Tamaşaçı orijinal söyüş axtarışında: "Bu, aktyor üçün problem deyil, amma..." - ŞƏRH
04.12.2019 07:35 Fikirlər

Tamaşaçı orijinal söyüş axtarışında: "Bu, aktyor üçün problem deyil, amma..." - ŞƏRH

Uşaqlıqdan bəri izlədiyimizekran işləri hələ də xatirələrimizdə yaşayır.

Filmlərdəki səhnələrin keyfiyyəti qədər onun səsləndirilməsi də böyük önəm kəsb edir.

Bu nüans izləyicini ekrana kilidləyən əsas vasitələrdən biridir. Bəzən personajın üz cizgilərinə uyğun olmayan, ani reaksiyanı səsində düzgün hiss etdirməyən səsləndirmələrə də rast gəlirik. Bütün bu qüsurlar film nə qədər keyfiyyətli çəkilsə də, onun izləyici tərəfindən sevilməsinə mane olur.

Vaxtaşırı mətbuatda, o cümlədən sosial mediada Azərbaycanda dublyajın düzgün icra edilmədiyinə dair tənqidlər yer alır. Bununla yanaşı, vulqar ifadələrin yanlış tərcümə edilməsi müzakrə mövzusu olur. Tamaşaçı filmdəki bütün sözlərin orijinal şəkildə Azərbaycan dilinə çevirilməsinin tərəfdarı olduğunu ifadə edir. Həmçinin ümumiyyətlə, dublyajın keyfiyyətinin aşağı olması da narazılıqla dilə gətirilir.

Hazırda Azərbaycanda dublyaj sahəsində vəziyyət necədir? Edilən tənqidlər yerindədirmi?

Mövzu ilə bağlı Mediapost.az-a açıqlama verən gənc aktyor və rejissor Kamal Yaşar bildirib ki, bu sahəyə ciddi diqqət ayrılmasa, yaxın gələcəkdə elə də effektiv dəyişikliyin olacağına inanmır:

Tamaşaçı orijinal söyüş axtarışında: Bu, aktyor üçün problem deyil, amma...

“Düşünürəm ki, bizim tamaşaçılar əslində yerli dublyajı yetərincə sevgiylə dinləyir . Xüsusi istisnalar var. Dublyajla bağlı sosial şəbəkədə ələ salınan mövzular bəzən qabardılır. Deyirlər, niyə “fuck” söyüşünü “əclaf” kimi çevirirlər və bu kimi başqa sözləri də doğru dublyaj edilmədiyi üçün qınaq obyektinə tuş gəlirlər. Ancaq bunu deyən adam nəzərə almır ki, o sözü söyüşlə və aşırı ləzzətlə demək dublyaj aktyoru üçün qətiyyən problem deyil. Biz sadəcə uşaqlar bu cür ifadələri eşitməsin deyə, elə səsləndirmirik. Çünki televiziya evlərə sərhədsiz giriş edir. Bu baxımdan bəzi etik normalar məcburən gözlənilməlidir. Ancaq bəzi platformalar var ki, biz orada rahat şəkildə fikrimizi ifadə edirik. Çünki yetkin tamaşaçı ora artıq məqsədli olaraq daxil olur. İngilis dilini təmiz bilsəm, əlbəttə mən də sevdiyim filmlərə orijinaldan baxmaq istəyərdim”.

Aktyor Azərbaycanda dublyaj sifarişçilərinin film seçimlərində ciddi problem olduğunu bildirib:

“İnsanlarımız türkçə dublyajlara ona görə çox müraciət edir ki, türklər xüsusi festival filmlərini daha tez çevirirlər. Bizdə isə bu proses belə həyata keçmir. Çünki dublyaj sifarişçiləri olan rəhbərlərin film zövqlərində ciddi problemlər var. Məsələn, siz indi heç bir televiziyada 2019-cu ildə Kann festivalında "ən yaxşı xarici film" nominasiyasında qalib olmuş Koreya filmi "Parazitlər"i, yaxud həmin festivalın Qran-pri mükafatını qazanan "Atlantque" filmini izləyə bilməzsiniz. Çünki televiziyalar bu işə zövqdən çox zavod kimi baxır. Bu isə ayrıca bir problemdir. Amma dünyada, həmçinin bizdə də zövqlü tamaşaçılar var və onlar məcburən axtarış edirlər”.

Tamaşaçı orijinal söyüş axtarışında: Bu, aktyor üçün problem deyil, amma...

Kamal Yaşar televiziya efirlərində vulqar sözlərin səsləndirilməsinin düzgün olmadığını söyləyib:

“Vulqar ifadələrin televiziya efirindən səsləndirilməsi doğru deyil. Ona görə də, kamuflyajdan istifadə olunur. Belə dublyajlar azad platformalarda edilir. Bu, bir az da semantik çalarlı məsələdir. Yəni istənilən halda xarici filmdə "fuck" eşidən adam dilimizdəki qarşılığı olan söz kimi təsirlənmir, həyəcan duymur. Bu, həm də bir dil hadisəsidir. Yəni inanın ki, o dili bilsə belə, duyduğu elə həm hərfi, həm də mənəvi anlamda "fuck"dır. Bir şey də var ki, film söyüşdən ibarət deyil, vulqar ifadələr sadəcə müəyyən hiss və həyəcan anında vacibdir. Bütün dublyajı buna görə ləkələmək olmaz”.

Tamaşaçı orijinal söyüş axtarışında: Bu, aktyor üçün problem deyil, amma...

Mövzuyla bağlı Mediapost.az-a açıqlama verən film prodüseri Orxan Mərdan bildirib ki, dublyajla bağlı son illərdə bəzi addımların atılıb, lakin hələ də bir irəliləyiş olmayıb:

“Tamaşaçıların televiziya dublyajlarına inamsızlığı hələ də davam edir. Bir neçə özəl şirkətlər kinoteatrlar üçün dublyajlara cəhd göstərsə də, effekt vermədi. Azərbaycanda hələ də film tərcüməsi ciddi qəbul olunmur. Çünki dublyaj olunan ekran işlərində texniki, hətta səsləndirən aktyorların oyunları belə qeyri-səmimi alınır. Həm də bizim millətdə sovetlərdən qalma bir rus dilində film izləmə alışqanlığı var və qulaq o səsə, keyfiyyətə öyrəşdiyi üçün yerli dublyajlara laqeydlik göstərilir. Nəzərə alsaq ki, bizim çox yaxşı dublyaj ənənəmiz var, məhz buna görə də, düzgün yanaşma olsa insanları öz dilimizdə filmlərə inandıra bilərik”.

Ekspert insanlarımızın öz dilində vulqar söz eşitdikləri zaman bunu qeyri-adi qarşılaması məsələsinə də münasibət bilirib. O.Mərdan bu məsələnin mentallıqdan qaynaqlandığını söyləyib:

“Vulqar söz eşidərkən aqressiya ilə qarşılanmanın kökündə mentalitet dayanır. Bu problem aktyorlar üçün də çətinlik yaradır və onların fəaliyyətini məhdudlaşdırır. Lakin inanıram ki bu, nə vaxtsa, öz həllini tapacaq”.




Xəbərlər departamenti

Gündəm