"Сibgir" koronavirus dünya turizmindən nələr "oğurlayır"?
15.02.2020 10:02 Fikirlər

"Сibgir" koronavirus dünya turizmindən nələr "oğurlayır"?

Aviaşirkətlər, turizm operatorları, otellər, muzeylər, ticarət və əyləncə mərkəzləri... Uhan virusu turizmlə əlaqəsi olan hər kəsdən səssiz-səmirsiz pul "oğurlamağa" davam edir. Hesablamalara görə, dünya üzrə hər doqquzuncu səyahətçi Çin sakinidir və turizm gəlirlərinin 20 faizi çinli qonaqların hesabına formalaşır. Təkcə bu rəqəmlər koronavirusun dünya turizminə təsirlərinin miqyasını təsəvvür etməyə kifayət edir.

"MediaPost" xəbər verir ki, hər il Milad bayramı, ardınca da yanvarın sonlarında Çində qeyd olunan Yeni il (Ay təqvimi üzrə) ərəfəsi bir çox ölkələr gözlərini çinli turistlərə dikirlər. Lakin koronavirus "sürprizi" bu dəfə gözləntiləri boşa çıxardı. Ölkələr gözlədiklərini yox, yeni epidemiyanın timsalında çağırılmamış "qonağı" qarşılamalı oldular. Hər şeyin nə vaxt öz axarına düşəcəyi isə hələ ki, hamı üçün qeyri-müəyyəndir...

YAPONLARA 30 FAİZLİK ZƏRBƏ...

"Dəvətsiz qonaq"dan ən çox zərər görən ölkələr Yaponiya, Tayland və Honkonqdur. Bunlar çinli turistlərin ən çox üz tutduğu ölkələrdir. Eyni zamanda Vyetnam, Cənubi Koreya, Fransa, Malayziya, İtaliya, ABŞ kimi ölkələrin də turizm sektoru nəzərəçarpacaq itkilərlə üzləşir.

Yaponiya turizm sənayesinin Çindən nə dərəcədə asılı olduğunu rəqəmlər açıq şəkildə ortaya qoyur. Məsələn, ötən il Yaponiyaya gələn əcnəbi turistlərin 30 faizi çinlilər olub. Bu o deməkdir ki, "gündoğan ölkə" qeyri-müəyyən vaxta qədər turistlərinin təxminən üçdə birini itirməli olacaq.

Məlum səbəbdən Yaponiya aviaşirkətlərində də böhran yaşanır. Çinə olan reyslər üzrə bronlaşdırmada 30-40 faizlik azalma müşahidə olunur.

Yeri gəlmişkən, Beynəlxalq Mülki Aviasiya Təşkilatının bildirdiyinə görə, aviaşirkətlər koronavirusa görə birinci rübdə 5 milyard dollara yaxın gəlirdən məhrum ola bilərlər. Təşkilatın hesablamalarına görə, təxminən 70 aviaşirkət Çinin materik hissəsindən bütün beynəlxalq reysləri ləğv edib, daha 50 aviaşirkət isə reysləri ixtisara salıb. Proqnozlara görə, mart ayı üçün sərnişinlərin sayında üç dəfədən çox azalma olacaq.

Сibgir

TAYLAND "QAN AĞLAYIR"

Tayland turizm sənayesinin koronavirus səbəbindən ümumi itkisi 1,6 milyard dollardır. Çin turistləri ölkəyə gələn əcnəbi ziyarətçilərin üçdə birini təşkil edir. Bu o deməkdir ki, bu il Tayland təxminən 2 milyon çinli turist itirib. Əvvəllər Taylanda ay ərzində 1 milyon çinli səyahət edirdi.

Koronavirusa görə Taylanda təkcə Çindən deyil, digər ölkələrdən də gələn turistlərin sayı azalıb. Fevralın əvvəlində xarici turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 43,4 faiz azalıb.

"Fevralın 1-dən 9-dək Taylanda 730,2 min xarici turistin gəlişi qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 43,4 faiz azdır. Eyni zamanda, Çin səyahətçilərinin sayı da koronavirus səbəbindən 86,6 faiz azalıb. Ayın sonuna qədər bu rəqəm 90 faiz ola bilər", - "The Phuket News" qəzeti yazır.

Ekspertlər ölkənin turizm sektoru üçün 8 milyard dollarlıq itki proqnozlaşdırıblar.

Artıq Banqokun çinli ziyarətçilərə xidmət göstərən turizm firmaları bir-bir bağlanır. Nəticədə bir çox insan iş yerini itirib. Ən acınacaqlı vəziyyətdə olanlar Çin dilini bilən bələdçilərdir. Əvvəllər onların hər birinin həftəlik stabil qazancı 1000 dollar olurdu. İndi isə ümumiyyətlə, işsiz qalıblar.

Hökumət bəyan edib ki, yaxın aylarda koronavirusun yayılmasının qarşısı alınsa, Tayland kurortları 2020-ci il ərzində Çindən 11 milyona yaxın turist qəbul edə biləcək. Bu baş verməsə, Taylandda turizmin itkiləri böyük olacaq. Bu isə bütövlükdə iqtisadiyyatın tənəzzülü deməkdir. Çünki "təbəssümlər ölkəsi" üçün turizm dövlət büdcəsini dolduran çox vacib sahə hesab olunur.

Mütəxəssislər deyir ki, Tayland hökuməti iqtisadiyyatı dəstəkləmək üçün digər ölkələrdən turist axınını artırılmalıdır. Bu isə yalnız qiymətləri aşağı salmaqla mümkündür. Qiymətlərin ucuzlaşması öz növbəsində, milli valyutanı dollar və avro qarşısında daha da zəiflədəcək. Bu arada, koronavirus böhranından sonra Tayland batının məzənnəsi 7 aylıq minimuma enib.

Сibgir

PARİS 2 MİLYON TURİST İTİRƏCƏK

Parisdə və paytaxt ətrafı bölgələrdə yerləşən otellər koronavirusa görə çinli turistləri qəbul etməkdən imtina edirlər. Bu barədə Fransada Otel Şəbəkələri Milli Assosiasiyası məlumat verib.

Məlumata görə, son bir neçə həftə ərzində Fransa paytaxtında və İl-de-Franc bölgəsində otel şəbəkələri çinli turistlərin bronlarını kütləvi şəkildə ləğv edir. Yanvar ayında qrup turlarının 80 faizi, fevralda isə 100 faizi ləğv edilib.

Hər il Fransaya 2 milyona yaxın çinli turist gəlir. Paris və İl-de-Frans onların ən çox üz tutduqları yerlərdir. Bundan başqa, Çindən gələnlər digər turistlərə nisbətən daha çox pul xərcləyir, bu məsələdə hətta ABŞ-dan gələn turistləri də geridə qoyurlar.

"Protourisme" Konsaltinq Agentliyinin eksperti Didier Arino bildirib ki, çinli turistlərə görə otel biznesində itkilər 1 milyard avrodan çox ola bilər.

RUSİYA NƏLƏRDƏN MƏHRUM OLACAQ?

Rusiyanın turizm operatorları koronavirusa görə Çinə turların satışını yanvarın 24-dən dayandırıb. Vəziyyət normallaşana qədər satışın bərpa olunmayacağı deyilir. Mütəxəssislərin fikrincə, 2020-ci ilin ilk rübündə Rusiyaya 130 mindən çox çinli turistin gəlməsi gözlənilirdi. Turizim firmaları, aviaşirkətlər və otellərlə yanaşı, biznesin bir seqmenti də zərər görəcək. Bu, lüks malların satıldığı mağazalardır.

Rusiya Səyahət Sənayesi Birliyinin məlumatına görə, çinli səyahətçilər Rusiyaya gələn turistlərin 18 faizini təşkil edir. Ümumdünya Sərhədsiz Turizm Birliyi Çindən Rusiyaya fevral ayında 45 min, mart ayında 50 min turistin gələcəyini proqnozlaşdırmışdı. Karantin davam edərsə, Rusiyanın turizm sənayesi 2020-ci ilin ilk rübündə təxminən 100 milyon dollar itirəcək.

Сibgir

Bu itkilər ticarətə, xüsusən də lüks mallar bazarına da təsirsiz ötüşməyəcək. Çində sürətli iqtisadi böyümə fonunda bahalı malların istehlakında bum yaşanır. Rusiyaya gələn çinli turistlər Moskvadakı Mərkəzi Univermaq, QUM kimi mağazalara baş çəkir, bahalı paltar, ayaqqabı, həmçinin kosmetika və zərgərlik məmulatları alırlar.

Rusiyada lüks mallar Çindən daha ucuzdur. Buna səbəb Çindəki logistika və lüks mallara vergilərin yüksək olmasıdır. Bu sahədə iki ölkə arasındakı qiymət fərqi 70 faizə çatır.

Bundan başqa, 2014-cü ilin əvvəlindən etibarən rubl yuana nisbətdə təxminən iki dəfə ucuzlaşıb. Bu da Rusiyada alış-verişi çinlilər üçün daha cəlbedici edir.

"BİR İLDƏN ÇOX ÇƏKƏCƏK"

Sərhədsiz Dünya Turizm Birliyinin məlumatına görə, Çindən gələn bir turist üçün Moskva və Sankt-Peterburqa standart tur (altı gecəlik) 40-60 min rubl təşkil edir.

Bu təşkilat da hesab edir ki, mart ayının sonuna qədər Çindən turist axını bərpa olunmasa, Rusiya turizm biznesi 100 milyon dollara qədər vəsait itirəcək. Məhz mart ayında yay mövsümü üçün sifarişlər pik həddə olur. Yazın əvvəllərində vəziyyət düzəlməsə, çinlilər yay turlarını almayacaqlar.

Сibgir

Ümumdünya Turizm və Səyahətlər Şurasının mütəxəssisləri deyirlər ki, hətta hər kəs sağalsa belə, dünya turizmi uzun müddət özünə gələ bilməyəcək. Onların sözlərinə görə, hər belə epidemiyadan (quş qripi, ebola və s.) sonra turizm sənayesində böhran il yarım davam edir.

"Koronavirus epidemiyası qlobal turizm sənayesinə təxminən 80 milyard dollarlıq itki yaşada bilər. Eyni zamanda, Çin turizmi (xaricə çıxış) 2021-ci ilin ikinci rübündən əvvəl bərpa edə bilməz".

Bu məlumatı isə "South China Morning Post" qəzeti Britaniyanın "Economist Intelligence Unit" təşkilatının araşdırmasına istinadən yayıb.

Mütəxəssislər indiki durumu 2002-2003-cü illərlə (SARS-ın yayılması zamanı) müqayisə edərək belə bir nəticəyə gəliblər. Həmin vaxt turizm sənayesi yalnız 2004-cü ilin əvvəlində bərpa edilmişdi.

Tərcümə "MediaPost"a məxsusdur

Xəbərlər departamenti

Gündəm