Taksi sürücüləri bu qədər vergi ödəyəcək - DƏYİŞİR
22.04.2020 09:57 İqtisadiyyat

Taksi sürücüləri bu qədər vergi ödəyəcək - DƏYİŞİR

İqtisadiyyat Nazirliyi tərəfindən Vergi Məcəlləsinə dəyişikliklər paketi hazırlanıb. Belə ki, pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergiödəyicilərinə 2021-ci il yanvarın 1-dək olan dövr üzrə bir sıra vergi güzəştləri və vergi tətilləri təklif olunur.

Bu təkliflərdən biri də ölkədaxili sərnişindaşıma fəaliyyəti üzrə sadələşdirilmiş vergi məbləğinə 50 faiz güzəştin verilməsi ilə bağlıdır.

Bəs bu güzəşt kimlərə şamil olunacaq və vergi məbləği necə dəyişəcək?

Məsələ ilə bağlı "MediaPost"a açıqlama verən vergi sahəsi üzrə ekspert İsmayıl Bağırov bildirdi ki, bu güzəşt həm taksi fəaliyyətinə, həm də avtobuslarla sərnişindaşımaya şamil olunur:

"Burada sadələşdirilmiş vergi məbləğində güzəşt 50% nəzərdə tutulur. Sərnişindaşıma üzrə sadələşdirilmiş vergi avtobuslarda bir oturacaq üzrə 1,8 manat müəyyən olunub. 50% güzəştin tətbiqi ilə bu məbləğ 0,9 manat təşkil edəcək".

"Taksi fəaliyyəti üzrə sadələşdirilmiş vergi məbləği isə 1 nəqliyyat vasitəsi üçün 9 manat həcmindədir. Güzəştin tətbiqi ilə vergi məbləği 4,5 manata enəcək. Bakı şəhərində bu məbləğin 2 əmsalı ilə hesablandığını nəzərə alsaq, bu zaman sabit vergi məbləği 18 manat yox, 9 manat olacaq", - deyə, ekspert əlavə edib.

Qeyd edək ki, Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında sərnişindaşımada vergi məbləği 2 əmsal, Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında 1,5 əmsal, digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında 1 əmsal tətbiq olunmaqla hesablanır.

Xəbərlər departamenti

Gündəm