Sözün “vur”madığı mövzular: ədəbiyyatda Qarabağ məsələsi - Sorğu
27.02.2020 10:56 Fikirlər

Sözün “vur”madığı mövzular: ədəbiyyatda Qarabağ məsələsi - Sorğu

Ədəbiyyat təsvir edir, təhkiyə dili və tərənnümü, bəzən də tənqidi mövqeyi ilə ictimai ovqatı yaradır, statik fikri formalaşdırır, istiqamətləndirir.

Demək olar ki, heç bir dövrdə boşluq yaratmayan Azərbaycan ədəbiyyatı bu gün də müasirlərinin məhsulları ilə eyni qədər oxunur, qəbul edilir. Zaman ədəbi mövzu yetişdirir. Bu gün hər kəs üçün taleyüklü mövzu olan Qarabağ məsələsi işlənilibmi?

Sevil Gültən (tərcüməçi-yazar):

“Mən bu yaxınlarda “Qanun” nəşriyyatının sifarişi ilə Heather Morrisin “Auşvitz tatuirovkaçısı” kitabını tərcümə etdim. Kitab İkinci Dünya müharibəsindən, Auşvitz əsir düşərgəsindən bəhs edir. Çox istərdim ki, bizim ədəbiyyatda da müharibə ilə bağlı belə bir roman yazılsın. O kitabı tərcümə edərkən sanki mən özüm də əsirlikdə oldum. Bizim ədəbiyyatda Qarabağ müharibəsi ilə bağlı hekayələr, romanlar yazılıb, amma təsir gücü azdır. O ağrılar, o dəhşətlər hələ ədəbiyyatımızda olduğu kimi əks olunmayıb. Yeri gəlmişkən, Elçin Hüseynbəylinin bu mövzudakı hekayələri güclüdür".

Tural Turan (Şair-publisist, jurnalist):

“Təəssüf ki, Qarabağ məsələsi ədəbiyyatımızda çox da geniş işlənməyib. 1990-cı illərdə və 2000-ci illərin ortalarına qədər ölkə çapında səs-küy yaradacaq bir-iki əsər görmək olar. Əlisəfa Azayevin “Qanlı gündəlik”ini buna misal göstərə bilərik. Amma bu əsərlər yetərli deyil. Qarabağ mövzusu uşaq ədəbiyyatımız üçün də işlənilməlidir. Bu istiqamətdə az sayda əsər tapmaq olar ki, uşaq və gənclər üçün yazılsın. Ən əsas məsələ odur ki, biz Qarabağ faciələrini dünyaya çıxara bilmədik. Bu, kiçik və orta həcmli əsərlərin dili ilə dünya oxucularına çatdırıla bilərdi. Dünya yeni nəsr və təhkiyə dilinə keçib. Bizim Qarabağ mövzusunda olan-qalan əsərlərimiz isə “sovet nəsr dili”nə xasdır. Modern dünya oxucusunun başa düşdüyü və həzm edə biləcəyi əsərlərimiz yoxdur və bu, üzücüdür”.

Həcər Paşayeva (dil-ədəbiyyat müəllimi):

“Qarabağ məsələsi ədəbiyyatda, təbii ki, əksini tapmamış olmaz. Ədəbiyyat həmişə zamanı əks etdirib, ona güzgü tutub. Bu mövzuda yaranan ədəbiyyatın tam siyahısını verə bilməsəm də, onu deyə bilərəm ki, mövzu poeziyada daha çox və geniş işlənib. Dram və nəsr əsərləri də az deyil. Elə son vaxtlar yazılmış əsərləri demək olar. Aqil Abbasın nəsr əsərləri, Meyxoş Abdullahın “Alagöz” və “Əsir qadın” əsərləri maraq doğurur. Bu, ölkə hüdudlarını çoxdan aşmış, qlobal mövzudur. Qarabağ məsələsini səngiməyə qoymaq olmaz. Daha böyük məzmunlu və yüksək səviyyəli, dünya arenasına çıxarıla biləcək əsərlər yazılmalıdır”.

Mirmehdi Ağaoğlu (yazıçı):

“Münaqişənin ilkin dövrlərində Qarabağ məsələsinə müxtəlif əsərlər həsr olunub. Ədəbiyyatımızda bu mövzuda hər iki yanaşma istiqamətində əsərlər yazılıb. Aqil Abbasın “Dolu” romanı müharibə qəhrəmanlarının davranışlarını, Qarabağda qəhrəmancasına döyüşən insanlardan bəhs edir. Müharibənin insan həyatındakı fəsadlarını göstərən əsərlərə gəldikdə isə Şərif Ağayarın hekayələrini, “Arzulardan sonrakı şəhər”, “Komandir” romanlarını, Seymur Baycanın “Quqark” romanını və bir sıra hekayələrini, o cümlədən Samirə Əşrəfin hekayələrini qeyd edə bilərik. Bu əsərlərdə müharibənin ağrı-acısı, bir sözlə insan həyatındakı təsiri görünür.

Yalnız Qarabağ mövzusunda əsərlər yazıldı-yazılmadı, fərq etmir, uşaqlığı 90-cı illərə düşmüş, xüsusən də Qarabağ müharibəsinin getdiyi zonada böyümüş, o müharibənin təsirini birbaşa öz həyatında, taleyində yaşamış qələm adamları sonradan başqa mövzulara müraciət etsələr belə, Qarabağ onların yaradıcılığında qırmızı xətt kimi həmişə keçəcək. Adını çəkdiyim bu müəlliflərin Qarabağdan bəhs etməyən əsərlərində belə, müharibənin fəsadlarını görmüş insanların travmaları əks olunur. Bu, bizim ədəbiyyatımızda dominantlıq təşkil edən məsələdir”.

Azadə Yolçu, "MediaPost"

Xəbərlər departamenti

Gündəm