Sükut tanqosu, yaxud susaraq qızıl xırdalayanlar necə oldu?
10.01.2020 14:10 Fikirlər

Sükut tanqosu, yaxud susaraq qızıl xırdalayanlar necə oldu?

"Sükut, sən eşitdiklərimdən ən yaxşısısan" - Şair Boris Pasternak

"Hər şeyin ruhu var, bu ruh özünü vibrasiya vasitəsilə göstərir" - Rejissor Oskar Fişenger

"Yeni musiqinin əsasında yeni texnika və texnologiyalar deyil, yeni düşüncə, bədii təfəkkür durur" - Bəstəkar Con Keyc

Bunu klinik ölüm keçirənlər daha yaxşı bilir, ölüm sükutla başlayır. İnsan bədənini tərk edən kimi ətrafında o qədər vahiməli, üzücü bir sükut olur ki, dərhal öldüyünü anlayırsan. Tunel, sonunda işıq, rahatlıq, səbatsızlıq, itirdiyin insanlarla görüş-filan (bunları o dünyadan qayıdanlar təsvir edir) sonra olur. Öldüyünlə barışandan sonra. Ona qədərsə üzücü bir sükut olur. Yəni o dünya və bu dünya arasında sərhəddə yalnız sükut durur. Bu dünyanın atributları – səs, qoxu, dad, rəng, duyğu, emosiya – hamısı arxada qalandan sonra azadlıq duyğusu əvəzinə ilk əvvəl qorxu gəlir. Çünki ardını bilmirsən. Sükutla baş-başa qalmağından da çox qorxursan, çünki onu heç tanımırsan...

Yaşadığımız dünya heç kimə sükutla tanış olmaq şansı vermir. Müasir dünya uğuldayır, titrəyir, gərnəşir, zarıyır, marçıldadır, inildəyir, hayqırır, bağırır, pıçıldayır... – bir sözlə baş-beynimizi ovub ovxalayır. Hamının heç olmasa qısa müddətə sükuta ehtiyacı var. Təbiətin qoynunda rahatlanmaq, stressinin atmaq, ruhunu sakitləşdirərək təbiəti, fəzanı dinləmək hər kəsin arzuladığı istirahətdir. Amma kimsə düşünmədi ki, bu hələki sükut deyil. Suyun səsidir, ağacların xışıltısı, quşların hənirtisi, torpağın nəfəsidir, sükut deyil. Bu fikrin ardınca düşüb dəhşət filmləri çəkənlər də az deyil. Çünki sükutdan qorxmaq insanın mahiyyətində duran nəsnədir. Qulaqların çəkilirsə, demək irəlidə nələrsə var. İnsan bilmədiklərindən çox qorxar.

Musiqi, səs-küy, sükut... Əksəriyyəti düşünür ki, bunlar qarşı-qarşıya durmuş anlayışlardır. Musiqi səs və pauzalardan ibarətdir, səs-küy varsa, bu yerində musiqi bitər. Sükut olması üçün hər şey susmalıdır. Hər halda ənənələr bunu diqtə edir. Amma XX əsr musiqisi, incəsənəti sübut etdi ki, bu belə deyil. Musiqi susdu, yerini sükuta verdi, bəstəkarlar səs-küylərdən musiqi “quraşdırdılar”. Səslənməyənin adını musiqi qoydular. Rəngsiz tablolar sərgilədilər. Küləyin “quyruğuna” qələm bağlayıb şəkil çəkməyə məcbur elədilər. Adamın lap bağırmağı gəlir: BU BOYDA AZADLIQMI OLAR?! Ey insan, lap ağını çıxardın. Düşünəndə ki, bu hadisələr hələ 100 il əvvəldən başlayıb, Qərb dünyası bütün azadlıqların dadına baxıb, səsi də, rəngi də, insan istəklərindən və niyyətindən azad edib, heyrətdən hayqırmağın gəlir. Razılaşmamaq olmur, axı niyə səs insan istəklərinə tabe olmalıdır?! Səsin emansipasiyası fonunda bizim qadın azadlığı, ya da bir qarış torpaq uğrunda çarpışmağımız o qədər gülünc görünür ki... Səsi sükuta qədər azad etməkçün bir nəfər də küçəyə çıxmadı, mitinq edib AZADLIQ! şüarı səsləndirmədi, qan tökülmədi. Səs, küy, sükut, rəng, emosiya, duyğu əlbəttə ki, yaradıcı insan təxəyyülündə tam azad oldu. Cəmiyyət bunu tam həqiqət kimi qəbul etmədi.

Cəmiyyət bunu heç vaxt qəbul etməyəcək də... Çünki musiqi duyumunun qapıları müxtəlif doqmalarla qapadılıb. Kimsə rep dinləyir, kimsə muğam, ya da caz, kimsə xalq mahnısından başqa heç nəyi qulağına almaq fikrində deyil. Necə bilirsiz, xumar gözlü sevgilisinə mahnı deyənlər Robert Pauşenberqin “Ağ lövhələr”ini anlaya bilərmi? Orda nə süzgün baxış, nə də üzük qaşından keçən incə bel təsvir olunmayıb. Ya da “üç badam, bir qoz” ritmini eşidən kimi əl-ayağını dinc saxlaya bilməyən birisi Con Keycin “4, 33” əsərindəki 4 dəqiqə 33 saniyəlik sükuta dözərmi? İncəsənət tarixində inqilabi dəyişiklər etmiş bu əsərlər hələ keçən əsrin 50-ci illərində yaranmışdı. “Mən yazdığım musiqini eşitmirəm. Ona görə musiqi yazıram ki, indiyədək duymadığımı eşidə bilim” deyən Con Keyc içindəki azadlıq duyğusunu tamaşaçısına da 4,33 dəqiqə zaman kəsiyində təklif eləmişdi. Amma zal sükutu eşidə bilmədi, əvəzində bayırda yağış səsini, alətin taqqıltısını, ayaq səslərini, zalın hiddətini, gülüşünü eşitdi. Sükut yenə də sirr olaraq qaldı. Musiqişünaslar düşünür ki, Keycin bu aksiyası pauzanı şişirdərək əsər səviyyəsinə çatdırmaq cəhdidir. Musiqiçilər arasında bir inam var, yaxşı ifaçını pauzasından tanımaq olar. Amma bu sirli pauza sonralar Cofiya Qubaydulinanın “Stimmen. Verstummen...” (Eşidilir. Susdu...) əsərində yenə “səsləndi”. Bu əsərdə lal hissə var ki, bütün alətlər susur, amma dirijor sanki musiqi səslənməkdə olduğu kimi əllərini yellətməkdə davam edir. Bu lal hissədə zalın gərginliyi son dərəcə yüksəlir. Müəllif dinləyicisinə çatdırmaq istəyirdi ki, musiqi dirijorun köməkliyi ilə içərimizdə səslənməyindədir. Amma hər dəfə zalı sükutu dinləməyə məcbur edəndə dinləyicidə etiraz baş qaldırır, çünki o, sükutu eşitmək fikrində deyil. Dinləyici bu qəbildən olan Pavel Karmanovun “Görünməyən musiqi”sini (zalda səslərin hardan gəldiyini təyin etmək mümkün deyildi), Vladimir Qorlinskinin “Widerhall-2. Tanrı nəzəri” (səhnədə kimsə yox idi, zalın pəncərələrini açıb ətrafdakı maşın səslərini zala buraxmışdılar), eləcə də açıq havada gəzinti zamanı “səslənən” başqa əsərləri anlamasa da fitə basmadı, səhnəyə pomidor tullamadı. Çünki beyninin hansısa guşəsi “Burda nəsə var” fikrindən qurtula bilmirdi.

Con Keyc özü etiraf edirdi: “Mən eşitdim ki, sükut səslərin olmaması deyil, mənim əsəb sistemimin, qan dövranımın hərəkətidir”. Bu fikri o, Harvard Universitetinin sükut kamerasında keçirdiyi zaman aldığı təəssürat altında səsləndirmişdi. Buna bənzər kamera ABŞ-ın Minnesota ştatında da var. Bu otaq dünyada ən sakit yer adını qazanaraq Ginnesin rekordlar kitabına düşüb, çünki səsin 99,99 faizini təcrid edir. Bu otaqda tam sükut içində ən çox 45 dəqiqə qalmaq mümkün olub. Səslənən dünyadan bu cür təcrid edilmə insan üçün çox üzücüdür. Burada oturanlar deyir ki, adamı səs-küy yox, sükut daha çox incidir. Ətrafın səslənməsə insan tarıma çəkilmiş sim kimi səslənməyə başlayır, sanki özün səsə çevrilirsən.

Əlbəttə, insanın titrəyən sim olması, vibrasiyası ilə hətta dünya yaranışında iştirakı barədə fikir yeni deyil, əsrlər öncə Şərq filosoflarının əsərlərində nəfis şəkildə tərtib edilib. XX-XXI əsrlərdə səsə və sükuta bu qədər azadlıq vermiş Qərb bəstəkarları da Şərq fəlsəfəsindən ilhamlandıqlarına görə indi “Yer üzündə dinlənilə bilməyən heç nə yoxdu” deyəcək qədər cəsarətlidirlər. Hamı da bilir ki, incəsənət imitasiyadır, bəzən kamil yaradılmışların öz üsulu ilə, bəzən nisbətən uğursuz təkrarıdır. İncəsənəti səhnəyə dırmaşdırmış Qərb ideyası (incəsənət mərkəzdə olmalıdır) “incəsənət hər yerdə” Şərq konsepsiyası ilə toqquşaraq səhnə ilə həyat, səs və sükut, səs və küy arasındakı sərhədləri silə bildi. İndi səs-küy də, sükut da musiqidir, çünki səslənir və insana təsir edə bilir. Sadəcə coğrafi mövqeyimiz Şərq və Qərb arasında olsa da, mənəvi cəhətdən heç birinin varisi deyilik. Nə bardaş qurub meditasiya edənləri, nə də azad cəmiyyət quranları qəbul edirik.

Ola bilər, biz nə qədər sağıq sükutun nə olduğunu həqiqi mənasında bilə bilmərik. Amma səsə azad olmaq şansı verən bizim anlamda “qəribə hoqqabazlar”ı, bəstəkarları heç olmasa anlamağa cəhd etməliyik. Axı onlar düşünür ki, musiqi əsəri “bəyənirəm, bəyənmirəm” qiymətləndirilməsindən, simpatiya-antipatiya kateqoriyalarından azad olmalıdır. Bu ideya azad cəmiyyətlərdə səslənən nadir fikirlərdən biridir. Şərqdə deyirlər ki, musiqi səslərdən ibarət deyil, səs özü artıq musiqidir. Onun başına daha bir hoqqa açmaq da lazım deyil. Sadəcə eşitməyi öyrənməliyik.

Hamı bilir, sükut yoxdur. Bu bir anlaşılmayan qorxu, mümkünsüzlük, çatışmazlıqdır. Dinləyicilərin musiqi salonlarında sükut kimi dilnlədikləri də əslində yoxdu. Həyat daha maraqlıdır. Zalda deyinən, hətta tum çırtlayan dinləyici yağış damlalarının səsindən daha qiymətlidir. Karlxayn Ştokhauzen məruzələrində deyirdi ki, musiqi dinləmək qarşılıqlı münasibət və əlaqələr barədə məlumat almaqdır. Musiqini hətta bu qədər məsum münasibətlərdən azad etmək, səsi insandan ayıra bilmək, səsi insan emosiyalarını dalına şələyib gəzdirən “sevimli araba” rolundan azad etmək əslində çox böyük azadlıq ərazisi cızır. Necə olursa olsun, klassik qablaşmada, meyxana ritmində, caz improvizəsində musiqi insanı özünü eşidəcək məqama qədər transpozisiya edir. Bu fikri də hər kəs anlayır. Bəs niyə sərhədlərin açılmasından bu qədər hürkürük?

... Azadlıq həmişə qorxudur.

P.S. Allah bizimlə sükut dilində danışır, yerdə qalanı pis tərcümədir. (Ekhart Tolle)

"MediaPost"

Xəbərlər departamenti

Gündəm