Şirin yuxunun acı sonu
21.01.2020 11:49 Fikirlər

Şirin yuxunun acı sonu

Son illərin qəza statistikasına baxanda aydın olur ki, sürücülərin iş və istirahət rejiminə əmək etməməsi nəticəsində yol-nəqliyyat hadisələri daha çox baş verir. Xüsusilə magistral yollarda baş verən qəzalar nəticəsində ölüm halları çoxalıb. Bir müdddət əvvəl Bak-Quba yolunda yük maşınının aşması nəticəsində 2 nəfər həyatını itirmişdi. Qəzanın səbəblərini araşdıranda məlum oldu ki, sürücü bir sutka ərzində dayanmadan 4 dəfə Quba-Bakı istiqamətində hərəkət edib. Sonuncu reysdən qayıdan zaman isə səhər saatlarında qəza törədib.

Qanunvericilik nə deyir?

Nazirlər Kabinetinin2010-cu il 24 dekabr tarixli 244 nömrəli və “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair Qaydalar”ın təsdiq edilməsi barədə” 2016-cı il 10 mart tarixli 118 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında qərarında deyilir ki, sürücülərin iş və istirahət vaxtı, o cümlədən növbəli iş rejimində iş və istirahət vaxtı iş (növbəlilik) cədvəlləri əsasında müəyyən edilir. Bütün sürücülər üçün iş (növbəlilik) cədvəlləri işəgötürən tərəfindən hər bir iş günü (iş növbəsi) əks olunmaqla və iş vaxtının gündəlik və ya cəmlənmiş uçotu aparılmaqla hər ay tərtib edilir və onların tətbiqinə ən azı 1 (bir) ay qalmış sürücülərin nəzərinə çatdırılır. Həmçinin gündəlik iş vaxtına uyğun olan həftəlik iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. İki istirahət günü olan beşgünlük iş həftəsində gündəlik iş vaxtının (növbəsinin) müddəti 8 saatdan, bir istirahət günü olan altıgünlük iş həftəsində isə gündəlik iş vaxtının (növbəsinin) müddəti 7 saatdan çox olmamalıdır.

Şirin yuxunun acı sonu

İsti kabinə, şirin yuxu, acı son...

“MediaPost”un xəbərinə görə, xüsusilə qış aylarında analoji qəzalar baş verir. Sürücülər soyuq olmasın deyə maşının salonunu isti saxlayırlar. Bu isə yuxu gətirən əsas amillərdən biridir. Belə ki, istilik vurduqca sürücü yuxulayır və ani olaraq idarəetməni itirmə qəzaya səbəb olur. Sükan arxasında 10 saniyəlik şirin yuxudan acı sonluqla oyanan sürücü ən yaxşı halda xəsarət alır.

Bəs nə etməli?

İlk olaraq qeyd etmək lazmdır ki, sükan arxasında yuxusuz əyləşmək qəti qadağandır. Amma müəyyən anlar ola bilər ki, sürücü məcbur olub bunu etsin. O zaman isə bir neçə məsələni diqqətdə saxlamaq lazımdır. Belə ki, sükan arxasında mütamadi olaraq konfet, su və çay kimi qidalar qəbul etmək, saqqız çeynəmək yuxulamağa qismən maneə yaradır. Həmçinin tualet ehtiyacını saxlamaq da bunun qarşısını alır. Amma bütün bunlar sadəcə müvəqqətidir. Mümkündür ki, yuxu insanı cəmi 5 saniyə aparsın. Bu vaxt isə qəzanın baş verməsinə kifayət edir.

Şirin yuxunun acı sonu

Yol polisi postlarında dincəlmək olar...

“MediaPost” bildirir ki, magistral yollardakı DYP postlarında sürücülər üçün istirahət otaqları var. İstənilən sürücü yorğun olduğu halda, postlarda avtomobillərini saxlayıb, bu otaqlardan istifadə edə bilər. Bu da baş verə biləcək qəzaların sayının azalmasında mühüm rol oynayacaq. Eyni zamanda sükan arxasında yuxunun gəldiyini hiss edən kimi yolun kənarına çəkib 10-15 dəqiqə istirahət etmək kifayət edir. Bu istirahət sizi qəzadan qoruyacaq əsas amillər sırasındadır.

P.S. Unutmayaq ki, yuxusuz halda yola çıxmaqla biz tələsdiyimiz yerə deyil, o biri dünyaya daha tez çata bilərik. Sevdiklərimizi, əzizlərimizi, ən əsası özümüzü bu təhlükədən qoruyaq. Eyni zamanda yük maşının sürücüləri sevdiyi övladına 10 manat artıq pul qazanmaq naminə yuxusuz işləməsin. Çünki həmin artıq 10 manat onu övladından birdəfəlik ayıra bilər.

Teymur Məmmədov, xüsusi olaraq "MediaPost" üçün

Xəbərlər departamenti

Gündəm