Sürücü mədəniyyəti, yaxud biz niyə tələsirik?
24.12.2019 07:34 Fikirlər

Sürücü mədəniyyəti, yaxud biz niyə tələsirik?

İspaniyanın Barselona şəhərində nizamlanmayan yolayrıcında maraqlı bir hal yaşanır. İşıqfor yoxdur, amma heç bir tıxac yaranmır. Belə ki, orada sürücülər arasında yazılmayan bir qayda var. Hər tərəfdən 6 avtomobil keçir, digərləri isə gözləyir. Nəticədə bu yazılmamış qanun nəticəsində sürücülər arasında qarşılıqlı razılaşma əsasında heç bir tıxac da yaranmır.

Bir müddət əvvəl Minsk şəhərindən görüntülər sosial şəbəkələrdə yayılmışdı. İşıqforda gözləyən sürücülər öz aralarında təxminən 2 avtomobilin sığacağı qədər ara məsafəsi saxlamışdılar. Bütün zolaqlar üzrə avtomobillər bu cür nizamlı dayanmışdılar.

Fransada olan azərbaycanlı bir jurnalist deyir ki, fransız həmkarı ilə avtomobillə bir şəhərdən digərinə gedir. İki istiqamətli yolda hərəkət edən zaman birdən fransız yolu səhv getdiyini bildirir. Sağa dönməli olduğunu deyir. Ardınca isə 30 kilometr məsafədən sonra dairə olduğu və yalnız oradan geri dönə biləcəyini qeyd edir. Tamamilə boş olan yol, əks istiqamətə qayıtmaq üçün hər hansı arakəsmənin olmadığını görən azərbaycanlı həmkarımız sürücüyə niyə buradan dönmədiyini sual edir. Axı burada heç bir arakəsmə yoxdur. Cəmi 2 kilomet uzaqlaşmışıq. Rahatlıqla geri dönüb gedə bilərik deyəndə, fransız sadacə şoka düşür. Bunun qanunla qadağan olduğunu və belə bir addımı ata bilməyəcəyini söyləyir. Həmkarımızın “bizdə bu adi haldır, axı heç bir təhlükə yoxdur, yol polisi, kamera yoxdur niyə dönmürsən” deməsi isə fransızı daha da heyrətləndirir.

Sürücü mədəniyyəti, yaxud biz niyə tələsirik?

Bu əhvalatın isə nə dərəcədə həqiqət olub-olmadığını dəqiq bilməsək də, bu barədə çox danışılıb. Əhvalata görə, Almaniyada avtobanda avtomobili geriyə idarə edən azərbaycanlı sürücünü alman sürücü arxadan vurur. Hadisə yerinə gələn polisə alman deyəndə ki, digər sürücü avtobanda geriyə hərəkət edib və hadisə ona görə baş verib, alman polisi həmin alman sürücünün psixoloji xəstə olduğunu əsas gətirərək onu həkimə aparır.

Bütün bu misalları çəkməyimiz səbəbsiz deyil. Azərbaycanda bunun alternativləri necədir? Ümumiyyətlə sürücü mədəniyyəti hansı səviyyədədir?

Təəssüf ki, bu barədə heç də yuxarıda sadaladığımız misalları çəkə bilməyəcəyik. Azərbaycanda sürücülərin, ümumiyyətlə elə piyadaların da bir qlobal problemi var. Hamı harasa tələsir. Bütün baş verən qəzalar, tıxacların da kökündə bu psixoloji problem dayanır.


Həmçinin oxu: Sərnişinlərin həyatı ilə “oynayan” avtobus sürücüləri yenidən “fəallaşıb”


İlk çəkdiyimiz misalda olan sürücü mədəniyyəti təəssüf ki, bizdə mümkün deyil. Nizamlanmayan yolayrıcında iki qayda hökm sürür. “Yol mənimdir” deyərək digər sürücüləri nəzərə almayanlar ilə tələsərək digərinin yoluna çıxanlar arasında olan “mübarizə” tıxaca səbəb olur. Artıq iki sürücünün sözünün “çəp” gəlməsi ilə yaranan qarşıqlıqda hər kəs özünün yolayrıcına yetirməyə çalışır. Nəticədə yol bağlanır və hərəkət dayanır.

Ara məsafəsinin saxlanması isə ümumiyyətlə problemdir. Baş verən qəzaların əksəriyyəti elə bu səbəbdən baş verir. Bəs görəsən sürücülər niyə ara məsafəsi saxlamır? Burada da ənənəvi “tələsmək” məsələsi yenə gündəmə gəlir. Çünki ən intizamlı sürücü ara məsafəsi saxlaya bilmir. Bunu edən kimi “harasa tələsən” bir sürücü qəfildən peyda olaraq həmin məsafəyə daxil olaraq bir maşın “qabağa düşür”. Odur ki, sürücülərimiz arasında bu sahədə də ciddi problemlər var. Nəticədə zəncirvari qəzalar qaçılmaz olur.

Sürücü mədəniyyəti, yaxud biz niyə tələsirik?

Ən böyük təhlükə mənbəyi olan manevr qaydasının pozulması, qırmızı işıqdan keçmək, əks istiqamətdə hərəkət etmək artıq adi hala çevrilib. Bu cür sürücülər qınaq obyektinə çevriləndə isə mütləq hər birinin ya evdə, ya maşında xəstəsi olur, yaxud işə gecikir, ən yaxşı halda isə “cavanlıq etdiyini” əsas gətirir.

Bu cür neqativ halları ictimailəşdirənlər isə “işverən”, “satqın” kimi ifadələrlə təhqir olunur. Amma elə bu sözləri deyən şəxslərinin özünün başına həmin qayda pozuntusu nəticəsində yüngül bir hadisə gəlsə bütün orqanlara şikayət məktubları ünvanlayırlar.

Qlobal məsələmiz olan tələsmək xəstliyinin isə müalicəsi təəssüf ki, hələ mümkün deyil. Çünki nə üçün, hara tələsdiyimizi özümüz müəyyən edə bilməmişik. Xəstə yanına tələsəndə ora ümumiyyətlə gedib çata bilməyəcəyimizi, maşında xəstəxanaya apardığımız xəstəni öz əlimizlə qəbrə doğru yuvarladığımızı, qırmızı işıqda keçib 5 dəqiqə ünvana tez çatacağıq deyə, əlil ola biləcəyimizi təəssüf ki, hələ psixologiyamızda özümüz üçün aydınlaşdıra bilməmişik.

P.S: Saatda 80 km sürətlə hərəkət edən avtomobil ilə 140 km sürətlə gedən avtomobilin eyni məsafəyə çatma vaxtı arasında ən yaxşı halda 5-10 dəqiqə fərq ola bilər. Bu qısa zaman üçün əzizlərimizin yolunu uzun zaman yolda qoymayaq.

Teymur Məmmədov, xüsusi olaraq Mediapost.az üçün

Xəbərlər departamenti

Gündəm