Şöhrət “şou”su: toy başlayan kimi "müzakirə" qızışır, "Bu nə menyudur?"
19.12.2019 14:43 Fikirlər

Şöhrət “şou”su: toy başlayan kimi "müzakirə" qızışır, "Bu nə menyudur?"

Toy qədim adətlərimizdən biridir; hər xalqın, millətin öz adət-ənənəsinin cəmləşdiyi məclisdir.

Əlbəttə, zəngin ənənələri qorumaq, onları gələcək nəslə ötürmək vacibdir. Lakin bəzi adətlər zamanla köklü şəkildə dəyişir və yerində millətin mənəvi, mental dəyərlərinə uyğun olmayan yeniləri yaranır. Bunu da hamı birmənalı qarşılamır.

Müasir dünya ilə ayaqlaşdığımız zamanda yersiz və lazımsız "adətlərin" qalması da tragikomik hadisədir, zənnimcə. Amma düşünürəm, toxunacağım məsələ heç adət belə deyil...

Elçilik və "hə" almaq prosesi

Mənası qız evindən "hə" cavabı almaq anlamına gələn bu etapda tərəflər bir-birini tanıyır, yekun razılığa gəlirlər. Başqa sözlə, bu, işin qeyri-rəsmi razılıq alma hissəsidir.

Amma bu mərhələdən də şan-şöhrət həvəsi yan keçmir. Oğlan evi qız evinə getməzdən əvvəl bir neçə xonça hazırlayır: içərisində paxlava, şəkərburadan tutmuş bahalı bəzək əşyalarına qədər hədiyyə olur. Hələ bir-birindən xəbərsiz iki ailə ilk tanışlıqdaca öz var-dövlətinin hansı səviyyədə olduğunu nümayiş etdirir, ya da olmaq istədiyi səviyyədə görünməkçün borc-xərclə bahalı pay-puş alıb aparır qız evinə.

Rəsmi razılıq anı - elçilik

Daha sonra, işin rəsmi razılıq məqamı - nişan keçirilir. Nişanda da xonçaların say-hesabı bilinmir. Üzüklər taxılır. Daha sonra əsas məsələ unudularaq yenə şöhrət "şou"su başlayır.

Toya qədər olan dövrdə tərəflər bir-birinin evinə qonaq gedirlər. İndi deyəcəksiniz ki, qonaq gedirlər, burada pis nə var ki?.. Haqlısınız, amma gəlin özümüzü aldatmayaq. Qonaq gedəndə hədiyyə aparmaq çox gözəl haldır, amma öz cibinə, büdcənə uyğun.

Əsas “şou”- toy mərasimi

Toy isə məsələnin pik nöqtəsi - kulminasiyasıdır. Axı say etibarıyla burada qohum-tanış lap çoxdur və hamısı da "şou" gözləyir... Nəhayət hər kəs yavaş-yavaş yığışır və elə toy başlayan kimi "müzakirə" qızışır. "Bu nə menyudur?", "Məncə, özləri çox pul götürmək üçün bu zalda ediblər..." və oxşar ifadələr müzakirənin əsas idiomlarıdır. Toyda bu qədər sərt tənqid varsa, toydan sonra işlədiləcək ifadələr bəlkə heç çoxunun ağlına da gəlmir.

Sadaladığım və sadalamadığım bütün adət və ənənələrimizi çox yüksək dəyərləndirirəm, çünki hər biri özündə milli-mənəvi koloritlərin palitrasını cəmləyir. Həqiqətən də hər adətin özünəməxsus özəlliyi, gözəlliyi var.

Şöhrətpərəstlik qətiyyən adət və ənənədən yaranan məfhum deyil. Bu, insan xislətidir. Sadəcə, ən bariz nümunə olaraq evlilik prosesi olduğu üçün misal çəkdim.

Elə ailə var, çox çətinliklə bir ayı digərinə calayır, amma sırf toyun yaxşı keçməsi üçün borc pul götürür, faiz alır... Həqiqətən, acınacaqlı durumdur: gənclər valideyn olmağa hazırlaşır, amma gələcəyin baba-nənələri nəvə sevincini duymaq əvəzinə borc ödəməyə məhkumdurlar.

İki gəncin mehriban, xoşbəxt yaşaması, məncə, daha az qurban tələb edir.

Xəbərlər departamenti

Gündəm