"Azercell"in internet paketi müəllimlərin narazılığına səbəb oldu

  • 22 may, 2020 12:45

“Azercell” şirkətinin sosial izolyasiya şəraitində onlayn tədris verən müəllimlərə təqdim etdiyi hədiyyə internet paketi narazılıqlara səbəb olub.

“MediaPost” xəbər verir ki, müəllimlər sözügedən paketin cəmi 4 günlük istifadəyə güclə çatdığını, üstəlik, internetin zəif olduğunu bildiriblər.

Cəlilabad rayonu Alar kənd 2 saylı tam orta məktəbinin riyaziyyat-fizika müəllimi Elçin Abbasov “Azercell”in bu hədiyyəsinin sadəcə, reklam xarakteri daşıdığını bildirib:

“Bu çətin dönəmdə onlayn dərslər birbaşa sürətli internetlə baş tutur. "Virtual məktəb" layihəsi çərçivəsində “Azercell” gözdən pərdə asmaq kimi müəyyən şərtlər daxilində müəllimlərə 5 gb internet paketi hədiyyə etdi. Lakin şərtləri anormal idi. Deməli, mən həftəiçi 5 dəfə, hər gün 3 saat olmaqla onlayn dərs keçirəm. İnternet xəttimiz olmadığına görə (bu da bir ayrı mövzudur. 14-15 ildir ev telefonu çəkdirdiyimizə baxmayaraq bizi internet xəttiylə təmin etmirlər. Dəfələrlə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etməyimizə baxmayaraq məsələ həllini tapmır. Evdə iki müəllim və iki məktəbli internetsizlikdən əziyyət çəkirik) “Azercell”dən 50 gb paket götürürəm. Əvvəllər bu paket rahatlıqla bir aya çatırdı. İndi onlayn dərslər keçdiyimizə görə 50 gb bəs etmir, ayda iki dəfə bu paketi götürürəm ki, bu da bir aya 60 manata başa gəlir. Hələ “Azercell”in zəif sürətindən danışmıram. 40 dəqiqəlik dərsi güclə başa vururuq. "Virtual məktəb"dən qeydiyyatdan keçdiyimə görə “Azercell”dən mənə zəng gəldi ki, 5 gb hədiyyə paket verməyimiz üçün ya mövcud paketi ləğv edin, ya da bitəndən sonra bizə xəbər verin pay paketini yükləyək. Mövcud 50 gb paketim bitəndən sonra xəbər verdim, 16 mayda mənə 5 gb verildi. 4 gün keçdikdən sonra, yəni bu gün paket bitdi. Şərt ondan ibarətdir ki, əgər mən ay başa çatmamış digər paket yükləsəm, mənə növbəti ay pay paket verilməyəcək. Bunu hansı ağılla düşünüblər, bilmirəm. Sizin verdiyiniz paket cəmi 4 gün çəkirsə, bəs mən paket götürməsəm, növbəti 26 gün necə dərs keçəcəyəm? Götürsəm də siz növbəti 5 gb payı verməyəcəksiniz. Belə çıxır ki, “Azercell” "paket hədiyyəsi" hoqqasını müəllimlərə kömək etmək niyyətiylə deyil, özlərinin reklamı və müəllim müştərilərini ələ salmaq üçün çıxarıb”.

Bakı şəhəri 312 nömrəli tam orta məktəbinin müəllimi Şövqi Cəbiyev "MediaPost"a açıqlamasında “Azercell”in təqdim etdiyi paketlərin miqdarının azlığından və sürətindən gileylənib:

““Azercell”in müəllimlər üçün paketləri təqdim etməzdən əvvəl biz belə bir kampaniyanın şagirdlər üçün təşkil edilməsini istəyirdik. Çünki biz müəllimlər cibimizdən pul verib paket alsaq da, hər şagirdin belə bir imkanı yoxdur. Bir müddət keçəndən sonra “Azercell”in 5 gb paketi müəllimlərin balansına yükləndi. Çox təəssüf ki, verilən internetin sürəti həddindən artıq aşağıdır. Gecələr bir az sürət artsa da, artıq o vaxt dərs keçmək olmur.

Buna görə də ev şəraitində olanda digər internet provayderlərdən istifadə edirəm. Bu paket heç həyətdə də tutmur, normal şəkildə istifadə etmək mümkün deyil. Hələ Bakı şəhərinə bu belədirsə, görün rayonlarda sürət nə vəziyyətdədir.

Həmin paketdən bir dəfə istifadə edərək dərsə qoşuldum, onda da normal işləmədi. Üstəlik, əlavə paketdən istifadə etmək istəsək, hədiyyə verilən 5 gb ləğv olunacaq. 5 gb-la müəllim nə edə bilər? Bu paketi maksimum bir neçə gün işlətmək olar. İnternet paketin miqdarı bu qədər azdırsa, bunun üçün əlavə şərt qoşmaq lazım deyil. İnternet bitəndən sonra məcbur oluram ki, əlavə internet götürüm. O halda da ikinci 5 gb ümumiyyətlə gəlməyəcək. Heç olmasa, bu paketi başqasına göndərmək mümkün olsaydı, şagirdlərə göndərdik ki, onlar istifadə etsin. Çünki interneti olmayan çox sayda şagird var”.

“Azercell”dən "MediaPost"un sorğusuna cavab olaraq müəllimlərə “Gecə” paketi təklif edilib:

“Mövcud olan 5 gb hədiyyə internet paketinin növbəti yenilənmə tarixinə qədər, həmçinin, digər limitsiz olan saatlıq (1 saat və ya 3 saat) müddətinə, "Gecə" və ya "Həftəsonu" paketlərindən birini aktiv etmək mümkündür və bu zaman nömrədə olan 5 gb hədiyyə paketi ləğv edilməyəcək”.