190 manatın verilməmə səbəbi təəccüb doğurdu - AÇIQLAMA

  • 22 may, 2020 15:51
190 manatın verilməmə səbəbi təəccüb doğurdu - AÇIQLAMA

Pandemiya ilə əlaqədar birdəfəlik ödəmə proqramı üzrə 600 min şəxsin müəyyən edilməsi və onlara aprel ayına dair 190 manat ödənişin olunması prosesi yekunlaşıb və may ayı üzrə ödənişlərin edilməsinə başlanıb.

Bəzi şəxslər isə onlara 190 manatın verilməməsi ilə bağlı səbəb göstərilmədən imtina mesajı gəldiyini, bəziləri isə göstərilən səbəbin doğru olmadığını bildirirlər.

"MediaPost" xəbər verir ki, bu gün 4 vətəndaş oxşar problemlərlə bağlı etiraz məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib.

Həmin şəxslərdən biri olan məcburi köçkün Mehdiyeva Türkanə Nağı qızı "MediaPost"a açıqlamasında bildirdi ki, aprelin 11-də rəsmi işsiz kimi qeydiyyatdan keçib və mayın 4-də ona 190 manat birdəfəlik yardımla bağlı imtina mesajı gəlib: "Birdəfəlik yardımın verilməsi ilə bağlı aztəminatlılıq meyarına uyğun gəlmədiyim qeyd olunsa da, səbəb kimi heç nə göstərilməyib. Yataqxanada yaşayıram, məcburi köçkünlərə verilən çörək pulu almıram, gəlirim və əmlakım yoxdur. Buna görə də, niyə aztəminatlı sayılmadığımın səbəbini anlamıram. Həyat yoldaşıma da 190 manat yardım verilməyib".

T.Mehdiyeva Yasamal rayonu Məşğulluq Mərkəzinə ərizə ilə müraciət etsə də, ona məsələ ilə bağlı hər hansı bir məlumatın verilmədiyini bildirir.

Digər şikayətçi Mayılova Aidə Mətləb qızına gələn imtina SMS-i isə təəccüb doğurub. Belə ki, ona 190 manatın təyin olunmamasına səbəb kimi birdəfəlik yardımın həyat yoldaşına ödənilməsi göstərilib. Lakin A.Mayılova 10 ildən çoxdur ki, həyat yoldaşı ilə nikahının rəsmi olaraq pozulduğunu deyir.