Söz oyunu - “Yəhudi əlifbası” romanına iqtibas
10.12.2019 14:00 Fikirlər

Söz oyunu - “Yəhudi əlifbası” romanına iqtibas

Bu dəfə dünyaya Seyran Səxavət tərəfdən baxası oldum. Amma sözü at kimi minib çapmağı mümkün eləyən yazılı əraziləri “Adam əti yemirəm” deyən yazıçıdan hürkdüyüm üçün bəri başdan bölüşməliyik. Müəllif kimi bütün dırnaq arasında olan ucsuz-bucaqsız sətirləri ona verdim, yerdə qalanı mənim. O, elə ön sözündə deyir ki, “mənim yanımda dayansan peşman olarsan”. Ona görə də oxucu, “zaman dayanan” dünyaya keç, mən tərəfdən bax. “Ancaq əsnəmə, əsnəsən səni qovacam”.

Bu balaca dünya heç də gözəgəlimli, yaşamalı dünya deyil. Balaca niyə dedim, bilmirəm. Yəqin bös-böyük dünyada yalnız nəfsin sivişib keçə biləcəyi ölçüdə nəfəslik açıb sizi içəri çağırmağın özü də böyük qəddarlıqdır. Amma “bu pəncərə mənimdir, mən bu pəncərədən dünyaya baxıram”. Çox da darıxmazsan, “gedək saa bənövşə yığım” buradan. Gəl qabaqcadan şərtləşək, tanış gələn bir şey olsa, məsələn “şərəf və ləyaqət alveri” gözünü deşsə, söz ver ki, barmağını uzadıb çığırmayacaqsan, “pis olar, tez ol, barmağını dişlə”.

Əgər bu dünya sənə heç tanış gəlmirsə, ayağını bir başmağa dirəyib tanımıram deyirsənsə, gəl yolgöstərən olum, kimliyini bilərsən. Bu, bir həqiqət axtarışı da deyil, sadəcə, ekskursiyadır. Buralarda “gözəllik damarı qaçmış bulaq kimi yavaş-yavaş qurumaqdadır” deyə, turist-filanı içəri buraxmağa utanırıq. Necə deyərlər, ev adamı üçün. Burada ağaclar insanlardan narazıdır, quşlar, heyvanlarsa adamdan qorxur. “Ağaclar deyir, “sizin şəhəriniz küləklər şəhəridir. Bizə vətəndaşlıq versəniz - istəsəniz şəhərinizi mühasirəyə alarıq, ən güclü küləyi mehə döndərib şəhərə buraxarıq”. İnanmırıq, bir qəpiklik həyatımızı etibar etmirik, nə ağacı bəyənirik, nə dağı, nə də çayı yola veririk. “Sabah bir də gördün, dağ, ya da çay böyük bir şəhəri verdi məhkəməyə ki, a qardaş, sən evinə gedəndə mən sənin qabağını kəsirəm?”. Nə deyəcəksən?! Dağ, çay, bulaq, ağac insan deyil ki, gözünün içinə baxıb yalan danışasan. “Sözümüzlə əməlimizin düz gəlməməyi Allah və Yer kürəsi qarşısında bir cinayətdir, özü də mütəşəkkil cinayət. Adam heç öz anasına qalib gələr, hə?.. Biz hər dəfə ana təbiətə qalib gəldikcə ona məğlub oluruq, özü də bu məğlubiyyət çox acınacaqlı olur”. Ona görə də buranın adı “Qarışığıstan”dır. Məhv olmuş təbiətə görə də, yurdsuz insanlara görə də fikir çəkmə heç. “Şəhidlərdən fərqli olaraq təbiətin qanı heç vaxt yerdə qalmır”.

Bu dünyada mələklər qışqırası olsa “şeytanlar dünyanın hər yerindən tökülüb gəlir” və “şeytanların qəhqəhəsi mələklərin qulaq pərdəsinə tərəf sürünməkdə” olsa da “hər sərv ağacının dibində bir pişik xoşbəxtdir”. Niyə də olmasın?! Axı biz yaşamırıq, “biz tərəflər dünyanı yalnız yamsılayır”, vəssalam. “Adamvari böyüklərdən biri deyib ki, mülkü olmayanın vətəni də olmaz”. Ona görə də mülkünü itirənlər vətənsiz qalıblar. Vətənsiz qalanlarsa acığını sən-mən qarışıq bütün dünyadan çıxarır. Burda insan torpaq dərdi çəkməz, parçalanmış Vətən deyəndə ürəyinin başı ağrımaz. Ona görə də ən böyük dərd - nənələrin, arvadların “yastığının parçalanması “Gülüstan” müqaviləsini xatırladar”. Seyran Səxavətə day nə deyim, kitabının adı da səhvdi “ya nənə dili olmalıdı, ya da bajı dili.... uzaqbaşı qağa dili”.

Deməzdim ki, “Yəhudi əlifbası”nı oxumaq mənə asan başa gəldi. Bu romanın qəhrəmanları ədayla qarşımda peyda olduqca (Şərəfsiz, Arsız, Acgöz, Kasıb, Gəda, Tərs, Yalançı, Zor, Zırrama, Anasıgöyçək, Xoşqeyrət, Anaəmcəyikəsən, Yalahürən, Adamyeyən, Tərif, Haqsız, Ağyalan) xarici filmlərdəki kimi kadr arxasında hırıldayanlar heç yox idi. Üzücü bir sükut personajların təbəssümünü xımır-xımır yeyirdi. “Ölü sükutdan iylənmiş insan cəsədinin qoxusu gəlirdi”. Qorxulu idi, bəlkə mən də onlardanam?! Amma qarşındakının güzgü olmadığını da anlayırsan. “İndi mən dünyanın tən ortasında özlərini tapdayıb keçənlərlə təkbətək, üzbəüz dayanmışam”. Və bu fikirdən diksinib dərhal özünü axtarmağa başlayırsan. Tapa bilmədinsə, vay halına, demək onlardansan... Bəlkə “məni ağac kimi basdırmışdılar ki, burada bitim – deyəsən, bitmişdim də, tumurcuqlamışdım da, pıçır-pıçır tər tökürdüm, mən də belə tumurcuqlayırdım”. Mən utanc təriylə tumurcuqladığımı bilirdim, anlayırdım. Amma onları “elə bil ayaq üstə basdırmışdılar. Adamlar bilmirdilər ki, qurşağa qədər çürüyüb torpağa qarışıblar”. Torpaq olublar, vətənə daş olublar, Vətənsə olmayıblar. Sənə aid olmasa, yəni kənardan baxanda bu, sanki “kədərə oxşayan bir şeydi”. Uşaq xəstəlikləri kimi, yoluxursan, amma keçib gedir. Sağalandan sonra immunitetin yaranır. Heç kimin halına daha yanmırsan.

Kimin vecinədir ki, “sənin ulu babanın qanadları olub...”. Sən ki elə mənim kimi qanadlana bilmirsən artıq. Bu diyarda da quşlar uçur, amma onlar insanlar kimi “Allahdan qorxmur, adamdan qorxur”. Hərdən “mən də göylərdənəm...” deyib quşların dalınca hayqırmağın gəlir. Bəlkə birisi səsimə çönüb baxardı, “mən ona əl eləyərdim, o mənə qanad”. “Üzü yuxarı Allaha doğru təhlükəsiz qatda” pərvazlanardıq. “Belə yerdə heç yeriməyəsən də... quş olub uçasan, günaha batmayasan”, yer üzü xirtdəyəcən günah içindədi. Vətənsiz vətəndaşlar canını özüylə sürüsə də “olduğun yerləri tərk edib uzaqlara uçmaq hünər istəyirdi ki, bu da sərçələrdə olmaz”. “Eh, get, ey Qumru, sən o Qumru deyilsən”, sənin ciggiltin mənim ürəyimdə belə səsləndirə bilmədiyim azadlıq nəğmələrindən daha gözəlmiş. Niyə axı “onun oxuduğu nəğmələrin içində qaranlığa həsr edilmiş bir dənə də nəğmə yox idi?!”.

Hələ dolaşmaqdan bezib amma azmadığım bu dünyada “Ağacı kəsib gövdəsindəki dairələrə nəzərən yaşını sayan” kimi insanların ümidini kəsib gününü sayırlar. “Özünü axtaran adam”dan soruşsan ki, məqsədin nədi, nə olmaq istəyirsən? Gör nə deyər: “Bir az yekələndən sonra quzu otaran olajam. Bir az da yekələndən sonra qoyun otaran olajam. Bir az da yekəlib yekə kişi olandan sonra camış otaracam, naxırçı...”. ...Bəyəm gülməlidi ki, qarnını tutub yerə sərələnirsən? Mən də sənə baxıb barmağımı gicgahımda fırladıb deyirəm “O söz...”. “A qibləsiz”, “qələmkar”, şairə inanan, “iki adamdan bir adam düzəltməyi” həyatına məqsəd qoyan dünyadan bixəbər, “sən adam deyilsən, bir torba külsən. Yanıb kül olmuş toxum heç vaxt cücərməz”. Otur gözlə, nə vaxt küllüyünə bir toxum düzər, “sevin ki, bəlkə külün altından gözəllik cücərdi”.

Bu dünyanın camaatının xasiyyətini bilmək istəsən dediklərinə bir bax: “Ana bətnindən evimizə gəlmişdim, dünyaya yox. Mən doğulanda altı yaşım vardı”. O doğulduğunu da xatırlamır. Böyüyüb dam boyda adam olan kimi “çörəyi yediyi kimi qapazı da yeməyə” başladı. Bu adam “ata-anasından çox sözünə oxşayır”. Ağzından çıxardığı sözün eybəcərliyindən sir-sifəti də dəyişmişdi. İnsan yalnız “güləndə sifətində içinin şəklini çəkər”. Amma arabir “onun gözündən ürəyinə gedən balaca cığırı” görmək mümkün olur. Çünki hər gün haram yediyinə görə “burnumun deşiklərindən süd gəlib tökülür”. Bu ağrılı proses onu bir qədər saflaşdırır, incəldir, yumşaldır. Ona görə də arabir aramsız və mənasız “gülüşü tükənir və gözlərinin bulağından damcılayır”. O, hərdən anlayır ki, son dərəcə tənhadır və güman yeri də yoxdur. Bəlkə də həmin səbəbdən daim dodaqaltı pıçıldayır sanki “bir özüm idim, onu da itirmişəm. Əslində, elə mən heç nəyəm” deyib durur. Qüsurlarını üzünə desən, tərifə çox nəfsli olduğundan dərhal hiddətlənəcək “mən alçaq deyiləm, hündürəm” deyib çığıracaq da. Çünki yalnız yalan oxuyan “şeytan xoru”nun səsi qulaqlarını batırıb və göylərin səsini eşitmir. “O cür adamların tirajı çoxdu, allahlıq eşqindədirlər, yüz il tərifləsən iyrənməzlər”. Tərif istəməyən “nadir adamların kökü kəsilməkdədir...”. Niyə heç kim bunlara demədi ki, “insanın daxili dünyasının havasını dəyişmək üçün bir qızılgülü qoxlamaq kifayət edir?!”.

Bu dünyanın bir dəyişməz qaydası var: Ağıllı olmaq olmaz! Qəti qadağandır! “Narkoman dozadan artıq qəbul eləyəndə məhv olur, insan da dozadan artıq ağıllı olanda”. Nataraz dünyada ağıllı adamları it kimi iy çəkib dərhal duyurlar. “Ağıl ürək deyil ki, döyünsün, - heç nə eşitməyəsən” adamın gözünə girir. Kimsə ağla tamarzıdır, kimsə azadlığa. Ağıllı olsan bütün bu dünyanı yola verməli olacaqsan. Dünya bir yana qalsın, yola vermək olur, həyatın “ən çətin işlərindən biri özünü yola verməkdi”. Alınmadısa, çıx qırx yolun kəsişdiyi yerə, “gördüklərindən göz kirəsi istə... dolanarsan”. Əjdaha suyun qabağını kəsən kimi sən də elmin, gözəlliyin, sənətin, həyatın, həqiqətin qabağına bir qayma daş gillət və çıx otur üstündə. Qoy sənə ödəsinlər... “Dünyanın yaraşığı puldur, yerdə qalanı əl çirkidir”. Elə deyilmi?..

Bu məmləkətin sualları bitib-tükənməz. Amma cavablar dərhal sualdan sonra səslənsə də, heç nəyi izah edib aydınlatmaz, cavabsız suallardan qəti fərqlənməz:

  • Nə alıb satırsınız? Hər şey...
  • Səni kim azdırıb? Şeytan...
  • Siz tərəflər haradır? Xəritəyə düşməyib...
  • Dizi üstə addımlaaa, marş! Hara gedirsiniz? Cəhənnəmin isti guşəsinə! Geri qayıdın, yollar bağlıdır!
  • Sən özünü çoxdan axtarırsan?
  • Sən öz ürəyini görə bilərsən?
  • Bəs nəfsin çarəsi varmı sizdə, bir də məhəbbətin...
  • Mən adam deyiləm. Bəs kimsən? Mən uşağam.
  • Mən sözəm. Bəs niyə bu gündəsən?! Mən sənin ağzında iylənmişəm. Söz deyilməyəndə iylənər.

Mənzərə çox qaranlıq oldu sanki. Başqa məmləkətlərdə yolu söz adamları işıqlandırar, “biz tərəflərdə isə şairləri yığışdırıblar”. Abırsızlar, nə görsələr yazırmışlar, çəkib göstərirmişlər… Bunu da görən “Allah deyir ki, filmlərdə, kitablarda qoy mənə dünyanı dağıtmağın yolunu göstərməsinlər”. Onsuz da dağılmağa məhkumdur, “böyük əksəriyyətinin çörəyi şərdən çıxan yerdə” idarəçiliyi Allah yox, “bığlı ilanlar” ələ alar.

Onlar yaşamaq əvəzinə baş qaldıran suallara cavab verməyə çalışdığından “onların dili sözünü kəsirdi”. Buralarda da söz bıçaq kimi kəsir, hərə cibində bir bıçaq yox, söz gəzdirir. “Mən başımın fikirləşdiyini ürəyim istəyən kimi dilimə gətirəndə səmavi bir rahatlıq tapıram” deməyə cəsarətin çatsa, cavabında “sənin rahatlığın çox bahadır” eşidəcəksən. Bu dünyada rahatlıq tapmaq “iynə ilə şəhid qəbri qazmaq qədər ağırdır”. Düzdür, “xalq ağıl verən şeirlərə daha çox meyilli” olsa da, SÖZ dəyərsizdir. Sözü o üz bu üz çevirməzlər, həqiqətə baxa bilmirsən üzünü çevir. “Stalin demişkən, mən sözü hinduşkaya dəyişmərəm”. Gördüklərin sənə dünyanın özü boyda haqsızlıq kimi gəlsə üzünü yuxarı tutub bir ağız dua elə, Allaha yalvar, rəhm dilə. Eşitmədi?! Bir də elə. Yenə alınmadı?! Üstəlik, “bir az da ağla, verəjək...”

Əlbəttə, “bu toxların acından ölənlər üzərində təntənəsidir”. Dünyanın bu zəngin günündə “aclıq çəkmək şəkil çəkməkdən, ağrı çəkməkdən, ah çəkməkdən, dərd çəkməkdən, xətt çəkməkdən, həsrət çəkməkdən mərtəbə-mərtəbə çətindir. Adamları aclıqla imtahana çəkmək layihəsinin müəllifi də adamlardır”. Nəfsini yığ, gözünə kabab təpişdirənlərin sifətinə bax və gözü tox ol deyənlərə etibar eləmək olmur, “gözlə çörək yemək başqasının yerinə danışmaq qədər çətindi”. Ən yaxşı insanlar qəbirsanlığa köçüb deyə torpağın altı cəzbedici görünməyə başlayıb. Bəzən yaxşı insanı torpağa verəndə “meyit təzəcə qazılmış qara torpağın altında uzun bir işıq kimi apaydın görünür”.

Seyran Səxavət mənə “Yəhudi əlifbası” romanını oxumağa və fikir deməyə verəndə sevinmişdim. Oxudum və “qaldım sevincimin xarabalığında”. Ümumi mənzərədə kiçik nöqtə qədər də olsam, onun bir parçası olmağım içimi dağım-dağım elədi. Amma “yaddaşımı bu sözlər sığalladı: Allahın vacib bildiyini vacib bilməkdir və bu vacibdən vacib yoxdur!”. Dünyaya həmişə pis gözlə baxmaq olmur. Əvəzində o sənə pis-pis baxa bilər. Gərək biləsiz, “dünyada ancaq murdar şeyləri görən adamların içindən üfunət göyərər”. Heç kim özünü təhqir edilmiş, alçaldılmış, mənliyinə toxunurlarmış kimi də aparmasın “olmayan şeyi mən necə təhqir edə bilərəm”.

Heyhat, “Dünya bir şanapipik yumurtasına dəyməzmiş!..”. Adam lap “ümidi buradaca qoyub getmək” istəyir. Ha yazırsan yaz, danış, deyin, lap qışqır ölənəcən. İstəyirsən, “içim boşdur, oranı samanla doldurardılar” deyən müəlliflə min il söz güləşdir. Çətin dəyişə. “Buna Allahın rəhm büdcəsi də dözə bilməz”.

***

Hə, necədir?! “Gəldin. Gördün. Get!” İyrəncdir?! Bəli, amma həqiqətdir. Bu sənin və mənim birgə yaşadığımız real dünyadır. Bu dünyanın reallığına “mən inandım, qaldınız siz”. Sonunda Seyran Səxavət özü də elə dedi: “Nə vaxt darıxsan çıxıb gedərsən...”. Arxayınlaşmayın, ağac əkdim, ev tikdim, oğul böyütdüm deyib rahatlanmayın, “bundan sonra belə olmayacaq, uşaqlar sizin gələcəyiniz yox, bu gününüz olacaq”, gələcəyinizi murdarlamısız. Heç bilirdinmi “Allah bu dünyanı böyüklərdən xilas edib uşaqlara vermək istəyir?” Mən bildim. “Böyüklər qırılandan sonra bütün küçələr, yollar bizim olacaq”. Onsuz da sonunda “dünya uşaqlara qalasıdır...”Söz oyunu - “Yəhudi əlifbası” romanına iqtibas

İ. Bosx – Yerdəki cənnət həzzi

Xəbərlər departamenti

Gündəm