Sumqayıtda zavodda yanğın söndürüldü (YENİLƏNİB)
07.08.2020 16:14 Gündəm Hadisə

Sumqayıtda zavodda yanğın söndürüldü (YENİLƏNİB)

FHN Sumqayıtda etilen-polietilen zavodunda baş verən yanğınla bağlı növbəti dəfə məlumat yayıb.

FHN-dən “MediaPost”a verilən məlumata görə, Sumqayıt şəhərində SOCAR-ın "Azərkimya" İstehsalat Birliyinin Etilen-Polietilen zavodunun ümumi sahəsi 1200 m2 olan qazayırma sahəsində qaztəmizləmə kolonunun içərisində yanacaq qalıqları yanıb. Digər avadanlıqlar, kommunikasiya xətləri və yaxınlıqdakı istehsalat sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın zamanı zavodun 7 nəfər əməkdaşı müxtəlif xəsarətlərlə xəstəxanaya aparılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

14:27

Sumqayıtda etilen-polietilen zavodunda baş verən yanğın söndürüldü. 

FHN-dən “MediaPost”a verilən məlumata görə, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində SOCAR-ın “Azərkimya” İB-nın Etilen-Polietilen zavodunda baş verən yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Sumqayıtda etilen-polietilen zavodunda yanğın baş verib.

FHN-in mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva “MediaPost”a bildirib ki, yanğın məhdudlaşdırılıb. 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının geniş əraziyə yayılmasının qarşısını alıb. 

8 nəfər yaralanıb. 

***

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini​ İbrahim​ Əhmədov deyib ki, Sumqayıt Etilen-polietilen zavodu üç gündür dövrü təmirə dayandırılıb. Hazırda zavod fəaliyyət göstərmir və yanğın istehsalat prosesi çərçivəsində baş verməyib.

Onun sözlərinə görə, ilkin ehtimal budur ki, hadisə qaynaq işləri zamanı baş verib: “Ehtimal edilir ki, ola bilsin, podradçı tərəfindən aparılan qaynaq işləri zamanı alışma baş verib. Amma bu, araşdırmalardan sonra dəqiqləşdiriləcək. Qısamüddətli alışma olub. Zavoda hər hansı zərər dəyməyib. Lakin bir neçə əməkdaş xəsarət alıb. Xəsarət alanlar arasında həm SOCAR-ın, həm podradçı “Azfen” şirkətinin əməkdaşları​ var. Xəsarət alanların vəziyyəti orta ağırlıqda dəyərləndirilir. Onlar xəstəxanaya yerləşdirilib”.

****

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib ki, baş verən yanğında yeddi nəfər xəsarət alıb: “Onlardan birinə ambulator yardım göstərilib. Digər altı nəfər Bakıya, yanıq mərkəzinə göndərilib və birinin vəziyyəti ağırdır”. 

****

 

Xəbərlər şöbəsi

Gündəm