Son günlər koronavirusa yoluxmalarda sayın artıb-azalmasının səbəbi açıqlandı - ŞƏRH
23.04.2020 12:24 Cəmiyyət

Son günlər koronavirusa yoluxmalarda sayın artıb-azalmasının səbəbi açıqlandı - ŞƏRH

“Nature Medicine” jurnalında yayımlanan araşdırmaya görə, pandemiyanın qarşısının alınması üçün toplu koronavirus testləri aparılmalıdır. Elm adamlarının fikrincə, bu üsul virus daşıyıcılarının 90%-dən çoxunun müəyyənləşdirilməsinə imkan verəcək.

Mövzu ilə bağlı “MediaPost”a danışan Respublikanın Baş infeksionisti Cəlal İsayev bildirib ki, kütləvi testlərin keçirilməsi iki səbəbdən real görünmür:

“Azərbaycanda 10 milyondan çox insan yaşayır. Bizdə əhalinin 90%-i 9 milyon əhalini testdən keçirmək deməkdir. Bu isə həm texniki, həm də maddi baxımdan mümkün deyil. Sadəcə olaraq, belə etmək olar ki, hansısa şübhəli əlaməti olan insanlar testdən keçirilsin və vaxtında təcrid olunsun. Hazırda biz bu prosesi həyata keçiririk. Ölkəmizdə indiyə qədər 110 minə yaxın insanı testdən keçirmişik.

Dünya əhalisi 7 milyarddan çoxdur. Məsələn, ABŞ-da 300 milyondan, Çində 1 milyarddan çox adam yaşayır. Onların hamısını testdən keçirmək mümkün deyil. Sadəcə, hazırkı dövrdə aparılan tədbirləri həyata keçirməyə davam etsək, özümüzü qorumuş olarıq”.

C.İsayevin sözlərinə görə, vaksinin hazılanaraq tətbiq edilməsi də vacib şərtdir: “Bu, koronaviruslu xəstələrdə immmunutetin yaranmasına və xəstəliyin yayılmasının qarşısının alınmasına gətirib çıxara bilər”.

Baş infeksionist son günlər Azərbaycanda koronavirusa yeni yoluxanların sayının artıb-azalmasının səbəbini belə izah edib: “Koronavirusa yoluxanların sayının 40-larda olması o qədər də çox deyil. Bu dəyişmələr normaldır. Biz hazırda xaricdə olan vətəndaşlarımızı qəbul edirik. Ola bilsin onlar arasında da koronaviruslu şəxslər aşkarlanıb.

Hazırda ölkəmizdə sağalanlarla xəstələnən insanlar arasında tarazlıq mövcuddur. Yoluxmuş insanların hardasa 60 faizi artıq sağalıb. Ölüm halları cəmi 20 nəfərdə (1.2-1.3%) qeydə alınıb. Təbii ki, hər bir vətəndaşımızın itirilməsi bizim üçün faciədir. Ona görə də bütün dövlət orqanları ilə birgə bu yoluxmaların qarşısını almağa çalışırıq”.

Xatırladaq ki, Azərbaycanda 12 apreldə 40 nəfər, 13 apreldə 50 nəfər, 14 apreldə 49 nəfər, 15 apreldə 56 nəfər, 16 apreldə 30 nəfər, 17 apreldə 57 nəfər, 18 apreldə 33 nəfər, 19 apreldə 25 nəfər, 20 apreldə 38 nəfər, 21 apreldə 44 nəfər, 22 apreldə isə 38 nəfərdə yeni yoluxma faktı qeydə alınıb.

Xəbərlər departamenti

Gündəm