokratik kralı hesab olunurdu. 2015-ci ildə - ölümünə az qalmış "Forbes" onu dünyanın ən zəngin adamlarından biri kimi dəyərləndirmiş və sərvətinin onmilyardlarla dollar olduğunu bildirmişdi. Ondan iki il əvvəl kralın 18 milyardlıq sərvətə sahib olduğu açıqlanmışdı. Müşahidəçilər isə kralın gerçək sərvətinin daha böyük olduğunu deyirdilər.

KRAL AİLƏSİ ÜÇÜN QAPADILAN OTELLƏR

Kral sahib olduğu pulları xərcləməyi də bacarırdı. Məsələn, səyahətə ailə-uşaqla birlikdə çıxanda bütöv bir otel ailənin ixtiyarına verilirdi. Üstəlik, xanımlarının hər biri istirahətə öz stilistləri, saç-makiyaj ustaları, qulluqçuları və təhlükəsizlik işçiləri ilə birlikdə gəlirdi. Yeri gəlmişkən, səyahət və istirahət zamanı monarxın özünü yüzdən çox cangüdən qoruyurdu.

Kralın xanımları arasında Mərakeş, Fələstin, Suriya əsillilər də vardı. Şəriət qanunlarına uyğun olaraq o, bir evdə dörddən artıq qadın saxlamırdı. Hər dəfə saraya yeni xanım gələndə kral ondan əvvəlki ilə boşanmalı olurdu. Lakin boşandığı xanımların hamısı ilə isti münasibətləri davam etdirirdi.

Övladlarını da diqqətdən kənarda saxlamır, 15 oğlu və 20 qızının hər biri dəbdəbə içində yaşayırdı. 90 il ömür sürən kral sonuncu dəfə 79 yaşında ata olmuş və Bədr adlı oğlu dünyaya gəlmişdi.

Kral boş vaxtlarını dövlət işlərinə, ovçuluğa həsr edir, dəvə yarışlarını çox sevir, damazlıq atlar yetişdirirdi. Onun ümumilikdə mindən çox atı vardı.

Səudiyyənin ən zəngin və ən demokratik hökmdarı

LÜKS YAXTALAR, GÜLLƏKEÇİRMƏZ MAŞINLAR

Abdullah bin Əbdüləziz dünyanın ən böyük, ən lüks yaxtalarına sahib idi. Bu yaxtaların uzunluğu 130 metrdən çox idi və daha çox gəmini xatırladırdı. Məsələn, onlardan biri ("Al Salman" adlanırdı) 40 qonaq, 90-dan artıq işçi üçün nəzərdə tutulmuşdu. Gəminin səkkiz göyərtəsi vardı. Yeddincisi yalnız krala məxsus olurdu. Burada onun üçün dörd geniş kabin, ən yeni texnologiya ilə təchiz olunmuş və müasir xəstəxananı xatırladan tibb otağı, özü və katibi üçün ofis, xidmətçilər üçün bir neçə otaq ayrılmışdı.

Bundan əlavə, gəmidə fitnes salonu, böyük bir hovuz, kinoteatr, kitabxana, biznes mərkəzi, bar, gözəllik salonu və spa vardı. Monarxın yüksək səviyyəli qonaqları altıncı göyərtəyə yerləşdirilirdi. Burada 10 VİP-kabin, daha səkkiz orta səviyyəli kabin, eyni zamanda restorana bənzəyən yeməkxana və geniş bir istirahət zonası vardı.


Həmçinin oxu: Qətər: böyük pulların və dəbdəbənin vətəni


Kral Abdullahın başqa bir ölkəyə səfərindən əvvəl ora krallığın hərbi gəmisi göndərilirdi. Gəminin baqajında əşyalar olan çamadanlarla yanaşı, eskalator, zirehli avtomobillər, helikopterlər və hətta mebel də olurdu. Mebellərin arasında kralın ən sevimli çarpayıları mütləq olmalı idi.

Abdullahın dünyanın hər yerində sarayları və qəsrləri vardı. Bununla belə, istirahət üçün ən çox sevdiyi yer Mərakeşin Tanca şəhəri idi.

Yeri gəlmişkən, hazırkı kral Salman İbn Əbdüləziz Əl Səud da bu şəhərdəki iqamətgahda qalmağa üstünlük verir.

Səudiyyənin ən zəngin və ən demokratik hökmdarı

BİR MƏZUNİYYƏTƏ SƏRF OLUNAN ONMİLYONLAR

Kralın məzuniyyəti xəzinəyə onmilyonlarla dollara başa gəlirdi. Çünki səyahətlərdə onu xidmətçilər, ailə üzvləri, nazirlər və məsləhətçilər də daxil olmaqla bir neçə min nəfər müşayiət edirdi. Onlar şəhərdəki lüks otellərdə (adətən min otaq tələb olunur), monarxın özü isə iqamətgahda qalırdı.

Yay sarayının sahəsi 30 hektardan çox idi və yanında öz tibbi klinikaları və dəniz mənzərəli lüks restoranları vardı. Bu müəssisələrin hamısı kralın şəxsi əmlakıydı.

İqamətgahın ərazisində helikopterlər üçün də meydança vardı. Rəsmi səfərlər zamanı kralın kortejində xeyli sayda avtomobil olurdu. Adətən, kral "Jaguar", BMW və "Mercedes-Benz" özüylə aparırdı.

Kral dünyanın ən böyük özəl təyyarəsində uçurdu. Deyilənlərə görə, ölümündən sonra göyərtəsində fontan olan ikimərtəbəli təyyarəsi kral Salmana miras qaldı.

Səudiyyə hökmdarlarının sarayları o qədər böyükdür ki, Abdullah orada krallığın mexaniklərinin tərtib etdiyi qolf arabasında gəzmək məcburiyyətində qalırdı. Hazırkı Kral Salman eyni nəqliyyat vasitəsindən istifadə edir. Belə söhbətlər gəzir ki, monarx 2017-ci ildə Moskvaya rəsmi səfərə gələndə Rusiya hakimiyyəti ona Kremli qolf maşınında gəzməyə icazə vermişdi.

Səudiyyə Ərəbistanında Abdullahın yeddi sarayı vardı. Dövlət başçısının rəsmi iqamətgahı Əl-Yamama Ər-Riyadda inşa edilib. Ənənəvi şərq üslubunda tikilmiş bu binada monarxın ofisi yerləşirdi. Rezidensiyada döşəmələri əl işi olan bahalı xalçalarla, divarları italyan mərməri ilə örtülüb.

Əhəmiyyətinə görə ikinci sırada olan saray Ər-Riyadın kənarında inşa edilib. Səudiyyəli sənətkarlar kralın əmri ilə yeri mozaika döşəmə ediblər. Sarayın mebeli ərəb üslubunda hazırlanmış əl işidir.

Səudiyyənin ən zəngin və ən demokratik hökmdarı

QIZILDAN DİRƏKLƏR...

Hər şeyin monarxın zövqünə uyğun qurulmasına baxmayaraq, o, müasir Erq Sarayında yaşamağa üstünlük verirdi. Bu rezidensiya qismən Avropa binalarını xatırlatsa da, Şərq üslubu dərhal gözə çarpır. Amerikalı jurnalistlər yazmışdı ki, içəridə nəinki stullar, hətta hava təmizləyici belə, qızıldandı.

Avropa kral ailəsinin dəbdəbəli bir fransız qəsri var. XIV Lüdovikin qəsri dünyanın ən bahalı evlərindən biri hesab olunur. Xarici görünüşündən bu iqamətgah Versal Sarayına bənzəyir. Lakin 2009-cu ildə inşa edilib. Qızılı rənglə bəzədilmiş sarayda kinoteatr, üzgüçülük hovuzu, balıq hovuzu var. İşıqlandırma və kondisioner sistemi smartfondan idarə edilir. Rezidensiyanın ətrafında gözəl bir park var. Parkın mərkəzində XIV Lüdovikin heykəli dayanır.


Həmçinin oxu: "Tehran girovları", 70 cildlik kompromat, tarixi dəyişən 444 gün...


81 yaşında (2005-ci il) taxta çıxan və 10 il hakimiyyətdə olan Abdullah islahatçı idi və az qala, liberal hesab olunurdu. Onun iqtidarı dövründə qadınlar getdikcə daha çox hüquqlara sahib olur, hətta rəhbər vəzifələr tutmağa başlayırdılar.

Məsələn, təhsil nazirinin müavini vəzifəsi qadına həvalə olunmuşdu. Eyni zamanda Abdullahın dövründə ilk dəfə bir qadın ali təhsil müəssisəsinə rəhbərlik etmişdi. Kralın sərəncamı ilə şahzadə Cəvhar Ər-Riyad Universitetinin rektoru təyin edildi.

Abdullahın dönəmində Elm və Texnologiya Universiteti təsis edildi. Burada oğlan və qızların birlikdə təhsil almasına icazə verildi.

Səudiyyənin ən zəngin və ən demokratik hökmdarı

7 MİN ŞAHZADƏ, "ROLEX", "LAMBORGHİNİ"...

Kral ailəsinin təqribən 25 min üzvü var. Onlardan 7 mini şahzadələrdir. Kral ailəsinin təminatı çoxdan Səudiyyə Ərəbistanı üçün ağır bir yükə çevrilmişdi. Bütün şahzadələri dəvə, "Rolex" qızıl saatları və idman avtomobili "Lamborghini" ilə təmin etmək başdöndürən pullar tələb edirdi. Məhz Abdullah kral ailəsinin üzvü olan 7 mindən çox şahzadəyə dövlət xəzinəsindən istifadəni qadağan etmişdi.

Eyni zamanda onun dövründə kralın əlini öpmək ənənəsi aradan qaldırıldı və əl sıxmaqla əvəzləndi.

Səudiyyəli gənclər Abdullaha xüsusilə minnətdar idilər. Kral xarici universitetlərdə oxumaq üçün dövlət təqaüd proqramını təsis etmişdi. Orada yeniyetmələr dörd il yaşaya və təhsil ala bilirdilər. Tələbələrin dünyanın 25 ölkəsindən birini seçmək imkanı vardı. Gənclər ən çox ABŞ, Böyük Britaniya və Avstraliyanı seçirdilər. Proqramdan 70 mindən çox səudiyyəli tələbə faydalanmışdı.

Kral Abdullah sosial sahə üçün büdcədən 37 milyard dollar ayırmışdı. Pulun böyük hissəsi işsizlik müavinətlərinə, əhalinin borclarının silinməsinə, təhsil və mənzil xidmətlərinə, səhiyyə və infrastrukturun inkişafına xərclənmişdi.

Kral 90 yaşında Riyaddakı xəstəxanada öldü. Onu xəstəxanaya sətəlcəm şübhəsi ilə aparmışdılar. Lakin monarxa ağciyər infeksiyası diaqnozu qoyuldu və əməliyyat edildi.

Şahzadə Amira əl-Təvail öz mikrobloqunda yazmışdı: “Kral Abdullahdan qorxmurdular, Səudiyyə Ərəbistanı, eləcə də bütün dünya müsəlmanları onu həqiqətən sevirdilər. Bu gün kralı yox, atamızı itirdik…”

Tərcümə Mediapost.az-a məxsusdur

Xəbərlər departamenti

Gündəm