Parkinq qaydasını qəsdən pozan bahalı avtomobil sahibləri...

  • 20 fevral, 2020 14:30
Parkinq qaydasını qəsdən pozan bahalı avtomobil sahibləri...

Cəmiyyətdə sosial statusa malik bir sıra imkanlı şəxslər hansısa ticarət mərkəzlərinə, brend mağazalara yaxud digər məkanlara gedən zaman avtomobillərini bu obyektlərin qarşısında saxlayırlar. Həmin şəxslərə (yaxud sürücülərinə) avtomobilin başqa yerdə saxlanılması ilə bağlı xəbərdarlıq olunduqda isə onlar "nə istəyirsən elə, uzaqbaşı cərimə yazacaqsan" deyərək qanunlara laqeyd yanaşır. Bu şəxslər cəriməni ödəmək imkanına malik olduqları üçün dəfələrlə bilərəkdən qayda pozuntularına yol verirlər.

Ekspertlər bildirir ki, qanun qarşısında hər kəs bərabər olduğundan, sosial statusundan asılı olmayaraq hər kəs qanunlara əməl etməyə borcludur. Yəni, “Pulum var, cəriməni ödəyərəm” düşüncəsi əslində qanunları pozmaqdır.

Mövzu ilə bağlı “MediaPost”a açıqlama verən yol-nəqliyyat eksperti Eldəniz Cəfərov sözügedən şəxslərin qanunun tələblərinə əməl etməsi üçün bir sıra addımlar atıldığını deyib:

“Cərimə qanunu pozanlara qarşı təbiq olunmuş cəza növüdür. Burada hər hansı bir cinayət tərkibi yoxdur, lakin həmin şəxslər dəfələrlə bilərəkdən qaydanı pozursa, hərəkətin intensivliyinə mane olursa, bu zaman Bakı Nəqliyyat Agentliyinin (BNA) addım atmalıdır. Agentlik əməkdaşları belə avtomobillərin nömrə nişanlarını Dövlət Yol Polisinə (DYP) göndərməli, DYP əməkdaşları həmin sürücü ilə danışmalıdır. Sürücü polisin tələbinə əməl etmədiyi təqdirdə o, məsuliyyətə cəlb edilə bilər. Yəni DYP bilərəkdən qayda pozan sürücülərin işlərini məhkəmələrə göndərməlidir”.

Ekspert həmçinin təkrar-təkrar qayda pozuntusuna yol verən bahalı avtomobil sahibləri üçün cərimə qiymətlərinin artırılması ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib:

“Belə şəxslərə qarşı cərimələrin yüksəldilməsi sosial ədalətsizliyə səbəb olar. Cərimələr təyin olunarkən vətəndaşın sosial təminatı, maddi imkanı əsas götürülmür. Bütün vətəndaşlar üçün cərimə eyni olmalıdır. Ona görə də bu insanlarla mübarizə üsulu ictimai qınaq və təbii ki, polis tərəfindən məsuliyyətə cəlb edilmə ola bilər”.

E.Cəfərovun əlavə edib ki, hazırda paytaxtda mövcud olan parkinq probleminin əsas səbəbkarlarından biri məhz sosial statusu nisbətən yüksək olan şəxslərdir.