Son günlərin trendi: Kamuflyaj dəbi nə vaxt yaranıb?
15.10.2020 11:29 Şou-biznes

Son günlərin trendi: Kamuflyaj dəbi nə vaxt yaranıb?

Dünya dəb sənayesində aktuallığını qoruyan kamuflyaj geyimlər son günlərdə Qarabağ savaşı ilə bağlı ölkəmizdə də populyarlaşmağa başlayıb.

Sosial şəbəkədə və şəhərdə tez-tez bu libasda olan vətəndaşlarımız qarşımıza çıxır. Bəs, bu geyimlər nə vaxtdan dəbə inteqrasiya edib?

“MediaPost” kamuflyaj libasların dəb tarixini təqdim edir:

Kamuflyaj geyimin müharibədən başqa sivil istifadəyə verilməsi yeni hadisə deyil. İlk gözqamaşdırıcı kamuflyaj libaslar 1919-cu ildə Çelsi İncəsənət Klubu tərəfindən təşkil edilən “Dazzle Ball”da təqdim olunub.

İngiltərədə moda trendinə ilham verən bu geyimlər ağ-qara rəngli kamuflyajlardan ibarət idi. Məhz bu libaslar 20-ci əsrin dəbinə yön verdi. Geyimlər dərgilər və posterlər vasitəsilə sürətlə yayılmağa başladı və insanları təsiri altına almağı bacardı.

1960-cı ildən başlayaraq isə müxtəlif sənətçilər kamuflyaj dəbinin daha da inkişaf etməsinə təsir göstərdi. Rəssam Endi Varhol 1986-cı ildəki kamuflyaj əsərləri ilə diqqət çəkdi.

Pop-art sənətçi Aleyn Cekvit də 1961-ci ildən 1970-ci ilədək bir çox kamuflyaj əsərlər yaradaraq bu trendi davam etdirdi.

1960-cı ildə əsgər forması insanlar arasında daha geniş vüsət almağa başladı. Bunlar əsasən tünd yaşıl rəngdə olan libaslar idi. Əvvəllər kamuflyajları müharibəyə qarşı çıxan şəxslər mitinqlərdə istifadə etməyə başlasa da, daha sonra protestlərin əsas simvoluna çevirildi.

Dizaynerlər kamuflyajı dəbdə əsas ilham qaynağı olaraq görürdülər – diqqətçəkən dizaynlardan, kamuflyajın naxışlı nizamsızlığından, simvol olmasından və müxtəlifyönümlü olmasından yararlanırdılar.

Kamuflyaj rənglərdən istifadə edən ilk dizaynerlər arasında Marimekko (1960-cı illər), Cin Çarlz de Kastilbecek (1975-ci ildən başlayaraq), Stefen Sprouz (Varhol çapından istifadə edərək – 1987-1988-ci illər) və Franko Moşino (1986-cı il) olub. Onlar kamuflyajın 1990-cı illərə qədər küçə geyimlərindən yüksək moda trendinə çevirilməsinə və saxta kamuflyajın istifadəsinə yol açıb.

1990-cı illərdən sonra isə Con Qalliano “Christian Dior”, Mark Yakobs isə “Louis Vuitton” üçün kamuflyaj geyimlər ərsəyə gətirdi.

Zamanla “Chanel”, “Tommy Hilfiger”, “Dolce & Gabbana”, “Issey Miyake”, “Armani”, “Yves Saint-Laurent” də əsgər geyiminin qazancını əldə edən brendlər arasında yer aldı.

Zaman keçdikcə kamuflyaj dəbinin ənənəvi görüntüsünün əvəzinə başqa rənglərdən də istifadə olunmağa başlanıldı. Həmçinin, təkcə geyimlər yox, aksessuarlar, çantalar da kamuflyaj dəbinə uyğunlaşdırıldı.

Azərbaycanlı dizaynerlər də zaman-zaman öz kolleksiyalarında kamuflyaj dəbindən yaralarlanıb. Zümrüd Mirzəliyeva, Günel Behbudova və başqalarının əl işləri bu trendə uyğun olub.

Pərviz Hüseyn

Gündəm