Şəxsi həyatın ictimailəşdirilməsi, itən dəyərlər, artan cinayətlər - ŞƏRH
13.01.2020 10:16 Fikirlər

Şəxsi həyatın ictimailəşdirilməsi, itən dəyərlər, artan cinayətlər - ŞƏRH

Ötən həftə Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərminin xüsusi amansızlıqla qətlə yetirilməsi günlərdir müzəkirə olunur.

Azyaşlının qətli ilə bağlı istintaqın davam etdiyi bir müddətdə hadisə ətrafında söz-söhbətlər səngimək bilmir. Sosial şəbəkədə bir çox istifadəçi, hətta ictimai statusu olan şəxslər vəziyyətin bu həddə çatmasında jurnalist Xoşqədəm Hidayətqızını günahlandırırlar.

Son zamanlar təkcə, Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində insanların şəxsi həyatlarının televiziyalarda müzakirə olunması dəb halını alıb. Ailə faciələri, boşanmalar, qız qaçırılması, dəhşətli qətllər və digər mövzular ətrafında belə verilişlərdə müzakirələr aparılır. Fikir bildirməyə səlahiyyəti çatan da, çatmayan da öz həyat təcrübəsinə istinad edərək məsələni şərh etməyə çalışır. Bu cür verilişlərin aparıcıları isə özlərinə haqq qazandıraraq belə proqramlarla insanları pis hərəkətlərdən çəkindirdiklərini düşünürlər. Lakin reallıqda vəziyyət necədir? İnsanların düşüncəsində belə bir fikir yaranıb ki, bu cür verirlişlərdən sonra, daha ağır cinayətlər törədilir, qızların evdən qaçması halları artıb.

"Hazırkı verilişlər kütlənin düşüncəsinə, ehtiyaclarına hesablanmış, insanların emosiyaları ilə oynayan proqramlardır".

Mövzu ilə bağlı “MediaPost”a açıqlama verən sosioloq Sahib Altay bildirib ki, istər ümumdünya, istərsə də ayrı-ayrı toplumlar nöqteyi-nəzərindən media əsas təsir gücünə malikdir: “Media güzgüdür. Çünki bütün informasiyalar buradan alınır. Xüsusilə də Azərbaycan kimi kitabla ünsiyyəti, münasibəti çox az olan toplumlarda mətbuat daha çox təsir gücünə malikdir. Ona görə də, mediada olan cüzi yanlış böyük faciələrə yol aça bilər. Bizdə mətbuatın yol açdığı faciələr bir yana, media özü də başdan-ayağa faciədir. Məqsəd isə “necə edim ki, reytinq qazanım” üzərinə qurulub. Və heç bir xəbər fərqi qoymadan, açıq-aşkar cəlbedici başlıqlarla insanların diqqətini çəkmək məqsədi güdülür. Bu, cinayətdir. İnsanların şəxsi həyatlarının ictimailəşdiyi verilişlərə gəlincə isə onların bir xeyli izləyici kütləsi var. Niyə? Çünki kütlənin ehtiyaclarına hesablanıb. O verilişlərə fikir verin, hər şey kütlə üçün nəzərdə tutulub. Mövzular boşanma, evdən qaçma, gəlin-qaynana, ər-arvad münasibətindən ibarətdir. Ümumiyyətlə, gəlin, elə bir veriliş adı deyək ki, orada bəşəri dəyərlərə toxunulur və çox sayda izləyici kütləsi var. Təəssüf ki, elə bir veriliş göstərə bilmərik. Hazırkı verilişlər kütlənin düşüncəsinə, ehtiyaclarına hesablanmış, insanların emosiyaları ilə oynayan proqramlardır. Hə, ola bilər, müəyyən işlər görüblər, hansısa xəstənin müalicəsi üçün ianə yığıb, kömək ediblər. Amma artıq sərhədi aşıblar. Hər şeyi ideallaşdırıb, özlərini bütə çeviriblər. İnsanları aldadırlar. Nəinki Nərmin hadisəsi, ümumiyyətlə, bir çox mövzularda yanlış mövqe nümayiş etdirirlər. İntihar hadisəsi açıq-aydın, şəxsin adı tam açıqlanaraq bildirilir, faciəvi ailə dramları tam açıq şəkildə nümayiş olunur, itkin düşən adamı oğurlayan cinayətkara təzyiq göstərirlər ki, biz səni tapmışıq. Bu gün Xoşqədəm Hidayətqızıyla, Zaur Baxşəliyev Azərbaycanın ən güclü riyaziyyatçısı, kimyagəri, filoloqu, sosioloqu, psixoloqu, politoloqudur. Bir sözlə, hansı "loqo"su bu adamların adının sonuna artırsaq, camaat onu qəbul edəcək. Halbuki Xoşqədəmin, Zaurun verilişində müzakirə olunan ailə-məişət məsələlərinin əksəriyyəti qeyri-peşəkar adamlar tərəfindən şərh olunur. Bir də görürsən, cavanlığı eyş-işrətdə keçən, 40 yaşından sonra namaza başlayıb, hansısa məsciddə axundluq edən bir mollanı ekspert kimi gətirib, oturdublar camaatın qarşısında, o da ağzına gələni sayıqlayır. Və ya öz ana dilinin qrammatikasında ismin neçə halı olduğunu bilməyən bir müğənni gəlib, camaata ailə institutdan danışır. Ailə haqqında heç nə bilmir, sadəcə, camaat bunun mahnılarını dinləyir, özü də 5 dəfə ərə gedib, məhz bu səbəblərdən ekspert kimi çağırılıb”.

"Kimlərəsə, doğrudan da yardım olunur, bir xəstənin müayinəsini pulsuz həyata keçirirlər, bir gəncin toyuna köməklik edirlərsə, bu mənada verilişlərin fəaliyyətinə qarşı deyiləm".

Ekspert bu cür verilişlərin fəaliyyətinə tam qarşı olmadığını da qeyd edib: “Mənim kiməsə qarşı qərəzim yoxdur. Ümumiyyətlə, bu kimi verilişlər olmasın, demirəm. Yox, qətiyyən, olsun. Bir halda ki, kimlərəsə, doğrudan da yardım olunur, bir xəstənin müayinəsini pulsuz həyata keçirirlər, bir gəncin toyuna köməklik edirlər. Amma insanların faciələrini şouya çevirmək əxlaqsızlıqdır. İnsanlar özü də buna şərait yaradır. İki nəfərin evlənib, boşanmaq məsələsini, itkin düşən adamın axtarışını niyə Zaur, Xoşqədəm aparmalıdır? Zaur sosial işçidir, ya məhkəmədə hakim? Ya Xoşqədəm kriminalistdir, biz bilmirik? Kimdir bu adamlar? Ölkənin konstitusiyası, məhkəməsi, polisi var. Bunlar olduğu halda, insanların Zaura, Xoşqədəmə müraciət etməsinin səbəbi nədir? Halbuki bu proses efir vasitəsilə yox, vətəndaşın öz mövqeyini nümayiş etdirməsilə baş verməlidir”.

"Ailələrin dağılmasının, insanların evdən qaçmasının səbəbi təhsilsizlik və sosial keçimsizlik, ailə təməllərinin sağlam olmamasıdır".

Sosioloqun fikrincə, cəmiyyətdə bu cür neqativ halların artmasında günahkar yalnız belə verilişlər deyil: “Ailələrin dağılmasının, insanların evdən qaçmasının səbəbi Xoşqədəm, Zaur deyil, təhsilsizlik və sosial keçimsizlik, ailə təməllərinin sağlam olmamasıdır. Amma bu növ verilişlər qeyd olunan problemləri ictimailəşdirməklə adiləşdirir və problemlərin sayını çoxaldır. Bir insanın şəxsi həyatındakı problemin ictimailəşməsi doğru bir hal deyil. Bir daha qeyd edirəm, bunun üçün hüquq var, polis var, məhkəmə var. Məsələn, illərlə Rusiyada yaşayıb, itkin düşən adamlar var ki, polis buna leqeyd yanaşır, bu verilişlər tapıb, ölüsündən-dirisindən bir xəbər verirlər. Amma insanların şəxsi həyatının ictimailəşməsini doğru hesab etmirəm. Bundan əlavə də problemləri adiləşdirir. Səbəbləri yox, nəticələri göstərirlər insanlara. Bunu izləyən adamlar da eyni şeyləri rahat şəkildə edə bilirlər. Çünki nəticələr onlara məlum olur”.

Sosioloq 10 yaşlı Nərminin öldürülməsi məsələsində bu verilişlərin nə qədər rol oynaması məsələsinə də aydınlıq gətirib: “Mən ümumiyyətlə Xoşqədəmin, Zaurun verilişini izləmirəm. Sosial şəbəkədə bu hadisəni izlədikdə qarşıma çıxdı və izlədim. Deməli, Xoşqədəm xanım aylar öncə canlı efirdə bir qatilin üzərinə gedib. Adamın qatil olduğu sübut olunmadığı halda, ona qatil deyib, axırda da həmin adamın qatilliyi sübut olunub. Elə zənn edib ki, müxtəlif insanları təhdid etməklə qatili tapmaq mümkündür. Eyni metodu Nərmin məsələsində də tədbiq etməyə çalışıb. Bunun adı qeyri-peşəkarlıqdır. Çünki o aparıcıların pedofillikdən xəbərləri yoxdur. Elə bilirlər hər kəs pedofil ola bilər. Pedofillik zəminində baş verən hadisəni sıradan cinayətlərlə qarışdırırlar. Nərmin məsələsində də Xoşqədəm Hidayətqızının özünü kriminalist hesab edərək emosional çıxışlara yol verməsi qeyri-peşəkarlıq və yanlışlıq idi”.

“MediaPost”

Xəbərlər departamenti

Gündəm