SON DƏQİQƏ: “Ordumuz Xankəndidəki hərbi obyektləri hədəfə alır, Ağdərədə ciddi uğurlarımız var”
19.09.2023 15:25 Siyasət

SON DƏQİQƏ: “Ordumuz Xankəndidəki hərbi obyektləri hədəfə alır, Ağdərədə ciddi uğurlarımız var”

Ermənistanın öz öhdəlikərini yerinə yetirməməsi və daha da irəli gedərək Azərbaycana qarşı terror-təxribat hərəkətləri törətməsi rəsmi Bakının səbrini daşıran son damla oldu. Beləliklə bu gün Azərbaycan ordusu antiterror əməliyyatlarına başladı və artıq separatçılara ağır zərbələrin endirilməsi nəticəsində onların Xankəndidə pərən-pərən düşdüyünə dair görüntülər yayılmaqdadır.

Bəs bu əməliyyatlar nə qədər davam edə və hansı nəticələrlə yadda qala bilər? 

Mövzunu “MediaPost”a şərh edən politoloq Qabil Hüseynli bildirib ki, Azərbaycan ordusu antiterror əməliyyatları çərçivəsində Xankəndidəki hərbi obyektləri hədəfə alır: “Artıq Ağdərədə ciddi uğurlara imza atmaq üzrəyik. Erməni silahlıları qaçır, Azərbaycan Silahlı Qüvvələri isə onları təqib edir.

alt text

Amma eyni zamanda bu əməliyyatlar lokal xarakter daşıyır. Azərbaycan tərəfi mülki əhali ilə ehtiyyatlı davranır, məlumatlar yayaraq insanları ordu hissələrindən uzaq durmağa səsləyir. Həmçinin lazımi köməklik göstərmək üçün Qarabağdakı mülki ermənilərin bəlli yerlərə toplanmasını xahiş edir. Bir sözlə, bizim dinc erməni əhalisi ilə heç bir işimiz yoxdur. Əsasən, separatçılar və ərazimizdə olan erməni ordusunun qalıqları ilə mübarizə aparırıq. Hərbi əməliyyatlar da buna qarşı çevrilib və qısamüddətli xarakter daşıyacaq. Yəni uzunmüddətli müharibə deyil. Ən qısa müddətə biz bu hərbi əməliyyatı bitirməyə çalışacağıq”.

Politoloq əlavə edib ki, beynəlxalq təzyiq hər zaman var: “Beynəlxalq təzyiq məsələyə subyektiv mülahizələrlə yanaşır. Beynəlxalq ictimaiyyət Ermənistanı ağuşuna alıb və Azərbaycanın haqq işini müdafiə etmir. Biz onların fikirlərini önəmsəmirik. Öz ərazimizdə əməliyyatlar keçiririk və yaxın vaxtlarda da bunu başa çatdıracağıq”.
 

Müşviq Tofiqoğlu

Gündəm