Süd vəzi xərçəngi olan xanımlara şad xəbər: "ödənişsiz yardımlar olacaq"
14.02.2020 12:38 Fikirlər

Süd vəzi xərçəngi olan xanımlara şad xəbər: "ödənişsiz yardımlar olacaq"

Azyaşlı uşaqlardan tutmuş yaşlı insanlara qədər bu xəstəliyin müxtəlif növlərinə tutulurlar. Hər il xərçəngin tam müalicəsinin tapılması ilə bağlı xəbərlər yayılsa da, hələ də insanlar bu səbəbdən dünyasını dəyişir. Qadınlar arsında isə süd vəzi xərçəngi çox geniş yayılıb. Araşdırmalara görə, hər 8 qadından 3-ü bu xəstəliyə yaxalanır.

Tanınmış bloger Səma Abiyeva süd vəzi xərçənginə diqqət çəkmək və xanımlara dəstək olmaq məqsədilə kampaniya başladıb. Kampaniyada xanımlara təmannasız psixoloji, kosmetoloji, dietoloji, radioloji yardımlar göstəriləcək. Xəstəliyə yaxalanan xanımlarla görüş təşkil olunacaq və onlar üçün "Whatsapp" qrupu yaradılacaq.Səma Abiyeva kampaniya haqda "MediaPost"a açıqlama verib. O bildirib ki, bu barədə ideya təsadüf nəticəsində yaranıb:

"Azərbaycanın yerli iç geyimləri markası var. Markanın yaradıcısı Sübhan Hüseynovdur. Bu marka ilə əməkdaşlığa başlayarkən təsadüfən öyrəndim ki, onlarda bir çox tanınmış iç geyimləri markasında olmayan bir məhsul var. Onlar sırf süd vəzi xərçəngindən əziyyət çəkən xanımlar üçün protezli iç geyimi satırlar. Eyni zamanda daimi müştərilərinin bir qisminə bunlardan hədiyyə də olunur. Sözügedən geyiminin qiyməti də bazarda olanlarla müqayisədə xeyli münasibdir. Əvvəlcə həmin brendlə kampaniya başladıq. Kampaniya çərçivəsində bir çox xanımlara pulsuz protezli iç geyimləri, eyni zamanda süd vəzi müayinəsindən keçmiş xanımların 5-nə istədiyi qədər alt paltarı və gecəlik hədiyyə etdik. İndi isə həmin kampaniyanın ikinci mərhələsinə star verdik".

Süd vəzi xərçəngi olan xanımlara şad xəbər: ödənişsiz yardımlar olacaq

Bloger qeyd edib ki, artıq bu kampaniyanın ikinci mərhələsinə start verilib:

"Süd vəzi xərçəngi olan xanımlarla bu xəstəliyə qalib gələn xanımları bir araya gətirib, onların motivasiyasını yüksəldəcəyik. Sosial şəbəkəyə çıxışı olmayan xanımlar təəssüf ki, kampaniyadan çətinliklə xəbərdar olur. Biz bu cür xəstələri kampaniyaya qoşulmuş köməkçi həkimin pasiyentlərinin və ya mənim paylaşdığım postun şərh bölməsi, "direct"ə yazanlar arasından tapırıq. Kampaniyamızın bu xəstəliklə bağlı olmasının bir səbəbi xanımların qadınlıq hissinə mənfi təsir göstərməsi, ikinincisi, müalicəyə daha tez tabe olması, həmçinin abortlara diqqət çəkməkdir. Bu kampaniya çərçivəsində xanımlara maddi dəstək göstərməyi də nəzərdə tutmuşuq. Bu onların hesabına pul köçürülməsi formasında olmayacaq. Ödənişsiz formada biopsi xidməti, kimyəvi dərman terapiyası, ehtiyac olarsa, cərrahi müdaxilə də nəzərdə tutmuşuq. Əgər gələcəkdə maddi dəstək göstərmək üçün bizə müraciətlər olarsa, bunu bizim vasitəmizlə yox, birbaşa o xəstələrlə kontakta girərək edə biləcəklər. Çünki bu cür kampaniyalar ətrafında söz-söhbətlər də çox olur. Biz sadəcə, imkan yaradacağıq ki, xəstələrlə əlaqə qura bilsinlər".

Kampaniyaya qoşulan kosmetoloq Leyli Məmmədova da bu xəstəliyə qalib gələnlərdən olduğunu bildirib:

"Bu məsələni Səma xanım açıqlayanda həm kövrəldim, həm də sevindim. Bu xəstələrə mənəvi də olsa, kömək etmək hər bir kəsin borcudur. Mərkəzimizdə pasiyentlərə kosmetoloji yardım göstərməyə hazırıq. Düzdür, bu xəstələrə 3 il müddətində cavanlaşdırıcı, güclü prosedurlar olmaz. Ancaq aparat, zərərsiz qulluq prosedurları həyata keçirəcəyik ki, onlar özlərinə qarşı küskün olmasınlar. Mən özüm də bununla mübarizə apardım və qalib gəldim. Diaqnoz ilk qoyulanda insada ruh düşkünlüyü yaranır. İlk gündən özümü pozitivə köklədim, çünki ruh düşkünlüyü yaşadınsa, oradan çıxmaq çox çətin olur. Əməliyyata da gülə-gülə girdim. Bu xanımlara da tövsiyəm odur ki, qorxmasınlar. Bütün xanımlar iki ildə bir dəfə mamoqrafiyanı keçsin və özlərinə qarşı diqqətli olsunlar".

Süd vəzi xərçəngi olan xanımlara şad xəbər: ödənişsiz yardımlar olacaq

Kampaniyada öz psixoloji dəstəyini göstərəcək Aida Nəbiyeva bu tip kampaniyanın çoxdan başladılmalı olduğunu qeyd edib:

"Bizdə onkologiya xəstəliyi pasiyentlər tərəfindən düzgün qavranılmır. Ona görə, həmin insanlar çox ciddi təşviş içərisində olur. Biz mərkəz olaraq bu tip pasiyentlərə çox yardım edirik. Lakin kollektiv şəkildə yardım daha effektivdir. Mərkəz olaraq bütün kollektivimizlə kampaniyada iştirak edəcəyik. Həmin xəstələri mütəmadi olaraq izləyəcək, maarifləndirici materiallar göndərəcəyik. Onlar üçün çox maraqlı yardım nəzərdə tutmuşam".

Kampaniyanın digər bir iştirakçısı radioloq Sevinc Musayeva xanım öz dəstəyi barədə fikirlərini bölüşüb:

"Xanımları qorxmamağa çağırıram. Bu xəstəliyin çox effektiv müalicə üsulları var. Biopsiyaya ehtiyacı olan xanımlara təmənnasız şəkildə yardım göstəriləcək. Üzümüzə gələn 8 Mart və Novruz bayramında xanımlar üçün kampaniyalarımız olacaq. 8 Martda iki günlük müayinə qiymətlərində endirim edilməsini nəzərdə tutmuşuq. Biz tək imkanı çatmayan xanımlara deyil, qocalar evinə, kimsəsiz uşaqlara da yardımlar edirik".

Kosmetoloq Günay Mikayılova xanım bildirib ki, kampaniya çərçivəsində xanımlarla maarifləndirmə işi aparacaq:

"Onkoloji xəstə olsalar da, onların da dərisinə qulluq lazımdır. Kimyaterapiya olunan pasiyentlərin dərisində ləkələr əmələ gəlir. Bu halda dəriyə qulluq vasitələri, nəmləndirici prosedurlar təklif etməyi planlaşdırmışıq".

Xəbərlər departamenti

Gündəm