Yeni mexanizm: sahibkarlar cərimələnəcək - EKSKLÜZİV

  • 7 fevral, 2020 13:11
Yeni mexanizm: sahibkarlar cərimələnəcək - EKSKLÜZİV

"Bu tendensiya demək olar ki, təkcə paytaxtda deyil, ölkənin hər yerində geniş yayılıb. Ona görə hesab edirəm ki, bununla əlaqədar ciddi tədbirlər görüləcək"

Son illərdə paytaxtda və bölgələrdə açılan ictimai iaşə obyektlərinin bir çoxunun adlarının xarici dildə olması müşahidə edilir. İnsanların bir qismi bunu müasirləşmə, günün tələbi hesab etsə də, digər qisim dilə özgə münasibət kimi qiymətləndirir.

Mövzu ilə bağlı “MediaPost”a danışan Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq Şöbəsinin aparıcı elmi işçisi Şahlar Məmmədov obyekt adlarının xarici dillərdə olmasını mənfi hal kimi qiymətləndirib.

Azərbaycanda yeni mərkəz: Vətandaşlar cərimələnə bilər- EKSKLÜZİV

O bildirib ki, sözügedən problem artıq bu ildən etibarən dövlət səviyyəsində həllini tapacaq: “Prezident İlham Əliyevin fərmanı ilə Dövlət Dil Komissiyasının nəzdində Monitorinq Mərkəzi yaradılıb. Bu mərkəz qarşısında məhz reklam, iaşə obyektlərinin adlarının xarici dildə olması və yazılışı və s. ilə əlaqədar çox ciddi məsələlər qoyulub. Obyekt adlarının təkcə ingilis dilində deyil, fransız, rus və digər dillərdə olması və yazılışındakı qüsurlar, anlaşılmazlıq yaratması narahtlıq doğurur. Bu tendensiya demək olar ki, təkcə paytaxtda deyil, ölkəninhər yerində geniş yayılıb. Ona görə hesab edirəm ki, bununla əlaqədar ciddi tədbirlər görüləcək”.

Ş.Məmmədov Monitorinq Mərkəzinin əsasən tövsiyə və maarifləndirmə xarakterli fəaliyyət göstərəcəyini deyib: “Mərkəz bir neçə aydan sonra tam şəkildə fəaliyyətə başlayacaq. Artıq nizamnamə hazırlanıb və işlər buna uyğun qurulur. Bu mərkəzin fəaliyyətində Dil haqqında Qanun əsas götürülüb. Qurum Nazirlər Kabinetinə tabe olduğu üçün nəzarət də çox ciddi olacaq.

Mərkəz fəaliyyətə başladıqdan sonra səhvlərin aradan qaldırılması ilə bağlı obyekt sahibləri qarşısında konkret olaraq öhdəlik qoyulacaq. Əvvəlcə mərkəz müşahidə və təhlillər aparacaq, onları emal edəcək və ümumi problemlər müəyyənləşdirildikdən sonra həmin müəssisəyə sorğular göndəriləcək ki, səhvlər aradan qaldırılsın. Əslində, burada məqsəd maarifləndirmə işi aparmaq, dil sevgisi aşılamaqdır. Dil pozuntularına yol verən tərəflərin, obyekt sahiblərinin maarifləndirilməsi üçün mərkəzin nəzdində təlim kursları da fəaliyyət göstərəcək.

Bu mərkəz Azərbaycan dilinin tətbiq olunduğu bütün sahələrlə, o cümlədən reklamlar, obyekt adları, kütləvi informasiya vasitələri, nəşriyyat işləri və s. yerlərdə dil normalarının qorunmasına ciddi nəzarət edəcək”.

Ekspertin sözlərinə görə, dil normalarının pozulması ilə bağlı xəbərdarlıqlara məhəl qoymayan şəxslər cərimələnə bilər:

“Təyin olunmuş müddətdə pozuntuların qarşısı alınmasa, cərimə tətbiq olunacaq. Əslində, qanunvericilikdə bu barədə xüsusi maddə yoxdur, amma hesab edirəm ki, bunun tətbiqinə ehtiyac yaranıb. Çünki indiki qloballaşma şəraitində dili qorumaq bir qədər mürəkkəb məsələdir”.

Billurə Yunus / “MediaPost”