Taksilərdə arakəsmənin quraşdırılması yoluxmanın qarşısını almaq üçün önəmlidir - RƏY
15.04.2020 13:13 İqtisadiyyat

Taksilərdə arakəsmənin quraşdırılması yoluxmanın qarşısını almaq üçün önəmlidir - RƏY

Koronavirus (COVID-19) xəstələyinin geniş yayılmasının qarşısının alınması məqsədi ilə ictimai nəqliyyatda qabaqlayıcı tədbirlər görülür. Bu tədbirlərdən biri kimi yaxın günlərdə Bakı Nəqliyyat Agentliyi (BNA) taksi minik avtomobillərində arxa oturacaqlar arasında arakəsmələrin quraşdırılmasını tövsiyə etdi.

Bu arakəsmələrin quraşdırılması yoluxma riskinin azaldılması baxımından nə dərəcədə önəmlidir? Bəs hazırda fəaliyyət göstərən taksilər bu tövsiyəyə əməl edirmi?

Məsələ ilə bağlı "MediaPost"a açıqlama verən nəqliyyat üzrə ekspert Yasin Mustafayev bildirdi ki, bütün qurumlar, o cümlədən BNA koronavirusla mübarizəyə öz töhvəsini verir:

"Müxtəlif qurumlar virusun geniş yayılmasının qarşısını almaq üçün əllərindən gələni edirlər ki, bu da təqdirəlayiqdir. Bu tədbirlərdən biri də taksilərdə ön cərgə ilə arxa cərgənin arasını bağlamaq və dolayısı ilə sərnişin və sürücü arasındakı birbaşa təması aradan qaldırmaqdan ibarətdir. Bu, izolyasiya tədbirləri çərçivəsində çox önəmli bir addım sayılır. Bir sıra xarici ölkələrdə də bu kimi tədbirlərin həyata keçirilməsinin şahidi oluruq və bu tədbirin effektiv olduğunu deyə bilərik. Çünki sərnişin və sürücü arasında təmas nə qədər az olarsa, yoluxmanın qarşısını almaq da bir o qədər mümkün olar. Kimin virus daşıyıcısı olduğunu bilmək olmadığı üçün sürücü və ya sərnişinin birindən digərinə yoluxma hadisəsinin baş verməsi hər bir halda mümkün olur".

Ekspertin sözlərinə görə, arakəsmələrin quraşdırılmasını virusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlər sırasına daxil etmək olar:

"Digər nəqliyyat vasitələrində, məsələn, bəzi avtobuslarda sürücü ilə sərnişinlər arasında müəyyən güzgü və baryer var. Bu da həm təhlükəsizlik, həm də indiki vəziyyətdə epidemiyanın yayılmaması baxımından əhəmiyyətlidir. Həmin baryerin taksi nəqliyyat vasitələrində də tətbiq olunması önəmlidir".

Ekspert hazırda taksilərin sözügedən tövsiyəyə nə dərəcədə əməl etdiyindən də danışıb:

"Hazırda bir çox qurumlar və müəssisələr fəaliyyət göstərmir. Bu arakəsmələrin rahatlıqla əldə edilməsi və onun quraşdırılması indiki dövrdə bir az çətindir. Çünki bu sahədə fəaliyyət göstərənlər də hazırda karantin rejiminə əməl edirlər. Lakin taksi fəaliyyəti göstərən sürücülər arasında bu arakəsmələri edə bilənlər var. Ümumiyyətlə isə hazırda arakəsmələrin tam olaraq bütün taksilərdə tətbiqi çətindir. Bu tövsiyəyə zamanla əməl olunacaq. Hətta bu tövsiyə qanun çərçivəsində həll olunarsa, yəni karantin qaydalarında öz əksini taparsa və məcburi olarsa, bu zaman bunu daha tez şəkildə həyata keçirmək mümkün olar".

Xəbərlər departamenti

Gündəm