Sizi sevdiklərinizdən ayıran - SÜRƏT
30.01.2020 09:54 Fikirlər

Sizi sevdiklərinizdən ayıran - SÜRƏT

Adrenalin... Bu hissi yaşamaq üçün bəziləri sürətlə avtomobil idarə etməyi sevir.

Tələsmək... Bu da sürətə səbəb olur...

Vərdiş... Təəssüflə qeyd etmək lazımdır ki, bu amilin içində də sürət anlayışı var.

Avtomobil sürücüləri üçün yollarda sürət həddi müəyyən edilib. Təbii ki, burada yol amili, mövcud vəziyyət nəzərə alınır. Sürət həddini müəyyən edən zaman sürücünün təhlükəsizliyi əsas məsələdir. Amma sürücülərin hamısı sürət həddinə riayət edirmi? Təbii ki, yox...

"110-luq" yolda 120 ilə sürmək olarmı?

Yol hərəkətində +9 sürət həddinə görə cərimə nəzərdə tutulmayıb. Amma bu o demək deyil ki, hər zaman bu cür avtomobil idarə etmək lazımdır. Sürücü sürət həddi müəyyən edilmiş rəqəmə uyğun hərəkət etməlidir. Düzdür, 10 km/saat sürətdən artıq sürsə, ona cərimə tətbiq edilməyəcək, amma nəzərə almaq lazımdır ki, digər hərəkət iştirakçıları sizin kimi düşünməyə bilər. Yaxşı olar ki, yolda müəyyən edilmiş sürət həddindən -5 aşağı hərəkət edəsiniz.

Sizi sevdiklərinizdən ayıran - SÜRƏT

Aşağı sürət hər zaman təhlükəsizdirmi?

Bəziləri hesab edir ki, avtomobili yavaş sürmək təhlükəsizdir. Amma hərəkət sürəti ilə tərs mütanasiblik təşkil edərsə, bu da təhlükə mənbəyidir. Təsəvvür edir ki, "110-luq" yolda 60 km/saat sürətlə avtomobil idarə etmək nə deməkdir. Bu hər an təhlükədir. Çünki digər sürücü müəyyən edilmiş sürətlə gəlir və qəfil qarşısında gördüyü mənzərə onu çaşdırır. Əyləc məsafəsini də nəzərə alsaq qəza qaçılmaz olur.

Bəs avtomobili hansı sürətlə idarə edək?

Ekspertlər hesab edir ki, yolda ən yaxşı sürət hərəkət axınının möcud sürətidir. Yəni olan bilər ki, sürət həddi 90 km/saat olsun. Amma müxtəlif obyektiv və subyektiv səbəblərdən sürücülər 70 km/saatla hərəkət edir. Bu zaman yolda olan ümumi sürəti nəzərə almaq lazımdır.

Sürət bizi sevdiklərimizə yaxınlaşdırırmı?

Bəzən düşünürük ki, sürətlə avtomobil idarə edərək mənzil başına tez çata bilərik. Amma sürət artdıqca məsafə da çoxalır. Təbii ki, burada məsafə sevdiklərimizlə bizim aramızdadır. Çünki hər an baş verə biləcək qəza bizi birdəfəlik uzaqlara apara bilər.

Sizi sevdiklərinizdən ayıran - SÜRƏT

Sevmədiyimiz radarlar bizi özümüzdən çox sevir...

Sürücülərin ən çox ehtiyat etdiyi və sevmədiyi amil radar və kameralardır. Cərimə olunmaq qorxusundan bu qurğuları görəndə avtomotik olaraq sürəti aşağı salırıq. Amma radarı keçəndən sonra isə yenidən artırırıq. Yollarda radarların olmasından şikayət edən, onları sevməyən sürücülər bəlkə də fərqində deyil ki, həmin qurğular bizi bizdən də çox “sevir”. Çünki ən azı onun əhatə dairəsində olarkən ölümdən uzaqlaşırıq.

P.S. Bu günlərdə hüquqşünas hüquqşünas Aqil Layıc sosial şəbəkələrdə maraqlı bir hekayə paylaşıb. Dəniz kənarında gəzintidən qayıdan ailə yolda avtomobil qəzası keçirir. 8 yaşında qızları qəzada dünyasını dəyişir. Ata hər dəfə özünü günahlandırır:

- Kaş ki maşını bərk sürməyəydim...

Ana isə evin bir küncündə oturub qızının oyuncaqlarına baxıb, paltarlarını iyləyib ancaq ağlayırdı. Bir gün ata işdən qayıdanda psixoloqun yanına gəlir və bəzi məsləhətlər alır. Psixoloq evdə qıza aid olan bütün əşyaları, onu xatırladan hər şeyi atmağı tapşırır. Ata evə gəlir və psixoloqun dediyi kimi qızına aid olan hər şeyi - oyuncaqları, paltarları, hətta şəkilləri də atır. Amma ana bir şeyi ata bilmir. Qızının dənizə apardığı topu. Topun elə bir dəyəri yox idi, amma ana üçün o hər şeydən dəyərli idi. Çünki onu qızı öz nəfəsi ilə doldurmuşdu...

Teymur Məmmədov, xüsusi olaraq "MediaPost" üçün

Xəbərlər departamenti

Gündəm