Şuşalı Əsra 6 aydan sonra eyni kürsüdən artıq "mən köçkün deyiləm" dedi
13.11.2020 11:30 Hərbi

Şuşalı Əsra 6 aydan sonra eyni kürsüdən artıq "mən köçkün deyiləm" dedi

“Mən Şuşadanam. Atam da, anam da, babam da, ulu babalarım da Şuşadandır. Mən təəssüf ki, Şuşada böyüməmişəm. Biz Şuşanı görməmişik. Yaşadığımız hissləri yəqin ki, anlayırsınız. Mən Şuşa haqqında valideynlərimdən eşitmişəm. Bilirəm ki, məni anlayırsınız. İstəyirəm ki, hisslərimi dünyaya çatdırasınız. Qoy, duysunlar ki, şuşalı olub Şuşanı görməmişəm. Şuşalıyam, fəqət anam mənə Şuşada lay-lay deməyib. Şuşalıyam, Şuşanın dağlarını görməmişəm. Şuşalıyam, Şuşanın bulaqlarının suyundan içməmişəm. Şuşada çıxan Xarıbülbülü görməmişəm. Şuşalıyam, Şuşada Qarabağ şikəstəsini dinləməmişəm" - bunu Milli Məclisin bu ilin 8 may tarixində keçirilən iclasında Şuşanın işğalının 28-ci ildönümü ilə bağlı parlamentə dəvət edilmiş şuşalı qız Əsra Məmmədli parlamentin tribunasından demişdi.

"MediaPost" xəbər verir ki, bu gün Milli Məclisin payız sessiyasının növbəti plenar iclası “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti haqqında” şuşalı qız Əsra Məmmədli parlamentin tribunasından yenidən çıxış edib.

O sevinərək "mən Şuşalıyam və mən artıq köçkün deyiləm və bizim ailəmiz doğma evimiz, Şuşaya qayıdır" ifadəsini səsləndirib. Əsra Məmmədli Azərbaycanın tarixi şəhərinin erməni işğaldan azad olunması münasibəti ilə, bütün Azərbaycan xalqını təbrik edib, Ali Baş Komandan, Azərbaycan Ordusuna Şuşalılar adından təşəkkürünü bildirib: "Qoy, dünya anlasın və bilsin ki, Şuşa bizim doğma torpağımızdır. Şuşa Azərbaycandır! Qarabağ Azərbaycandır!".

 

Xəbərlər departamenti

Gündəm