"Tamaşaçı səni daim gümrah görmək istəyir” - Aparıcı Ceyhun Əli ilə MÜSAHİBƏ
19.11.2019 08:00 Fikirlər

"Tamaşaçı səni daim gümrah görmək istəyir” - Aparıcı Ceyhun Əli ilə MÜSAHİBƏ

Mediapost.az müxtəlif televiziya kanallarında və böyük tədbirlərdə aparıcılıq etmiş, hazırda bu sahədə fəaliyyət göstərən tanınmış sima Ceyhun Əlidən müsahibə alıb. O, natiqlik sənətinin incəliklərindən danışmaqla yanaşı, necə peşəkar natiqə çevrilməyin yollarından söhbət açıb. C.Əli həmçinin efirdə aparıcılığın hansı səviyyədə olduğundan danışıb.

Müsahibəni təqdim edirik:

- Uzun illərdir həm televiziya kanallarında, həm də çoxlu sayda müxtəlif formatlı tədbirlərin aparıcısı olaraq çıxış edirsiniz. Yəni təcrübəli natiqsiniz. Sualım sadədir. Bu sənətdə ən vacib amil nədir? Bir natiq, aparıcı olaraq necə uzun illər dayanmadan auditoriyanızın marağını cəlb edə bilirsiniz?

- Sualda da qeyd etdiyiniz kimi, nitq incəsənətin növüdür. Sözə sənət növü olaraq nəfəs verilməsi qədim sivilizasiyalardan başlayıb. Daha dərindən düşündükdə dünyanın sözlə və səslə yarandığını anlayırsan. Nitqin bir mədəniyyət növü olaraq qəbul edilməsi fikrin, təfəkkürün, dilin zənginliyi ilə bağlıdır. Mənim üçün nitq mədəniyyətində ən vacib amil sözün səsli təsvir edilməsini, onun canlandırılmasını dərk etməkdir. Söylənilən fikir, mülahizə, sözlə təsvir olunan hiss-həyəcan natiqin, çıxışçının nitqi ilə canlandırılır. Sanki sözə həyat verilir. Bu mənada söz fikrin eşidilən, duyula bilən qiyafəsidir. Sualınızın ikinci hissəsinə gəldikdə isə mən aparıcı olaraq gücü və enerjini daha dəqiq desək, sevgini səhnədə və auditoriyada tamaşaçılardan alıram. Əgər efirdə kamera ilə ünsiyyətdə bu qapalı şəkildə baş verirsə, səhnədə və auditoriyalarda həmin enerjini daha aydın hiss etmək olur. Bu, ünsiyyətin fərqli, sözlə təsvir edilməsi asan olmayan tərəfidir.

- Bir natiq olaraq məkan işinizə necə təsir edir? Tədbirlər zamanı nisbətən kiçik auditoriya ilə üzbəüz dayanmaqmı, yoxsa kameradan böyük auditoriyaya danışmaqmı daha çətindir?

- Hər iki vəziyyət fərqli yanaşma tələb edir. İşlədiyin məkanın ekrana çıxan proqrama və ya keçirilən tədbirin keyfiyyətinə təsiri böyükdür. Bununla efir və tədbir tərtibatçıları məşğul olur. Amma çıxış etməzdən əvvəl aparıcı üçün səhnənin hansı şəkildə tərtib edilməsini görmək mütləqdir. Bu, çıxış zamanı özümü daha rahat hiss etməyimə kömək edir. Efir, yoxsa auditoriyada çıxış etmək fərqinə gəldikdə isə hər birinin ayrılıqda öz məsuliyyəti var. Əsas şərt həmin çıxışa necə hazırlıqlı olmaqdır.

- Oxucularımız üçün televiziya aparıcılığı ilə tədbir aparıcılığını müqayisə edə bilərsinizmi? Hansında nələrin edilməsi vacibdir və nələrdən qaçılmalıdır?

- Televiziya və radio aparıcısı, səhnə və tədbir aparıcısı, yaxud diktor peşəsi natiqlik sənətinin istiqamətləridir. Önəmli olan aparıcı və natiqin özünü necə formalaşdırmasındadır. Efir və səhnə çıxışları texniki təchizat baxımından da fərqli tərtib edilir. Məsələn, efirdə studiya mikrofonu ilə işləmək səhnədəki mikrofonla işləməkdən daha asan gələ bilər və ya əksinə. Çıxış edən şəxsin iki istiqamətdə - efirdə də, səhnədə də faəliyyət göstərə bilməsi, onun peşəkar keyfiyyətləri ilə bağlıdır. Bu mənada nitq mədəniyyətində də "olmaz"lar var, amma onların sayı çox deyil.

- Sizcə, Azərbaycanda ictimai fəaliyyətlə məşğul olan şəxslər natiqlik bacarıqlarına hansı səviyyədə diqqət edirlər? Yaranan nöqsanları aradan qaldırmaq üçün nələrdən istifadə olunmalıdır?

- Efirdə mütəmadi çıxışlar edən, müsahibə verən şəxslərin ləhcə və şivə ilə danışdığının şahidi olursan. Düşünürəm ki, fəaliyyət sahəsindən asılı olmayaraq, hər bir şəxs daşıdığı vəzifənin ona verdiyi ünsiyyət və çıxış etmək imkanlarını nəzərə alaraq nitq, səlis danışıq normasının heç olmasa elementar səviyyəsinə yiyələnməlidir. Çünki o, ekran və auditoriya qarşısında çıxış edirsə, təmsil etdiyi qurum, daşıdığı vəzifəsi ilə yanaşı, nitqinə və danışıq tərzinə görə də məsuliyyət daşıyır. Nöqsanları aradan qaldırmağa gəldikdə isə nitq psixoloji faktordur. Hər kəs özünə "mən necə danışmalıyam?" sualını ünvanlamağı bacarmalıdır.

- Qeyd etdiyiniz kimi, bir natiqin ya da aparıcının işində ən mühüm məsələlərdən biri onun daim informasiya qəbul etməsidir. Yəni mütəmadi olaraq oxuyub öyrənərək özünüzü, paralel olaraq da nitq mədəniyyətinizi inkişaf etdirməli, səsinizi qorumalı, tədbirlərə və verilişlərə hazırlaşmalısınız. Yəqin ki, bunlardan əlavə sənətiniz və şəxsi həyatınızla bağlı başqa çoxlu işlər də görürsünüz. Bunların hamısını birlikdə necə idarə edirsiniz?

- Nəyə işarə etdiyinizi təxmin edirəm (gülür). Sevdiyin işlə məşğul olursansa, həyatını nizama salmaq daha asan olur. Amma hər bir halda daim enerjini qorumalısan, vaxtını doğru bölməlisən, doğmalarına, dostlarına vaxt ayırmalısan. Həyatımın görünməyən tərəfləri çoxdur. Efirdə və ya səhnədə isə tamaşaçı səni daim gümrah görmək istəyir. Bu onun haqqıdır. Mən bu mənada tək deyiləm. İşimin görünməyən tərəflərinin idarə olunmasına menecer və prodüserlər mənə dəstək olur. Yəni bu, komanda işidir. Buna görə onlara minnətdaram.

- Bir müddət natiqlik üzrə mütəxəssis kimi müəyyən kurslar təşkil edirdiniz. Daha çox hansı mövzulara diqqət yetirilirdi? Ümumiyyətlə, bu kurslara maraq hansı səviyyədədir?

- Sevinirəm ki, bu sahəyə maraq göstərənlərin sayı artıb. Müxtəlif peşə və sənət sahibləri nitq imkanlarını gücləndirmək və daha yaxşı ünsiyyət bacarıqlarına yiyələnmək üçün müraciət edirlər. Son dövrlər fərdi qaydada müraciət edənlərin sayı artıb. Eyni zamanda, davamlı olaraq korparativ təlimlərdə nitqlə bağlı müxtəlif mövzularda çıxışlar edir, şirkətlərdə və universitetlərdə mühazirələr oxuyuram.

- Bir az da fərqli sual verəcəyəm. Yazılı kontent sürətlə vizual və audio kontentlə əvəzlənməkdədir. İstər dünyada, istər ölkəmizdə audio kitabların istehsalı da çoxalır. Yəni kitab oxumayıb, dinləyənlərin sayı artmaqdadır. Siz bu haqda nə düşünürsünüz? Səs yazını əvəzləyə bilərmi? Natiqlik sənətinin bu prosesdəki yeri nədir?

- Diktor kimi ilk dəfə 2009-cu ildə Elxan Xanəlizadənin "Yol" əsərini audiokitab formatında səsləndirmişəm. Bu, uzunmüddətli və zəhmət tələb edən prosesdir. Kontentin formatının necə dəyişməsindən asılı olmayaraq, ötürülən informasiyanın tərkibi, predmeti aktual olaraq qalacaq. Yəni hər hansısa bir əsərin, məlumatın, informasiyanın zənginliyi, kim tərəfindən ərsəyə gətirildiyi daha önəmlidir. Siz bu informasiyanı yazılı şəkildə də oxucuya təqdim edə bilərsiniz, audio formatda da. Əsas şərt həmin əsərin, informasiyanın keyfiyyətində və oxucunun, dinləyicinin marağına səbəb olmasındadır. Səsin və sözün öz yeri var, yazının öz yeri. Müasir informasiya istehlakçısı daha asan əxzetmə və qavrama tərəfdarıdır. Natiqlik sənəti sözü və ünsiyyəti ehtiva edir. Gələcəkdə nitqin təqdimatı, tamaşaçıya ötürülmə forması başqa şəkil ala bilər, amma insan var olduqca münasibəti sözlə olacaq. Hətta sussa belə.

- Son olaraq işinizlə bağlı ən maraqlı təcrübələrinizi bizimlə bölüşə bilərsinizmi? Heç vaxt unutmadığınız, tez-tez ətrafınızdakı insanlarla müzakirə etdiyiniz nə kimi hadisələr olub?

- Akustik sistemi yaxşı qurulan auditoriyalarda səs avadanlığı olmadan danışmaq ən sevdiyim çıxış formalarından biridir və maraqlı ab-hava yaradır. Dinləyici sayı çox olsa da, xüsusi avadanlığa, yəni mikrofona ehtiyac olmadan auditoriya ilə ünsiyyət qurmaq xüsusi bir enerji formalaşdırır və bu halın davam etməsini istəyirsən. Digər bir məqam isə mətnlə bağlıdır. Bir çox tədbirlərdə formatı tələb etdiyi üçün iPad ilə çıxış etsəm də, klassik formatda, yəni mətni kağızdan oxumaqdan, üzərində hansısa qeydlər etməkdən daha çox zövq alıram. Yəni sözə həm də qələmlə toxuna bilirsən...

Xəbərlər departamenti

Gündəm