Sürücülərə yaradılan süni əngəl: Parklama niyə problemə çevrilib?
09.01.2020 11:51 Fikirlər

Sürücülərə yaradılan süni əngəl: Parklama niyə problemə çevrilib?

Ötən ildən başlayaraq Bakı Nəqliyyat Agentiliyi paytaxtda tıxacın aradan qaldırılması məqsədilə yol kənarında dayanan avtomobillərlə bağlı ciddi tədbirlər görməyə başladı. Qısa zamanda dayanma-durmanın qadağan olunduğu ərazilərdə avtomobil saxlayan sürücülərə qarşı sərt addımlar atıldı.

Şəhərin müxtəlif hissələrində yerləşdirilən müşahidə kameraları vasitəsilə qeydə alnınan görüntülər vasitəsilə belə sürücülərə cərimələr tətbiq olundu. Bəzi sürücülər bu addımı normal qarşılasalar da, bir çoxları isə əksinə, sözügedən tədbirlərə müsbət reaksiya vermədi.

Vətəndaşların etirazına səbəb olan əsas amil parklanma yerlərinin qıtlığı ilə əlaqədardır. Bu da azmış kimi, bəzi obyekt sahibləri öz ərazilərinə daxil olan yerlərə kənar şəxsləri buraxmamağa başlayıb. Belə ki, hansısa bir obyektə yaxın bir ərazidə maşını saxlamaq üçün ya oranın müştərisi olmalısan, ya da yerin pulunu ödəməlisən. Bu da təbii ki, vətəndaşın haqlı narazılığına səbəb olur.

Bu cür qanunsuz hallarla qarşılaşan vətəndaşlar nə etməlidir? Bu halları aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı “MediaPost”a açıqlama verən yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki,bu cür hallar xüsusilə Bakı şəhərində hələ də davam etməkdədir:

Sürücülərə yaradılan süni əngəl: Kim

“Bəzi mərkəzi küçələrdə, hərəkətin çətin olduğu yerlərdə bir çox idarə və müəssisələr, xüsusən özəl təşkilatlar belə özbaşınalıqlara yol verirlər. Lakin yol hərəkəti ilə bağlı olan qanunda heç kimə icazə verilmir ki, parkinq üçün hansısa bir yeri zəbt etsin. Bakı şəhərində parklanma üçün icazəni yalnız Bakı Nəqliyyat Agentliyi verə bilər və bu işdə bəzi səlahiyyətlər bələdiyyələrə məxsusdur. Qalan heç bir qurumun parkinq yaratmaq və yolu zəbt edib parklanma üçün öz istifadəsində saxlamaq səlahiyyəti yoxdur. Lakin təəssüflər olsun, biz Bakı şəhərində bunu tez-tez müşahidə edirik. Xüsusilə diplomatik korpusların qarşısında bu baş verir. Eləcə də özəl şirkətlərin, məsələn, bankların, otellərin qarşısında biz bunu görürük. Hətta mənim də bununla bağlı bir mübahisəm olub. Nəhayət, otel rəhbərliyinə başa sala bildim ki, sizin söz sahibi olduğunuz yeganə yer otelin daxilidir. Siz oteldən kənarda heç bir hüquqa sahib deyilsiniz”.

Ekspert həmçinin “P xidməti” adlanan nişanla bağlı iradlarını bildirib və bunun qeyri-qanuni olduğunu vurğulayıb:

“Bunu da deyim ki, ölkə yollarında “P xidməti” adlanan bir nişandan istifadə olunur. Guya bu xidməti parkinqdir və yalnız yerləşdiyi yerdəki obyektin ərazisinə aidliyi göstərir. Amma Yol Hərəkəti Haqqında olan qanunda belə bir nişan, ümumiyyətlə, mövcud deyil. Və bunun tətbiq edənlər də qanunsuz iş görürlər. Düşünürəm ki, yol polisi, Bakı Nəqliyyat Agentliyi bu cür qanunsuz hərəkətlərə yol verənlərə qarşı çox ciddi mübarizə aparmalıdır. Heç kimin özbaşına olaraq yola sahiblik iddiasında olmamalıdır. Yol hamının istifadəsindədir. Parklanma qadağan deyilsə, hər kəs istədiyi yerdə nəqliyyat vasitəsini saxlaya bilər. Bir də görürsən maşını saxlayırsan, biri gəlir ki, burada parklamaq olmaz, klinikadır, bankdır, marketdir. Qanunda belə şeylər yoxdur. Bu cür qanunsuz parklanma halları zamanı vətəndaş sadəcə aidiyyatı qurumlara öz şikayətini edə bilər. Başqa edə biləcəyi bir şey yoxdur. Çünki belə qanunsuzluqlarla aidiyyatı qurumlar mübarizə apara bilər”.

“MediaPost”

Xəbərlər departamenti

Gündəm