Taleh Yüzbəyov: "Buna görə hər hədisi Quran ayəsi kimi qəbul elətdirə bilirlər"
28.01.2020 14:46 Mədəniyyət

Taleh Yüzbəyov: "Buna görə hər hədisi Quran ayəsi kimi qəbul elətdirə bilirlər"

"Facebook" səhifələrindən biri tanınmış video-bloger, aktyor Taleh Yüzbəyovun şəklini paylaşaraq müsəlmanları geridəqalmış adlandırmaqda ittiham edib. Bu paylaşımın rəy bölməsində bəzi sosial şəbəkə istifadəçiləri aktyoru təhqir edib.

"MediaPost"un xəbərinə görə, T.Yüzbəyov bununla bağlı açıqlama verərək onun haqda deyilənlərin yanlış olduğunu bildirib:

"Özünü dini bir səhifə kimi qələmə verən bir Facebook səhifəsi bugünlərdə mənim şəklimi paylaşaraq, dini bir mem hazırlayıb, məni müsəlmanları geridəqalmış adlandırmaqda ittiham edərək, yaxşı like-lar yığıb. Bir video, bir status, bir komment misal gətirin ki, mən belə bir söz işlətmişəm. Like-a görə hər şey eləməzlər. Özü də özünü müsəlman kimi təqdim edirsənsə... Mən heç kəsin dini baxışına, dini inancına lağ etməyi etik saymıram".

Dini baxşına görə, ateist olmadığını söyləyən aktyor qeyd edib ki, heç vaxt bu mövqeni tutmayıb: "Din mövzusunda 2016-2017-ci ildə 2 video hazırlamışam. İkisi də İslam dininə aid olub. Çünki özümü müsəlman kimi görmüşəm. Özümün aid olduğu dinin tənqid olunası yerləri haqda video çəkmişəm. Və heç bir video lağ xarakteri daşımayıb. Başqa dinlərə bunu edə bilmərəm, çünki onlara aid deyiləm".

"İkincisi, o videoya komment yazıb məni və təhqir edənlər var. Belə sürü halında heç nəyi araşdırmadan, heç nəyi dəqiqləşdirmədən fikir bildirməyin. Elə heç nəyi araşdırmadığınıza görə sizə hər hədisi Quran ayəsi kimi qəbul elətdirə bilirlər. Əgər bu gün bir Facebook admini sizi idarə edə bilirsə, sabah daha ciddi qurumlar lap asan idarə edəcək. Əgər müsəlmansınızsa, demək qiyamətə inanırsınız. Əgər buna inanırsınızsa bizimki qalsın qiyamətə. Allaha əmanət olun" - sonda Taleh Yüzbəyov əlavə edib..

"MediaPost"

Xəbərlər departamenti

Gündəm