"Evdə yataraq vaxt keçirmək koronavirus riskini artıra bilər" - AÇIQLAMA

  • 18 mart, 2020 12:04

"Hərəkətsiz qalmaq ağciyərlərin fəaliyyətinə mənfi təsir göstərə bilər"

Martın 14-dən etibarən ölkədə xüsusi rejimin tətbiq olunması ilə əlaqədar insanlar vaxtının çoxunu evdə keçirməyə məcbur olublar. Qarşıdan bayram günlərinin gəldiyini də nəzərə alsaq, uzun müddət hərəkətsiz qalmaq insanların səhhətində müəyyən problemlər meydana çıxara bilər.

Mövzu barədə “MediaPost”a açıqlama verən tibb eksperti, professor Adil Qeybulla bildirib ki, koronavirusdan qorunmaq üçün bayramda şirniyyatlardan uzaq durmaq məsləhətlidir:

“İnsanlar evdə olduğu müddətdə karantin tətbiqi ilə bağlı qaydalara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə əməl etməlidirlər. Əhalinin bayram günlərində qidalanmaya xüsusi diqqət etməsi çox vacibdir. Bu dövrdə immun sistemi üçün vacib olan kalorili qidalar - təzə ət, proteinli qidalar, meyvə-tərəvəz çox yeyilməlidir. Şirniyyatlardan maksimum uzaq durmaq lazımdır”.

Evdə yataraq vaxt keçirmək koronavirus riskini artıra bilər

Ekspertin sözlərinə görə, hərəkətsiz qalmaq ağciyərlərin fəaliyyətinə mənfi təsir göstərə bilər:

“Şərt deyil ki, insanlar evdəki vaxtlarını yataraq keçirsinlər. Evdə ola-ola fiziki aktivliyi təmin etmək olar. Bunun üçün müxtəlif gimnastika hərəkətləri və idman etmək lazımdır. Hərəkətsiz qalmaq ilk növbədə ağciyərlərin fəaliyyətinə mane olur, durğunluq yaradır. Bu da bədəndə virus və mikrobların çoxalması ilə nəticələnir. Əksinə, ağciyər hərəkət etdikcə mikroblar bədəndən çıxır.

Hərəkətsiz qalmaq təkcə ağciyərdə yox, bütün orqanizmdə durğunluq yaradır. Sadəcə, koronavirus infeksiyası ağciyərləri zədələdiyi üçün bu orqanın yaxşı vəziyyətdə olması çox vacibdir.

Vaxtının böyük hissəsini evdə keçirən şəxslərin uzun müddət telefona və televizora baxması göz üçün də zərərlidir. Ona görə də mütəmadi olaraq hərəkət etmək lazımdır”.

Xatırladaq ki, martın 14-dən etibarən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə bir aylıq xüsusi rejimin tətbiqinə başlanılıb.