İcra hakimiyyətinin vəzifəli şəxsləri cəzalandırılıb

  • 25 mart, 2020 22:28
İcra hakimiyyətinin vəzifəli şəxsləri cəzalandırılıb

24 mart 2020-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində Süleyman Mikayılovun sədrliyi ilə 14 mart 2020-ci il tarixində yaradılmış xüsusi qərargahın rayon ərazisində aparılan dezinfeksiya işlərinə həsr olunmuş müşavirəsi keçirilib.

"MediaPost"un xəbərinə görə, müşavirə zamanı bildirilib ki, rayonun Lökbatan və Ələt qəsəbələrində ciddi nöqsanlar buraxılıb və bu qəsəbələrdə aparılan dezinfeksiya işləri qeyri-qənaətbəxş hesab olunub.

Rayon ərazisində aparılan dezinfeksiya işlərində buraxılmış nöqsanlara görə rayon İcra hakimiyyəti başçısının birinci müavini Emil Abbasova və Lökbatan qəsəbə nümayəndəsi İlham Yusifova töhmət verilib, Ələt qəsəbə nümayəndəsi Eldar İbrahimov tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, ötən gün Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib. Müşavirə zamanı şəhərin mərkəzi hissəsində və ətraf ərazilərdə dezinfeksiya işlərinin aparılması ilə bağlı monitorinqlərin nəticələrinə toxunulub. Nəticələrdə şəhərin mərkəzində və mərkəzə bitişik ərazilərində qarşıya qoyulan vəzifələrin əsasən icra olunduğu qeyd edilsə də, bir sıra ərazilərdə ciddi nöqsanların mövcudluğu diqqətə çatdırılıb. Belə ki, Qaradağ rayonunun Ələt və Lökbatan qəsəbələrində bu işlərin qeyri-qənaətbəxş icra olunduğu və qarşıya qoyulan vəzifələrin lazımi səviyyədə təşkil edilmədiyi bildirilib. Müşavirədə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ciddi tənqid olunub və ona xəbərdarlıqla töhmət verilib.